Baş tutmayan reinteqrasiya: səbəblər və perspektivlər
Qarabağ ermənisinin eyni suala 100 il, 10 il və 4 ay əvvəlki cavabı
22 Yanvar 2024
Ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra ermənilər köçməyə başlayan anda yazdım ki, reinteqrasiya baş tutmayacaq. Ona görə ki, Qarabağda ermənilərin qalması artıq mümkünsüz görünürdü. Obyektiv və subyektiv səbəbləri var idi. Bu barədə bir qədər sonra. Reinteqrasiyanın baş tutmayacağını deməyim kiməsə xoş gəldi, kimisi bunu Azərbaycan dövlətinin maraqlarına əks olan baxış bucağı kimi qiymətlənirdi, kimisi də, sadəcə, ermənilərin Qarabağı kütləvi tərk edəcəyinə inanmadı. Axı Rusiya hərbi kontingentinin regionda olmasının yeganə səbəbi məhz Qarabağ ermənilərinin burada yaşaması idi...
DÜŞÜNMƏK LAZIM İDİ
2014-cü ilinin sentyabrında Laçın yolunun perspektivlərini müzakirə etmək üçün Böyük Britaniyanın “Barışıq resursları” təşkilatı Tiflisdə müzakirələr təşkil etmişdi. Müzakirələrin moderatoru bir vaxtlar Minsk Qrupunda həmsədr kimi ABŞ-ı təmsil etmiş Kerri Kavano idi.
Britaniyadan, İsraildən, ABŞ-dan, Ermənistandan və Azərbaycandan olan ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə əslən Qarabağdan olan, o vaxt “Stepanakert Press Klubu” adlanan təşkilatın nümayəndəsi Geqam Baqdasaryana belə bir sual verdim:
“Təsəvvür edək ki, hansısa vasitə ilə münaqişə həll edilib. Qarabağdakı ermənilər azərbaycanlıların Malıbəyliyə, Kərkicahana qayıtması və onlarla yanaşı yaşaması barədə nə düşünür?”
Geqam Baqdasaryan tərəddüd etmədən dərhal cavab verdi:
“Bizdə, ümumiyyətlə, bu barədə düşünmürlər”.
Dialoqumuz bununla bitdi. Çünki artıq deyiləcək söz yox idi. Geqam Baqdasaryan reallığı deyirdi. Amma o zaman heç kim təsəvvür etmirdi ki, bu, Qarabağın erməni icmasının faciəsinə aparan reallıqdır.
100 İL GERİ QAYIDAQ
Azərbaycanın böyük mütəfəkkiri, şuşalı Mir Mövsüm Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində yazırdı:
“Bir gün müsəlman cavanlardan bir neçəsi bazara gəlib qışqıraraq dedi ki, ay müsəlmanlar, nə qafil oturmusuz? Ermənilər tökülüb Təzə məhəlləni tar-mar ediblər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi. Və həmin anda dükanlarını bağlayıb, bazar camaatının bir parası silahlarını götürüb, Təzə məhəlləyə tərəf yüyürdü. Bir parası da tüfəng və tapançalarını götürüb, bazarda olan ermənilərə hücum çəkdi. Ermənilər bu vəziyyətdən qorxuya düşüb, kimisi dükanı bağlayıb qaçdı, kimisi dükanın içərisinə girib, qapını içəridən bağlayıb gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizləndi. Bu iğtişaş başlayarkən Təzə məhəlləyə getmiş silahlı adamlar geri qayıdıb xəbər gətirdilər ki, deyilənlər yalandır. Odur ki, mollalar və seyidlər gəlib ermənilərə təskinlik verdilər ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalan danışmış adamı tutub çəkə-çəkə bazara gətirdilər. Ora yığışanlar bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Binəvanın başına o qədər vurmuşdular ki, beyni xarab olub dəli olmuşdu. Uzun müddət müalicə olunmadı. Sonra Tiflisə aparsalar da, orada da müalicənin əhəmiyyəti olmadı, 1323-cü il (1905) zilhiccə ayında vəfat etdi. Həmin adam hamamçılardan Kərbəlayi Abbasın oğlu Məşədi Qurban idi”. (Bakı – 1993. Səh. 26.)
Bu sitatda iki məqam xüsusi diqqəti cəlb edir:
Birincisi – ermənilərin xilas üçün müsəlman evlərində gizlənməsi.
İkincisi – yalan məlumat yayan şəxsin xalq qəzəbinə düçar olması.
Azərbaycanlıların münaqişəyə münasibətində bu yanaşmalar 100 il əvvəl olduğu kimi, bu gün də qalmaqdadır.
Doğrudur, 1988-ci ildə münaqişə başlayandan sonra kollektiv yaddaşlarda qorunan şüuraltı neqativ məlumatlar üzə çıxmağa başladı. Bu tendensiya hələ də davam edir. Və əslində sülh prosesinə ən ciddi mane olan budur. Yaxşı nümunələr isə hər iki tərəfdə həmişə arxa planda qalır.
DƏLLƏK AZADIN OĞLU
2018-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının erməni dostu tərəfindən qorunması ilə bağlı filmin hazırlıq prosesində onun köhnə dostlarından biri Leonid Aqanesyanla Tiflisdə görüşümüz oldu.
Onu Ağdamda hamı dəllək Azadın oğlu Lyonik kimi tanıyırdı. Lyonik bir-bir köhnə tanışlarını soruşdu. Soruşduqlarından biri də “Qarabağ” futbol klubunun təsisçisi olmuş mərhum Adil Nadirov idi. Bir yerdə Ağdamın “Şəfəq” komandasında futbol oynamışdılar. Mən Tiflisdən Adil Nadirova zəng vurdum və bildirdim ki, bir nəfər səninlə danışmaq istəyir. Danışdılar. Düz yarım saat. Bir-biri ilə öcəşmədən, təhqir etmədən. Köhnə günləri xatırladılar.
Ehtimal etmək olardı ki, sadə insanlar reinteqrasiyaya qarşı çıxmayacaq. Amma onlar heç bu barədə düşünmədilər də. Bəlkə, düşünməyə imkan verilməyib...
PROSESƏ NƏ MANE OLUR? BƏLKƏ BEYNƏLXALQ “DƏSTƏK”...
Yanvarın 17-də Fransa senatı Azərbaycan-Ermənistan münasibətlərini ehtiva edən qətnamə layihəsinə baxdı və onu qəbul etdi. Bu qətnamədə Qarabağdan Ermənistana köçmüş ermənilərin geri qayıtma hüququna təminat verilməsi də tələb olunur.
İlk baxışda Azərbaycana qarşı təhdid hesab oluna biləcək bir müddəa kimi görünür. Amma, əslində, məsələ bir qədər fərqli yanaşma tələb edir.
İş ondadır ki, rəsmi Bakı Qarabağ ermənilərinin Qarabağda yaşamaq hüququnu tanıyıb, tanıyır və buna təminat verməyə hazır olduğunu hər zaman bəyan edir. Yəni, rəsmi Bakı üçün bu qətnamənin Qarabağ ermənilərinə aid olan bəndi siyasi-diplomatik baxımdan heç bir narahatlıq yaratmayacaq.
Əksinə, məsələyə bu cür yanaşmalar tərəflər arasında təmaslara müəyyən zərbələr vurmuş olacaq.
Beləliklə, rəsmi Bakının təminatlarına, beynəlxalq güc və beyin mərkəzlərinin tələblərinə, qətnamələrinə, tövsiyələrinə baxmayaraq, heç bir yeni proses baş vermir.
AZƏRBAYCANIN DİPLOMATİK AVANTAJI
Qarabağda 2023-cü ilin 19 sentyabrında keçirilən antiterror əməliyyatından əvvəl, ayın 11-də rəsmi Bakının sülh sazişinin mətni ilə bağlı növbəti təklifləri Ermənistan siyasi isteblişmenti üçün aydın səmada çaxan ildırım effekti yaratmışdı. Çünki 11 sentyabrda Yerevana göndərilən məktubda Azərbaycan tərəfi 1988-ci ildə Ermənistandan köçürülmüş azərbaycanlıların geri qayıtmaq hüququnun tanınması məsələsinin sülh sazişində əks olunmasını ilk dəfə şərt kimi irəli sürmüşdü.
Əslində, bu şərt Ermənistanın və nizamlanmada vasitəçilik edən həm Rusiya, həm Avropa İttifaqı, həm də ABŞ-ın Qarabağ ermənilərinin təhlükəsizliyi üçün xüsusi təminat istəməsinə rəsmi Bakının cavab reaksiyası idi. Azərbaycan bu təminatı özü verdiyi halda, Rusiya həmin təminatı Qarabağda yerləşdirdiyi hərbi kontingentinin hesabına təmin etmək fikrində qalır və bununla da 2025-ci ildən sonra da o ərazidə fiziki mövcudluğunu saxlamaq istəyirdi. Ermənistan və Qərb vasitəçiləri isə Rusiya hərbi kontingentini Qarabağdan sıxışdırmağı düşünür və bu məqsədlə təminatçı rolunda çıxış etmək üçün orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edirdilər.
Belə bir şərait, sözsüz ki, Azərbaycan üçün siyasi diskomfort yaradırdı. Yaranmış situasiya Azərbaycan və Rusiyanın bu məsələdə müttəfiq, yaxud da həmfikir olduqları görüntüsünü yaradırdı. Gercəkdə isə Azərbaycanda Rusiyayanın Qarabağ məsələsində tutduğu mövqeyə münasibət birmənalı idi. Hamı anlayırdı ki, Rusiya münaqişənin dondurulmasında maraqlıdır və statusun müzakirəsini sonraya saxlamaq üçün Moskvanın göstərdiyi səylər məhz bu marağın təzahürü idi.
19 sentyabrda başlayan və qısa müddətdə tamamlanan antiterror əməliyyatı vəziyyəti kökündən dəyişdi. Qarabağ ermənilərinin mövcud idarəetmə aparatı bir an içərisində dağıldı.
Bu situasiyada rəsmi Bakı reinteqrasiya ideyasının təbliğatına təkan verdi. Amma təbliğatın gücləndirilməsi heç bir səmərə vermədi. Artıq mexanizm işə düşmüşdü. Qorxu və panika – insanların davranışını ancaq bu hisslər idarə edirdi.
Azərbaycan kütləvi informasiya vasitələri Qarabağı tərk edən ermənilərdən müsahibələr götürür, onların köçmə səbəblərini fiksə etməyə çalışırdı. Bu müsahibələr içərisində APA TV-nin müxbirinə əslən Əsgərandan olan bir nəfərin verdiyi cavab daha səmimi və real görünürdü:
“Panika... Adamlar qorxur...”
İsrarla təkrarlanan suallara respondent eyni cavabı verir və Əsgəranla qonşu Ağdamda dostlarının olduğunu da xatırlayırdı (https://youtu.be/Ve-qs0J8Sc4). Bu xatırlama onun simasında xoş bir ovqat da yaradırdı. Amma... o, gedirdi.
Beləliklə Azərbaycanın reinteqrasiya formulu baş tutmadı və bu rəsmi Bakını çox narahat etmir.
SÜLH PROSESİNDƏN ÇIXARILAN TƏKLİFLƏR
Artıq sirr deyil ki, sülh prosesində Qarabağ ermənilərinin gələcək taleyi müzakirə predmeti deyil. Rəsmi Bakı bunu Azərbaycanın daxili işi olduğunu bütün platformalarda deyir və qəbul elətdirir.
Ermənistan da Qarabağ ermənilərinin taleyinin sülh sazişində əks olunmasına daha israr etmir. Amma beynəlxalq platformalarda bu iddia səslənir. Beynəlxalq güc və beyin mərkəzlərində müzakirə olunan bu məsələ dolayısı ilə Ermənistanı diplomatik dalana itələməkdən başqa bir şey deyil.
Çünki...
Azərbaycan bütün platformalarda Qarabağ ermənilərinin geri qayıtması və yaşaması üçün təminat verdiyini ifadə edir. Amma Ermənistan 1988-ci ildə köçürülmüş azərbaycanlıların hüquqlarının tanınması ilə bağlı birmənalı mövqe açıqlaya bilmir. Bu durum Ermənistan üçün diplomatik diskomfort yaradır. Buna görə də Ermənistan iqtidarı Qarabağ ermənilərinin məsələsinin sülh gündəliyindən çıxmasını sakitcə qarşılayır. Əks təqdirdə, Azərbaycanın 1988-ci ildə Ermənistandan köçürülənlərlə bağlı tələblərinə cavab verməli olacaq.
Deməli, reinteqrasiya da olmayacaq.
P.S. Azərbaycan antiterror əməliyyatından sonra reinteqrasiya prosesinin onlayn idarə olunması üçün https://reintegration.gov.az/ saytını hazırladı. Hal hazırda bu sayt Ermənistanda bloklanıb.