Logo
news content

Qiyamətdən qurtuluş üçün zərdab
Qafqaz üçün ən ciddi inkişafın yol xəritəsi məhz Qafqaz olmaqdır, həmrəylikdir

Qardaş Gürcüstanın milli futbol komandası Avropa Çempionatının final mərhələsinə keçidi təmin etdi. Çox gərgin oyun oldu. Yunanlar bu fürsəti gürcülərə vermək istəmirdi. Amma gürcülər aldılar. 

Bu münasibətlə öz Facebook səhifəmdə gürcüstanlı dostları təbrik etdim. Gürcü dilini bilmədiyim üçün təbriki rus dilində yazdım:

“Поздравляю всех друзей из Грузии.
Грузия - это Европа!”

Bilirəm ki, bir çox gürcülər indi rus dilindən daha çox ingilis dilinə üstünlük verir. Amma mən yenə də rus dilində yazdım. 

Gözləmədiyim halda, bu təbrikim 2500-ə yaxın bəyənmə ilə işarələndi. 300-ə yaxın şərhlər yazıldı. Məsələ bunda deyil.

Tanıdıqlarımdan və Facebook dostluğumda olanlardan başqa, bir xeyli gürcü yazdığıma reaksiya verdi. Sözsüz ki, əksəriyyəti təşəkkür edir və bəyənirdi. Amma yazanlar arasında “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır” yazanlar da vardı. Bu da bir yanaşmadır. Amma məsələ heç bunda da deyil. 

Mənim bu təbrikimə reaksiya verənlərin arasında ermənilərin olması isə məni doğurdan da təəccüblədirdi. Ona görə təəccübləndirdi ki, şərh yazan, təbrikimi bəyənən ermənilərin heç biri ilə nə real həyatda, nə də Facebook üzərindən heç bir əlaqəm olmayıb. 

Onlarla erməni mənim təbrikimə qoşulduğunu, gürcü dostları təbrik etdiyini yazdı. 100-dən artıq erməni bu təbrikimi bəyənmə ilə işarələdi. 

Təsəvvür edirsiniz?

Bir azərbaycanlı gürcü dostları milli komandanın uğuru münasibəti ilə təbrik edir və onlarla erməni bu təbrikə qoşulur və fikrini yazır. Yüzdən artıq erməni bu təbriki bəyəndiyini ehtiva edir. 

Bu, mənim çün gözlənilməz idi. Amma buna çox sevindim. 

Uzun illərdir ki, Qafqazda baş verən qarşıdurmaları, Azərbaycan-Ermənistan münasibətlərini öyrənmək, sabah üçün nəticələr çıxarmağa çalışıram. Facebook təbrikim bu axtardığım sualların çoxuna cavab verdi. 

Yuxarıda gürcü dostlardan bəzisinin yazdığı fikri əbəs xatırlatmamışdım: “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır”.

Elədir ki, var. 

Gürcüstan da Qafqazdır. Ermənistan da Qafqazdır. Azərbaycan da Qafqazdır.

Qafqaz üçün ən ciddi inkişafın yol xəritəsi məhz Qafqaz olmaqdır, həmrəylikdir. 

Əminəm ki, bu həmrəylik olsa Qafqaz daha gözəl, daha əmin-aman, daha da inkişaf etmiş olar. 

Sonda bir tarixi xatırladacam. 

Bir neçə il əvvəl Azərbaycan ərazisində, bu gün Göygöl kimi tanıdığımız şəhərdə almanların məskunlaşması tarixini araşdırırdım. Tarixi faktları öyrənərkən maraqlı bir fakta rast gəldim. 

Sən demə, Qafqaza köçən almanlar danışırmış ki, onların dini etiqadına görə, qiyamət günü xilas olmaq üçün dünyanın ən münasib yerlərindən biri məhz Qafqazdır...

Vəssalam.