Göylərə dikələn qadın ahı və cümlə bəşərin fəlakəti - RESENZİYA
Əyalət teatrlarının “mədəni problemi” Bakı səhnəsində həll olunur
01 Noyabr 2024
Tamaşa ölüm xəbəri ilə başlayır. Filankəs öldü - bəşəri informasiyadır. Həm sondur, həm başlanğıc. Həyat kimi tamaşada da ölüm sonun başlanğıcı olur...
Nəyinsə sonu, nəyinsə başlanğıcıdır, yaxud əksinə, həyat beləcə dövr edir, səhnə kimi. Bu səhnədə hərənin öz rolu var, tamaşada olduğu kimi. Həyat tamaşadır, tamaşa da həyat.
Bunları elə-belə demədim, tamaşa boyu seyr etdiklərim həyatımda neçənci dəfə gəldiyim qənaətdir.
“Bölgə Teatrlarının Bakı Premyeraları” layihəsi çərçivəsində rejissor Anar Babalının quruluşunda yazıçı-dramaturq Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesinin tamaşasına baxdım.
Əvvəlcə onu deyim ki, “Qonaq teatr” adı altında Teatr Xadimləri İttifaqının başladığı bu layihəni Mədəniyyət Nazirliyinin davam etdirməsi təqdirəlayiqdir.
İllər uzunu bölgə teatrlarının diqqətdən kənarda qaldığını, aktyorların bu səbəbdən həvəsdən düşdüyünü, nəticədə bölgələrdə teatra marağın azaldığını yazmışıq. Bu gün əyalətlərdəki bu “mədəni problem”lərin aradan qaldırılması üçün ilk addımlar atılır və bu, çox yaxşı haldır.
Layihə çərçivəsində Akademik Milli Dram Teatrının səhnəsində iki gün ardıcıl Lənkəran Dövlət Dram Teatrı oynadı. Kamal Abdullanın “Casus” və Cavid Zeynallının “Tanrı quşu gəlmədi” tamaşalarının Bakı premyerası həm də “Mədəniyyət TV” kanalı vasitəsi ilə canlı nümayiş olundu. Bu isə o deməkdir ki, tamaşa birbaşa AZTV-nin Qızıl fonduna düşür.
Yeri gəlmişkən, bir gün sonra Ə.Nesinin "Toros canavarı" əsəri əsasında Gəncə Dövlət Milli Dram Teatrının hazırladığı tamaşa Milli Gənc Tamaşaçılar teatrının səhnəsində oynanıldı.
Layihənin ardıcıl olacağına çox böyük ümidlərlə onu da deyim ki, Lənkəran teatrından Xalq artisti Qabil Quliyevi məhz Azərbaycan Televiziyasının bir vaxtlar Lənkəran teatrının səhnəsindən çəkib nümayiş etdirdiyi C. Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasında kefli İsgəndər rolunda tanımışam. Və Kefli İsgəndər obrazını onun ifasında sevmişəm. Dünən “Tanrı quşu gəlmədi” tamaşasında Lənkəran teatrından daha bir aktyoru tanıdım, Qızılgül Quliyevanı.
Xanımın adını yazıb, duruxmuşam, çünki öz dediyimdən özüm utanıram. Saçlarını teatr səhnəsində ağartmış aktrisa haqqında “onu hələ indi tanıyıram” demək xəcalət verir. Və bunda aktrisanın zərrə qədər günahı yoxdur. Dünənki oyununa heyran qaldım, demək sadəcə onu görməliydik, oyununa baxmaq imkanımız olmalı idi ki, tanıyaq, sevək, dəyərləndirək...
Azərbaycanın mədəniyyət siyasəti axsaqdır. Halbuki, beynəlxalq siyasətin tərkib hissəsidir, bizdə bir qədər ayrı-seçkilik salınıb. Hələ daxili siyasətə aid edib öz mədəniyyətimizi özcə millətimizə tanıtdıra, sevdirə bilək, sonra düşək beynəlxalq səviyyənin arxasınca. Mədəniyyət çox böyük siyasətdir və güclü təbliğat vasitəsidir. Bir xalqı dünyaya yalnız mədəniyyəti ilə tanıtmaq olar, o, hər xalqda özünəməxsusdur, fərdidir. Qalan hər nəsnə hər millətdə aşağı-yuxarı eynidir.
***
“Tanrı quşu gəlmədi” psixoloji dramı Cavid Zeynallının “Şükriyyə” pyesindən sonra tamaşaya qoyulan ikinci əsəridir. İki romanın, onlarla hekayənin, tərcümələrin müəllifi dramaturgiyaya maraqlı keçid edib. Hər iki tamaşanın uğurundan bu nəticəyə gəlmək olur.
Başlanğıcı və sonu ehtiva edən “Tanrı quşu gəlmədi” əsərinin tamaşa həlli səhnənin rəngarəng dekorasiyası ilə, əsasən işıqların oyunu ilə diqqəti çəkir.
Kiminsə ölümünə sevinib doğma yurda qayıtmaq üçün qol-qanad açan qəhrəman əslində özü ölümü üçün əl-ayaq edir. Şəhərdəki evi satıb, kənddə - ata ocağında yeni ev tikmək fikrindədir. Ömrünün qalan hissəsini uşaqlığı keçən yerlərdə başa vurmaq istəyir. Uşaq evindən götürüb saxladığı oğlu isə gəncdir, onun ata evi elə şəhərdəki evdir, onu saxlamağa çalışır. Ata-oğul, gəlin-qayınata münasibətlərinin fonunda onları kölgə kimi izləyən bir qadın var. Ağ saçları çiyinlərinə tökülmüş, nimdaş geyimli bu qadın günahdırmı, xilaskardımı? Kimdir bu qadın? Suallar tamaşa boyu izləyicini məşğul edir və müxtəlif cavablar yaradır. Sonda isə... ağlagəlməyən cavab adamı təəccübləndirir. Demək, unudulmuş zənn etdiyin, keçdi dediyin səhvin həyatın elə anında qarşına çıxar ki, haqqın, ədalətin varlığına səcdə edərsən. “Bir də dünyaya gəlsəydim!” nidası onda qopar cadarlanmış dodağından...
İnsan ömür boyu nəyəsə can atır, həyatla mübarizə aparır. Bu mübarizədə bəzən ən doğma müqəddəslikləri tapdayıb keçirsən, bəzən sənin olmayana sahib çıxmağa çalışırsan, bəzən cahil olduğundan, bəzən kamilliyindən həyata uduzursan. Yəni hamı uduzur, bu həyatda udan, qabağa düşən yoxdur. Və heç kim süddən çıxmış ağ qaşıq deyil. Heç ölümdə də qabağa düşə bilməzsən, hər kəsin öz ölüm saatı var və hər kəs bu dünyadan köçəndə elədikləri, yaşadıqları və yaşamadıqları, yaşatdıqları və yaşada bilmədikləri üçün peşmanlıqla, “kaş...” nidası ilə köçür. Heç kim razı getmir, gələndə ağlamağı, əslində gedəcəyi günə görədir.
İki hissəli “Tanrı quşu gəlmədi” tamaşası bir nəfəsdə sona çatır. Hə, Tanrı quşu demişkən, sonda heç bir quş çıxmır səhnəyə, onu quşun rəmzi əvəz edir, əslində Tanrı quşu özü də elə rəmzdir, həyatla ölümün rəmzi, gözlədiklərinin, umduqlarının, ümidinin rəmzi.
Tamaşanın sonluğu fəlsəfi-dramatık bir sonluq olmalı idi, gedişat ona doğru gedirdi, amma gözlənilən olmadı. Tez-tələsik, bir az da müəmmalı bitdi. Tanrı quşu gəldi, ya yox, tamaşaçı anlamadı.
Sonluqda da olduğu kimi, tamaşada bəzi çiyliklər var, məncə, bu, rejissor işindən gəlir. Elə bil, tamaşa hazır olandan sonra hansı yerlərsə kəsilib atılıb və bu “montaj” bir qədər uğursuz olub. Gəlinin rəssam olması, tamaşa boyu məişətin içində molbertin qarşısında rəsm çəkməsi düzgün həll olunmayıb. Pyesi oxumamışam, bəlkə oradan gəlir, amma istənilən halda tamaşa rejissorun əsəridir, pyesin zəif yerlərini də doldurmalı idi. Əsəri oxumuş olsam, müəllifi qınamağa haqqım çatardı. Əyalət teatrının vəziyyətini və hər bir tamaşanın çox böyük əziyyətlərlə başa gəldiyini bildiyimdən çatışmazlıqları çox sadalamayacam. Əvəzində səhnə tərtibatının, musiqi seçiminin və bəzi istisnalarla aktyor oyununun uğursuz olmadığını deyə bilərəm. Ümumi iş və layihə isə alqışlanmalıdır ki, layihə icraçıları və əyalət teatrının fədakar aktyorları davam edə bilsinlər.
Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır. Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Məleykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər. Hər birinin əməyi danılmazdır, çünki tamaşa kollektiv sənətdir. Amma Qabil Quliyevlə Qızılgül Quliyeva tamaşanın iki aparıcı sütunu kimi görünürdülər.
Bütün ömrünü Lənkəran teatrının səhnəsində xərcləyən Qızılgül Quliyeva yeganə övladından ayrı düşmüş ananın faciəsini oynamırdı, yaşayırdı. Başını göylərə qaldırıb çəkdiyi fəryad bütün faciəli qadınların göylərə dikələn ahı idi ki, əvvəl-axır yerə qayıdır və dünya o zaman təbii fəlakətə məruz qalır.
Mədəniyyətimiz və yaradıcı heyət üçün xeyirli olsun! Belə layihələrin ardı gəlsin.