Qürbətdə 5 prezident, 8 nazir “dəyişən”, vətəndə bir marşla “ölümə səsləyən” dahi
“Mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, təkcə ondan başqa”
22 Noyabr 2025
Ziyanlının çox, ziyalının azlıq təşkil etdiyi zamanımızda o az qismin nümayəndələrindən birinin yubileyidir, 75 yaşı tamam olur. Dünən səhər səs mesajı göndərdim ki, yubileyqabağı deyəcəyiniz bir söz varsa, arifə bircə işarə kifayətdir.
- “Bir deyəcəyim yoxdur, hər şey vaxtilə deyildi, məncə...”
Haqlıdır, həm də arif olan üçün bu, elə əslində bir işarədir. Belə də qəbul edib, işə başladım.
Söhbət bəstəkar Cavanşir Quliyevdən gedir. Bilərəkdən adının qarşısına fəxri ad, titul yazmadım, Bəstəkar Cavanşir Quliyev – bu üç kəlmə kifayətdir ki, onun kimliyi bəlli olsun.
“Vətən məni yetişdirib, bu ellərə yolladı...”
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir.
90-cı illər idi, tələbə idik, Qarabağ uğrunda müharibə gedirdi. Cavanşir Quliyev “Əsgər marşı”nı bəstələdi, onu dinləyən nəsil vətən üçün döyüşlərə könüllü qatılırdı. Tələbə yataqxanalarının eyvanlarından o marşın sədaları yüksəlirdi, meydanlarda, tribunalarda eşidilirdi, qəlbimiz də onu oxuyurdu. Qarabağda gənclər onu oxuya-oxuya ölümün gözünün içinə baxırdılar. Çünki sözləri və musiqisi vətənin yağmalanmasından yanan iki qəlbin (sözləri Əli Kami) yarasından süzülən ağrı idi, qan idi. Bəstəkarı şəkili idi, amma deyirdi ki...
“Bir budaq da vətəndir, bir yarpaq da vətəndir”
Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta məktəbi 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.
“Özün bir zərrə gözəllik yarada bilsən...”
Diplom işi - böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartet”də, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezi şəklində yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu.
Bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət qazanıb.
İki əsərinə görə mükafatın kağızında belə də yazılıb: “Sazla skripka üçün sonata”, bir də “Orkestrlə zurna üçün üvertüra” əsərlərinə görə.
C. Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib. İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləyib. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq, 1992-ci il sentyabrın 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru olub.
“Qürbətdə ölən yarı, qəbirə kim düşürər...”
Yox, yaxşı ki, vətənə dönüb, 19 il Şimali Kipr Türk Respublikasında yaşadıqdan sonra Azərbaycana qayıdıb:
“Durumum çox pis idi. İşdən çıxarmışdılar. İşim yox, aşım yox, cibim boş, qarnım ac. Belə bir vəziyyət idi, əsəblər də tarımda. Kimsə yardım etmədi, maddi demirəm. Kimsə ümid vermədi, ovundurmadı, dostlarım belə. Müğənnilər də, həmkarlarım da, özünə ziyalı deyən nadanlar da. Oyun seyr edirdilər. Hamısı gördü ki, Cavanşir uduzdu, getdi. Sevinənlər də oldu, xüsusən həmkarlarımın bəziləri dedilər ki, canımız qurtardı ondan, getsin cəhənnəmə. Getdim Kiprə, orda da bir müddət hər şey rəvan olmadı. Nə qədər eyni millət olsaq da.

Demək olar, heç kimə kimliyimi demədim, müəlliməm, vəssalam. Bilsəydilər, onlar da məni çəkəcəkdilər ictimai-siyasi işlərə. Orda siyasət daha maraqlıdır, çünki hər seçkidə rəhbərlik dəyişir. 20 il yaşadım orda, 5 prezident dəyişdi, 7-8 baş nazir. Hər dəfə dəyişirlər, çünki həyatları pisləşəndə bunu ölkə başçısını dəyişməklə həll edirlər. Ona görə o işlərə qarışmadım. Dərsimi deyib, gəlib əsərlərimi işləyirdim. Bəstəkar olduğumu internetdən öyrənib bildilər, ünlü bəstəçisiniz - dedilər. Amma ictimai məsələləri bilmədilər. Universitet üçün bəstələrim oldu, musiqilər yazdım, bəzən səhnədə canlı ifa edirdim. Bir dəfə “Şahnaz” operettasında canlı ifa etdim, həm də orkestrin əvəzinə”.
Orda yaşadığı illərdə yaradıcılığı səngiməyib, ən böyük əsəri isə “Müşfiq” oratoriyası olub:
““Müşfiq” oratoriyasını yazanda onun ruhu ilə söhbət edirdim, elə bil, ruhu da insanlardan küskündür, mənə mane olurdu, yazmağa qoymurdu. Gah xəstələndim, gah başqa maneələr çıxdı, çox çətin yazıb tamamladım. Deyirdim Müşfiqin ruhuna ki, sənin üçün edirəm, imkan ver, yazım. Xəstəliyim də elə oratoriya ilə birgə gəldi. O qış Kiprdə çox soyuq oldu. Ordakı evlər soyuğa hesablanmayıb, çünki soyuq olan yer deyil. O soyuq havada, soyuq evdə oturub, təkcə işləyirdim. Gərgin işlədim, soyuq da öz işini gördü, xəstələndim...
Kiprdə daha məhsuldar olub. Ürəyimcə deyə bilmərəm, amma məhsuldar olub. Kəmiyyət baxımından ən çox əsərimi orda yazmışam, üç balet, üç oratoriya, bir simfoniya, bir sıra kamera əsərləri. Ordan bura mahnılar, burdakı tamaşalara, filmlərə musiqilər”.
“Söz də üşüyər, düzü, məhəbbət olmayanda...”
Şəxsi həyatını sənətə qurban verib deyərdim, özü bunu belə qəbul etmir:
“Qurban vermək yox, həsr etmişəm. Əksinə, mən xoşbəxtəm ki, Allah bu işlə məşğul olmağa imkan yaratdı, güc verdi, bacarıq verdi. Bunun üçün Allahıma, müəllimlərimə, valideynlərimə hər zaman minnətdaram. Bir daha doğulsaydım, həyatım yenə belə olacaqdı. Mən həyatımı öz istədiyim kimi qurmuşam. Buna görə də sabah ölüm qapını çalsa, heç tərəddüd etmədən rahatca gedəcəm. İstədiyi həyatı qura bilməyən insanlara yazığım gəlir, ölərkən onlar nakam ölürlər. Çünki istədikləri kimi yaşaya bilmirlər”.
“Bu diyarın insanları bizi yada salacaq...”
Musiqi onun üçün hər şeydir, ona görə də özünü tək hiss etmir:
“Önəmli bir işlə məşğul olan adam üçün təklik tənhalıq deyil, sadəcə təklikdir. Tənhalıq pis şeydir. Lakin adamların əhatəsindəykən də tənha ola bilir insan. Tək olmaq hələ tənhalıq anlamına gəlmir. Sənin ömrünü həsr etdiyin işin varsa və bu işi hər yerdə görə bilərsənsə, heç vaxt tənha olmursan. İşinlə məşğulsan, sevgilin də odur, dostun da, düşmənin də. Bəzən ona hirslənirsən də. Onda təklik, tənhalıq hiss etmirsən, əksinə, faydası da var. Çünki evdə başqa bir adam olsa, həyatının bir hissəsini, vaxtını onlara həsr etməlisən. Təbii ki, ailən varsa, onlarla da məşğul olmaq lazımdır və vaxtın gedir. Ailənlə də məşğul olmalısan, amma bu iş də görülməlidir. Belə xırda şeylər çıxır və işin keyfiyyətinə də təsir göstərir. Ola bilsin, sənət adamlarının kənarlaşıb tək yaşamalarının bir səbəbi də budur ki, tamamilə işləri ilə məşğul ola bilmirlər. Mənim bəxtim gətirib, çevrəmdə olan adamlar bunu hiss etdilər, nə qohum-əqrəbam, nə də dost-tanışım şəxsi həyatıma müdaxilə edir. Bilirlər ki, mən tək qalmalıyam. Əslində mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, tək Allahdan başqa. Bu, təklikdə olan prosesdir. O təklikdə yaratmaq imkanı olmalıdır adamın. Evimdə 6-7 uşaqlı ailə olsaydı, nə vaxt musiqi yazardım? Hamısı mənim sənətimdir: yastıq yoldaşım da, dərdləşdiyim də. Haramsa ağrıyanda, xəstələnəndə musiqi ilə məşğul oluram və xəstəliyim çəkilir. Hər halda musiqi ilə məşğul olduğum müddətdə məni narahat etmir. O mənim üçün məlhəmdir, dərmandır, hər şeydir”.
“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı...”
İndi vətəndədir və yenə yazıb-yaradır. Xəzər Universitetində və Bakı Musiqi Akademiyasında dərs deyir. Tələbələrindən də çox razıdır:
“Çox rahatlaşdım ki, irəlidə bu gənclərin içindən ölkə idarə edəcək səviyyədə yetişəni də olar. Təbii ki, cəmiyyətin bəzi yaraları hələ də sağalmayıb, davam edir. Mən bilirdim hara gəlirəm, bilə-bilə gəldim, çünki artıq gəlməli idim. Belə deyəndə bəzi həmkarlarınız mənə məşhur bayatını xatırladır. Arada xəstəlik gəldi, hələ ki, uyutmuşuq xəstəliyi. Bir bu xəstəlik olmasa, immun sistemim məni qorumaq yerinə, mənə hücum edir. Aradan keçən 20 il elə bil olmayıb, qayıtmışam, evdə hər şey qoyub getdiyim kimidir, elə bil zamana səyahət etmişəm”.
“Suyu anmaqla susuzluq necə keçsin...”
Mahnılarından söz açmağa ehtiyac görmürəm, dillər əzbəridir. Yenə bəzilərinin adlarını aşağıda çəkəcəm ki, bilməyənlər də bilsin, amma digər əsərlərini sadalamağa ehtiyac var: Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)", Zurna və orkestr üçün Üvertüra (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000); Simli orkestr üçün "Dastan" (2001);
4 simfoniya, "Məhəbbət oyunu" Operettası /libretto — Q. Rəsulov/ (2001).
"Müşfiq ağıları" (oratoriya, 2020) və sair.
C. Quliyevin musiqisinə “Yallı rəqsi”, “Yarım Gilə”, “Bəlkə, bu təsadüf məhəbbət oldu”, “ Ötən günlər”, “Sevəcəyəm”, “Vəfasızsan”, “Hər şey gözəldir həyatda” və sair.
Onlarla teatr və televiziya tamaşalarına musiqi yazıb, filmoqrafiyasında 60-a yaxın film adı var.
“...Qoruyar bu sevda bizi, daşlara dəyməsin sevda dənizi...”
Sevdiyi işinə, peşəsinə köklənməyi onu xəstəliyinin ağırlığına rəğmən, həyata möhkəm bağlayır.
“Ramiz Rövşən deyir ki, mən şeir yazmazdan əvvəl gərək özümü kökləyim. Yaradıcı insanlar da musiqi aləti kimi köklənir. Kökləmə 10 dəqiqə də ola bilər, bir saat da, 5 gün də. Hər dəfə başqa cür olur. Kökləmə prosesində sən aktyor kimi o rolu oynayırsan. Yəni varmış kimi davranırsan, guya həyatda da var”.
“Hər şey gözəldir həyatda…”
Millət, dövlət üçün həlledici məqamlarda susmayıb sözünü deyəsən, eyni zamanda həm xalqın, həm də dövlətin hörmətini qazanasan, hər sənətkara xas olan məziyyət deyil. Demək, o deyilən sözün arxasındakı mahiyyətdədir məsələ və onu da necə deməkdən asılıdır - sevərək, yanaraq deyirsən, yoxsa təmənnan, yaxud qərəzin var. Əməkdar incəsənət xadimidir, mükafatları da az deyil.
70 yaşın hesabatında demişdi ki, o qədər pis deyil. Arzum, amalım, işim-gücüm ancaq peşəm olub: “Soruşsanız ki, qarşıya qoyduğun məqsədə hər baxımdan çata bildinmi, həyata keçirdinmi? Yox. Ümid varmı? Allah ömür versə…”
75 yaşda fikir dəyişməyib, həminkidir. Bircə əlavəsi var:
“Bir onu bilirəm ki, bir də dünyaya gəlsəm, elə bu cür yaşayardım”.
Amma mənim əlavəm var, nə yaxşı ki, VARIMIZSINIZ, Cavanşir bəy, yubileyiniz mübarək! Tanrı sizi bizə çox görməsin - yazıram, amma Qabil Abbasoğlu yəqin burasını siləcək)))
REDAKTORDAN: Böyük sənətkarlar insanların Tanrılara şamil etdiyi sifətlərin ən barizinə sahibdirlər – yaratmaq. Cavanşir bəy də bu sırada olan şəxsiyyətimizdir, ona görə o cümlə mətndə qala bilər. Təbrik edirik!
Ramilə Qurbanlı