“Bir dəfə Amerikada” doğulan “Xaç atası” – HƏYAT HEKAYƏTİ
Trampı Rusiya ilə sövdələşmədə ittiham edən solaxay dahi
18 Noyabr 2025
Robert De Niro dünya kinosunun ulduzudur. Böyük aktyor, uğurlu prodüser, istedadlı rejissor, bir sözlə əsl Hollivud əfsanəsidir. Dəfələrlə “Oskar” alıb.
Aktyorun ulu babası Covani De Niro ulu nənəsi Ancelina Merkurio olub. Covanni adi fəhlə olub - daşyonan. Ancelina isə evdar qadın.
Əslən Molizedə yerləşən Ferrasano adlı kiçik İtaliya şəhərindəndirlər. Amerikanın immiqrasiya xidməti onları qeydiyyata salanda sənəddə səhvən “Di” əvəzinə “De” qeyd ediblər.
Çox keçmədən italyan immiqrantının ailəsində bir oğlan dünyaya gəlir. O da böyüyüb İrland mühacirin ailəsindən olan Helen O Reylli ilə evlənir.
1922-ci ildə Reylli gələcəyin məşhur rəssamı və memarı Roberti dünyaya gətirib. Ona şəkil çəkməyi Hans Hofman öyrədirdi. O, rəssamlıq kursunda gələcəyin məşhur rəssamı Vircinya Admiral ilə tanış olur. 1942-ci ildə evlənirlər. Növbəti il onların oğlanları dünyaya gəlir və oğlana atasının adını qoyurlar. Yəqin belə adətləri varmış. 1945-ci ildə cütlük ayrılır, yəni balaca Robertin 3 yaşı olanda. Niyə ayrıldılar, heç kim bilmədi.
Uşaqlıq...
Robert De Nironun uşaqlığı “Balaca İtaliya” adlanan bölgədə, Qrinviç Villec rayonunda keçib. Uşaqlığı əziyyətli olub. Anası həmişə işdə olardı, uşaq ana qayğısı və diqqəti sarıdan korluq çəkirdi. Uşaqlıq illəri, demək olar, şəhərin küçələrində keçirdi. O qədər solğun bənizi vardı ki, yoldaşları ona “Süd – Bobbi” deyə çağırırdılar.
İlk dəfə səhnəyə 10 yaşında məktəb özfəaliyyət dərnəyinin tərkibində çıxıb. “Oz şəhərindən olan sehrbaz” adlı tamaşada qorxaq şir obrazında idi. Bu tamaşadan sonra səhnəyə bağlanmışdı, amma həyatı yenə küçələrdə keçirdi. Tərcümeyi-halı gələcəyi həbsxanalarla bitən küçə bandalarının üzvləri ilə bağlı idi. Amma Bobbinin bəxti gətirdi, “dostları” ilə iştirak etdiyi növbəti davada bir də gördü ki, kimsə onu gödəkçəsindən tutub geri dartır. Dönüb gördü ki, atasıdır.
O vaxtdan balaca Robertin həyatı dəyişdi, həmin “dostlar”ın isə hamısı həbsə getdi.
Orta məktəbi bitirəndən sonra Robert Nyu-Yorkda Forello La Quardii adına ali sənət məktəbində incəsənət və musiqi üzrə təhsil alıb. Yeri gəlmişkən, Al Paçino da həmin məktəbi bitirib.

Onun kinoda ilk işi “Manhattendə üç otaq” (1965) filmindəki epizod deyil. Aktyor 1963-cü ildə Brayan De Palmanın “Toy məclisi” filmində çəkilmişdi və orada bəyin dostlarından birini canlandırmışdı. Yüngül komediya janrında olan bu filmin çəkilişləri bir neçə gənc aktyor üçün yaxşı start meydançasına çevrildi. Lakin istehsalçı şirkətin müflisləşməsi səbəbilə hazır film 6 il “rəfdə” qaldı və yalnız 1969-cu ildə ekranlara çıxa bildi.
Gənclik...
1973-cü il Robert De Nironun karyerasında ən önəmli dövrlərdən biri sayılır. O, “Barabana yavaş vur” filmində beysbolçu Bryus Pirson rolunu oynayır və bu obraz ona Nyu-York Kino Tənqidçiləri Birliyinin “Ən yaxşı ikinci plan aktyoru” mükafatını, bununla birlikdə isə şöhrət və geniş tamaşaçı diqqətini qazandırır.

Həmin il çəkildiyi digər film – “Pis küçələr” – De Nironun rejissor Martin Skorseze ilə çoxillik əməkdaşlığının başlanğıcı olur. De Niro, Conni Boy roluna görə ABŞ Milli Kino Tənqidçiləri Şurasının “Ən yaxşı ikinci plan aktyoru” mükafatını da alır.
İlin sonunda o, Frensis Ford Koppolanın “Xaç atası II” filmi üçün gənc Vito Korleone roluna sınaqlar verir. Buna qədər De Niro trilogiyanın ilk filmində Sonni Korleone, Maykl Korleone və Karlo Rizzi rolları üçün də sınaqlarda iştirak etmişdi.
Don Vito obrazına görə Robert De Niro haqlı olaraq “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” mükafatına layiq görülür. Bu mükafat iki presedentlə bağlı idi: Filmdə Vito Korleone italyanca danışır və bu, amerikalı aktyora xarici dildə oynadığı rol üçün verilən nadir Oskar nümunəsi idi. Marlon Brando və Robert De Niro isə eyni obrazın (Vito Korleone) həyatının müxtəlif dövrlərini canlandırıb Oskar qazanan yeganə aktyorlardır.
Ardınca tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən bir-birindən uğurlu rollar gəlir: “Taksist” filmində Trevis Bikl, “İyirminci əsr” filmində Alfredo Berlingyeri, “Nyu-York, Nyu-York” müziklində Cimmi Doyl. De Nironun aktyor kimi yüksəlişinin və uğurlarının zirvə nöqtəsi isə “Maral ovçusu” filmindəki Mixail Vronski roludur. Bu işlərin hamısı ya ən nüfuzlu kino mükafatlarına layiq görülür, ya da namizəd göstərilirdi.
1984-cü ildə Serjo Leone-nin “Bir vaxtlar Amerikada” filmi böyük uğur qazanır. Burada Robert De Niro “Əriştə” ləqəbli Devid Aaronsonun gənc qaçaqçılıq dövründən ahıl yaşlarına qədər olan xarakterini böyük ustalıqla canlandırır.

Bu filmdən sonra rejissorlar və prodüserlər De Nironun şöhrətini əsasən üç tip obraz üzərindən bir qədər təkrarlamağa başlayırlar:
– Cinayətkar (“Braziliya”, 1985; “Toxunulmazlar”, 1987; “Yaxşı oğlanlar”, 1990; “Sxvatka”, 1995 və s.),
– Polis və ya xüsusi agent (“Gecə yarısına qədər çat”, 1988; “Ronin”, 1998; “Şou başlayır”, 2002 və s.),
– Demonik cani (“Mələklər ürəyi”, 1987; “Qorxu burnu”, 1991; “Fanat”, 1996 və s.).
Bütün bunlara baxmayaraq, De Nironun oyunu demək olar ki, hər zaman qüsursuz qalır, yaratdığı obrazlar isə parlaq və yadda qalan olur.
Rejissorluq
1993-cü ildə o, rejissor kimi özünü sınayır və “Bronks hekayəsi” adlı filmi çəkir. Əsas mətn kimi Çez Palminterinin avtobioqrafik pyesi seçilmişdi. Palminteri ekranlaşdırma hüquqlarını satmaqdan imtina etmişdi, ta ki De Niro ona əsas rollardan birini təklif edib film istehsalının əksər prosesinə – aktyor seçimi, musiqinin yazılması və s. – nəzarət etməyə imkan verənə qədər. De Nironun rejissor kimi debütü tənqidçilər tərəfindən müsbət qarşılandı. Həmin il aktyorun atası vəfat edir və film ona həsr olunur.
1995-ci ildə Robert De Niro və Al Paçino “Döyüş” filmində birlikdə çəkilirlər. Dinamik süjet və iki ustad aktyorun dueti tamaşaçıların böyük rəğbətini qazanır. Filmin ümumi gəliri büdcəni üç dəfə üstələyir (178 milyon dollar – 60 milyon dollara qarşı). Həmin il “Kazinо” filmi də işıq üzü görür. De Niro burada özünün uzunmüddətli həmkarlarından biri olan Co Peşi ilə birlikdə oynayır. Tənqidçilər filmə və aktyorun işinə yüksək qiymət verərək onun mənfi, amma çoxşaxəli və tamaşaçıda həm şəfqət, həm də hörmət doğuran bir obraz yaratma bacarığını xüsusi qeyd edirlər.
Bu iki filmin De Nironun aktyor karyerasının tənəzzül dövrünün başlanğıcı olduğu söylənə bilər. Estetik qiymətləndirmə subyektiv olsa da, reytinqlərin statistikasından qaçmaq mümkün deyil: 1995-ci ildən sonra çəkildiyi heç bir film “ən yaxşı 250 film” siyahısına düşməyib.
Robert De Niro fasiləsiz olaraq müxtəlif janrlarda filmlərdə çəkilməyə davam edir. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti (“Hərbi dalğıc”, 2000), peşəkar seyf sındıran (“Hesab”, 2001), dramatik döyüş filmində detektiv (“Şöhrətin 15 dəqiqəsi”, 2001), komedik döyüş filmində detektiv (“Şou başlayır”, 2002) obrazlarını canlandırıb. Onun qəhrəmanları yenə də cəsur və cəlbedici olaraq qalır. Lakin 1970–ci illərin sonu – 1980-ci illərin əvvəllərindəki səviyyədə, aktyorun istedadının bütün çalarlarını açmağa imkan verən filmlər artıq yoxdur. De Nironun bu və sonrakı dövr filmləri daha çox kommersiya yönümlü olur, yaxşı gəlirlər əldə edir, amma peşəkar tənqidçilərdən əsasən nəzakətli və neytral rəylər toplayır.
Robert De Nironun müəyyən dərəcədə mübahisəli kino layihələrində iştirak etməsinin səbəbi də vardı. 11 sentyabr 2001 hadisələrindən sonra o, terror aktlarından zərər çəkmiş Aşağı Manhetten bölgələrinin iqtisadi bərpasına yardım məqsədi ilə yaradılan “Tribeca” kino festivalının təşkilatçılarından biri olur. De Niro bir neçə filmdə rol alır və bu filmlərin əsas üstünlüyü ulduz aktyor üçün yüksək qonorarın ödənməsi idi; o da bu gəlirləri xeyriyyə məqsədlərinə, festivalın inkişafına yönəldirdi.
Martin Skorseze “Gedənlər” (“The Departed”) filminə başladıqda, zabit Kuinan rolu (filmdə onu Martin Şin oynayır) əvvəlcə De Niroya təklif olunur, lakin o, yeni layihəsi “Yalan cazibəsi”ndə rejissor kimi məşğul olduğuna görə təklifi rədd edir. De Niro bu filmə Mett Deymon, Ancelina Coli, Co Peşi, Alek Bolduin kimi güclü və populyar aktyorları cəlb edir. Lakin filmin rejissor işi mənfi rəy alır. Məsələn, Rocer Ebert belə yazırdı: “Sizə CIA rəsmisi Corc Tenetin əməliyyatı uğursuz görünürsə, siz hələ heç nə görməmisiniz — De Nironun bu qurum haqqında çəkdiyi süst və inandırıcı olmayan filmi izləyənə qədər”.

2009-cu ildə aktyora Britaniya Kino Akademiyasının Los-Anceles bölməsi tərəfindən kino sənətinin inkişafına şəxsi töhfəsinə görə “Britaniya” mükafatı təqdim edilir. 2011-ci ilin yanvarında isə Robert De Niroya karyerası boyunca kino sahəsinə xidmətlərinə görə ikinci “Qızıl Qlobus” verilir – xarici media nümayəndələri assosiasiyasının Sessil B De Mill mükafatı. Onun mükafatlandırma mərasimindəki çıxışı xüsusilə məşhurdur: "Siz iki ay əvvəl qərarınızı elan edəndə çox təsirlənmişdim – yəni, hələ “Fokkerlərlə tanışlıq 2” filmini izləməmişdən əvvəl. Bunun bir əhəmiyyəti yoxdur. Hər birimiz işimizi görməliyik. Amma ən gözəli budur ki, yenə hamımız bir aradayıq: filmləri çəkən kino xadimləri və kino ulduzları ilə şəkil çəkdirməyi sevən Xarici Mətbuat Assosiasiyasının üzvləri. Təəssüf ki, assosiasiyanın bütün üzvləri mərasimə gələ bilməyiblər — onların bəziləri tədbirdən əvvəl ölkədən deportasiya edildilər. Eləcə də əksər ofisiantlar. Üstəlik, Xavyer Bardem də. Qalanlara gəldikdə, ümid edirəm ki, bütün sənədləriniz qaydasındadır, çünki çıxışda sizi Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları yoxlayacaqlar. Əlbəttə, əvvəlcə Meqan Foksun tam bədən skanını bitirəndən sonra. Bilirsiniz, filmlərim mənim uşaqlarım kimidir. Fərq yalnız bundadır ki, uşaqlarım daha baha başa gəlir və onları 3D formatına çevirmək mümkün deyil ki, bilet qiymətlərini qaldırıb daha çox gəlir götürək. Uşaqlara gəlincə isə, hamımız ümid edirik ki, filmlərimiz yaxşı satılacaq və biz onların özəl məktəblərdə təhsil almasına imkan yaradacağıq. Hamınıza təşəkkür edirəm".
2011-ci ildə De Niro “Peşəkar”, “Köhnə Yeni il”, “Qaranlıq bölgə” filmlərində çəkilir. 2012-ci ildə isə onun iştirakı ilə 10-dan çox yeni filmin nümayişi anons edilir. Robert De Niro Amerika və dünya kino sənayesinin hələ də ən çox tələb olunan aktyorlarından biridir.
2012-ci ildə o, “Silver Linings Playbook” filmində bipolyar pozuntulu gənc müəllimin atası Pat Solitano-ata rolunu oynayır. Bu obraz ABŞ kino tənqidçiləri tərəfindən bir neçə mükafatla qiymətləndirilir və De Niroya 1991-dən bəri ilk “Oskar” namizədliyini gətirir.
2012-ci ilin noyabrında ulduzlardan ibarət heyətlə — Robert De Niro, Maykl Duqlas, Morqan Friman və Kevin Klayn — “Las-Veqasdakı son subay gecəsi” (“Last Vegas”) filminin çəkilişləri başlayır. Film 2013-cü ilin sonunda dünya ekranlarına çıxır.
2015-ci ilin sonunda De Niro “Bronks hekayəsi”ni yenidən səhnələşdirir — bu dəfə musiqili teatr formatında. Musiqilər 8 dəfə “Oskar” qazanmış Alan Menken tərəfindən yazılır, ssenarinin müəllifi yenə Çez Palminteridir. Tamaşa 2016-cı il 4 fevralda premyera edir və müsbət rəylər alır.
Robert De Niro biznesdə də aktiv və uğurludur. O, vəsaitlərinin böyük hissəsini müxtəlif layihələrə, xüsusən də Nyu-Yorkun Tribeka rayonunda yerləşən müəssisələrə yatırır. Tribeka (TriBeCa — Canal Street-in cənubundakı üçbucaqlı ərazi) Aşağı Manhettenin rəsmi statusu olmayan, lakin məşhur bir bölgəsinin adıdır. Bu ad De Nironun ortağı Ceyn Rozental ilə birlikdə yaratdığı “Tribeca Productions” şirkətinin və “Tribeca” kino festivalının adında da istifadə olunur.
Robert De Niro hazırda Netflix üçün çəkilən “Sıfır günü” çoxseriyalı layihəsində ABŞ-ın keçmiş prezidentini canlandırıb. 2023-cü ilin aprelində bildirildi ki, aktyor Paramount+ üçün çəkilən “Bobby Meritorious” kriminal dramında rol alacaq. Serialın hadisələri Nyu-Yorkun Cənub Dairə Prokurorluğunda cərəyan edəcək. De Niro mühüm bir iş üzrə məlumat verən və bu dövlət qurumunu məhv etməyə hazır olan informator obrazını yaradacaq. Onu dayandıra biləcək yeganə şəxs isə keçmiş polis, hazırda məşhur prokurordur. Beləcə, iki “nəhəng” ədalət uğrunda qarşı-qarşıya gələcək. Bu, tammetrajlı filmlərə üstünlük verən aktyorun karyerasında ikinci böyük serialdır.
Robert De Nironun ictimai-siyasi baxışları
2004-cü il Venesiya Film Festivalına qədər Robert De Niroya fəxri İtaliya vətəndaşlığı verilməsi planlaşdırılırdı. Lakin buna Amerikanın “İtaliya Oğulları” ictimai təşkilatı və İtaliyanın baş naziri Silvio Berluskoni kəskin etiraz edirdi. Səbəb – De Nironun filmlərində italoamerikalının dəfələrlə cinayətkar və ya qanqster kimi təqdim olunması idi. Buna baxmayaraq, ona vətəndaşlıq 21 oktyabr 2006-cı ildə verildi.
Robert De Niro siyasətdə ardıcıl demokrat baxışlarını müdafiə edir. 4 fevral 2008-ci ildə “Super çərşənbə axşamı” ərəfəsində seçki mitinqində iştirak edir və Barak Obamanı dəstəkləyir.

15 fevral 2017-ci ildə o, ABŞ ictimai xadimi Robert Kennedi Frensis ilə birlikdə mətbuat konfransı keçirərək, tərkibində civə olan vaksinin təhlükəsizliyini sübut edə bilənə pul mükafatı təklif edir.
O, dəfələrlə ABŞ prezidenti Donald Trampı tənqid edib. 2019-cu ilin iyununda De Niro Stiven Kinq, Lourens Fiçborn və digər məşhurlar ilə birlikdə NowThis News üçün çəkilən videoda Rusiyanın Amerikanın demokratiyasına və seçkilərinə “hücum etdiyini”, Trampın isə Rusiya ilə sövdələşmədə olduğunu iddia edir.
Şəxsi həyatı
De Nironun ilk evliliyi afroamerikalı aktrisa və müğənni Dayann Abbott ilə olub. O, ərinin bəzi filmlərində kiçik rollarla tanınıb: “Nyu-York, Nyu-York” filmində klub müğənnisi, “Komediyanın kralı” filmində Rita. De Niro Dayannın əvvəlki evliliyindən olan qızı Drenanı övladlığa götürür. Drena De Niro daha sonra tez-tez ögey atası ilə filmlərdə çəkilir: “Aldatma”, “Böyük ümidlər”, “Rokki və Bullvinklın macəraları”, “Lemarkın son işi”.
Bu evlilikdən De Nironun Rafael adlı oğlu da var. O böyüyəndə atasının yolunu davam etdirmək istəsə də, tezliklə aktyorluqdan soyuyur və daşınmaz əmlak sahəsinə keçir. 1988-ci ildə De Niro və Abbott boşanır.
Bundan sonra aktyor uzun müddət keçmiş model Tuki Smitlə münasibətdə olur, lakin rəsmi nikah bağlamırlar. 1995-ci ildə süni mayalanma yolu ilə cütlüyə surroqat ana tərəfindən iki əkiz oğlan – Culian Henri və Aaron Kendrik dünyaya gətirilir. De Niro ata olduğunu ictimai şəkildə tez-tez vurğulayır. Aktyorun supermodel Naomi Kempbell ilə gizli münasibətdə olduğu barədə də məlumatlar yayılıb.
1997-ci ildə De Niro ikinci dəfə evlənir. Yeni həyat yoldaşı – keçmiş stüardessa Qreys Haytauerdir. 1998-ci ildə onların Elliot adlı oğlu, 2011-ci ildə isə Helen Qreys De Niro adlı qızları doğulur. 2018-ci ildə cütlük boşandığını açıqlayır. Məhkəmə qərarına əsasən, Qreys Haytauer De Nirodan ildə 1 milyon dollar və 20 milyon dollarlıq evin satışından gəlirin bir hissəsini almalıdır.
2023-cü ilin mayında Robert De Niro yeddinci övladının doğulduğunu bildirib. Bu, ET Canada jurnalistinin onun altı uşağı olduğunu deməsi ilə üzə çıxıb. De Niro isə düzəldib: “Əslində, yeddi. Yaxınlarda uşağım oldu”. Körpənin cinsi və adı, eləcə də anasının kimliyi açıqlanmayıb.
Robert De Niro haqqında maraqlı faktlar
Robert De Niro San-Fransiskoda Fransis Ford Koppola və Robin Uilyams ilə birlikdə bahalı “Rubikon” restoranının sahibidir.
Onun ən yaxın dostu – tez-tez birlikdə çəkildiyi aktyor Co Peşidir.
De Niro aktyorluqda Stanislavski sisteminin (Metod aktyorluğu) sadiq tərəfdarıdır. Bu metodun digər məşhur nümayəndələri: Marlon Brando (“Xaç atası”), Daniel Day-Lewis (“Sol ayağım”), Edvard Norton (“Döyüş klubu”).
Robert De Niro və Marlon Brando eyni obraz – Vito Korleone (“Xaç atası” və “Xaç atası 2”) üçün “Oskar” almış yeganə aktyorlardır.
11 sentyabr hadisələrindən sonra De Niro Aşağı Manhettenin iqtisadi bərpası üçün “Tribeca” kino festivalını yaratmış təşkilatçılardan biri olub. Festivalın maliyyə ehtiyacları üçün aktyor bir neçə zəif filmdə yüksək qonorar müqabilində çəkilməyə razılaşıb.
De Niro özünü italoamerikalı hesab etsə də, onun italyan kökləri yalnız atasının atasından gəlir.
Robert De Niro solaxaydır, boyu 177 sm-dir.
Tam adı Robert Mario De Niro Jr.-dır.
De Niro məşhur yapon aşpaz Nobu Matsuşisa ilə birlikdə dünya üzrə Nobu restoranlar şəbəkəsinin sahibidir. Bu restoranlardan biri (Nobu Moscow) 2009-cu ildə Moskvada açılıb. Şəbəkənin ən məşhur məkanı – Nobu London-dur.
De Niro “Nyu-York dəstələri” (2002) filmində çəkilməkdən imtina edib. Səbəb – filmin bir hissəsinin Avropada çəkilməsinə görə səyahət etmək istəməməsi və 1999-cu ildə Parisdə qadın alverində şübhəli bilinərək saxlanılması idi.