Logo
news content

Xanımının rəfiqəsi ilə sevgili oldu, ölümdən döndü, deputat seçildi... – HƏYAT HEKAYƏTİ
O, sağlığında bütü hazırlanmış ilk asiyalı sənətkardır

Onu “sönməyən Bollivud ulduzu” adlandırırlar. Ölkəsində teleaparıcı, prodüsser və siyasətçi kimi də tanınır.

1942-ci il oktyabrın 11-də Hindistanın Allahabad şəhərində şair-tərcüməçi və dinin alovlu mübarizi olan Ray Baççanın ailəsində dünyaya gəlib. Anası sosial fəal Teycu Suri Hindistanın naziri İndira Qandinin etibarını qazanan adamdır.

Adı Amitabh, soyadı Şrivastavdır. Baççan atasının ləqəbidir və bu ləqəbi atasına öz anası qoçaqlığına görə verib. Təhsilini Şervud kollecində başlayıb, Dehli Universitetinin Kirori Mal kollecində başa vurub.

Kinoya Amitabh uşaqlıqdan gəlib. Ona bunun üçün bütün göstəriciləri imkan yaradırdı. Cazibədar görkəmi, hündür boyu və möcüzəli səsi. Tələbə mahnılarının əvəzsiz ifaçısı idi.

Səsinin hesabına radioda iş təklifi alır. Böyük ekrana isə onu əvvəlcə qəbul etməyiblər. Deyiblər ki, çox böyük görünür və rənginin qaralığı, gözlərinin qeyri-adi görünüşü onu bir az da vahiməli edir. Ona görə də kinoya gəldiyi ilk illərdə, sadəcə başqa rolları səsləndirməklə məşğul olurdu. 

Nəhayət, bir gün anasının münasibətləri sayəsində İndira Qandinin özündən gələn tövsiyə məktubu ilə kinostudiyaya təşrif gətirib.

Məktub ona 1969-cu ildə “Yeddi hindli” filmində baş rola çəkilməyə imkan yaradır. Film çox böyük gəlir gətirməsə də, Baççan roluna görə “Ən yaxşı yeni aktyor” nominasiyasında ilk milli mükafatını alır.

İkinci çəkildiyi “Anand” filmindəki rolun görə “İkinci planda ən yaxşı kişi rolu” mükafatına sahib olur. Ona populyarlığı isə 1973-cü ildə ədalətsizliyə qarşı təkbaşına mübarizə aparan polis məmuru obrazını yaratdığı  “Yubadılmış intiqam” filmi gətirib. “Qeyzlənmiş gənc” ləqəbini də aktyora bu filmdəki obrazı qazandırıb.

Bu, Bollivudun ilk detektiv və döyüş janrında olan filmi idi. Amitabh Baççan isə 70-ci illərin bir nömrəli ulduzu. Onun obrazları haqqı tapdananlara, zəiflərə vaxtında əl uzadan qəhrəmanlardır.

Hindlilər üçün Amitabh əsil hindli kişi obrazına, millətin simvoluna çevirir.

1977-ci ildə bariton səsinin heyranı olan hind rejissor Rey Satyac “Şahmat oyunçuları” filminin səsləndirməsini bütünlüklə ona həvalə edir. Nəticədə Amitabh Berlin beynəlxalq kinofestivalının “Qızıl ayı” mükafatını alır.

2005-ci ildə isə fransız rejissor Luk Janın “Pinqvinlərin marşı” filmi Amitabh Baççanın səsləndirməsi ilə “Oskar”a layiq görülüb.

1982-ci ildə onun parlayan kino karyerası ağır zədə ilə yarımçıq qalır. “Yükdaşıyan” filminin çəkilişlərində tryukları özü yerinə yetirdiyindən döyüş səhnəsində yıxılır və masanın küncünə dəyən tüpürcək vəzi partlayır. Aktyorun həyatı təhlükədə idi. Bir neçə həftə komada qalır. Bütün Hindistan onun səhhəti haqqında məlumat gözləyirdi. Aktyorun başına gələnlər ssenaridə də dəyişikliklərə səbəb olur. Ssenari yenidən yazılır, qəhrəman birinci hissədə ölür, ikinci seriyada “dirilir”.

Amitabhın populyarlığı ona parlament seçkilərində qalib olmağa kömək edir.

68,2 faiz səslə doğma Allahabad şəhərindən millət vəkili seçilir. Ailəsinin köhnə dostu Raciv Qandinin tərəfdarıdır.

Amma özünün siyasi karyerası dövründə kinematoqrafiyanı buraxmışdı. 1987-ci ildə isə siyasətdən uzaqlaşıb, yenidən kinoya qayıdır.

1994-cü ildə yenidən kinodan gedən Amitabh qardaşı ilə birgə peyk televiziyasında  çalışırdı. Birlikdə yaratdıqları “Amitabh Bachchan Corporation Ltd” Hindistanda ən böyük telekompaniyalardandır. Özü “Kim milyoner olmaq istəyir” layihəsinin aparıcısı olub.

Müğənni kimi də karyerası var. “Aby Bab” adlı uğurlu pop-albomu da çıxıb.  

Beş il sonra kinoya “Ölüm daşıyıcısı” filmində baş rolla qayıdıb. Onun iştirakı ilə 200 film çəkilib. Hindistan milli kinematoqrafçılar assosiasiyası Amitabh Baççanı minilliyin aktyoru adlandırıb.

Amitabh Caya Bhaduri ilə evlidir. İki uşaqları var. Oğlu Abhişak də populyar aktyordur.

Amitabhın uzun müddət xanımının rəfiqəsi, aktrisa Rekha ilə sevgi romanı olub. Bu vaxtsız sevgi aktyor komadan ayılıb xanımını yastığının başında görəndə başa çatıb.

83 yaşı var, boyu 188 santimetrdir. O, ilk asiyalı aktyordur ki, hələ sağ ikən mum fiquru Londonun Madam Tüsso muzeyində qoyulub.

Fransanın ali dövlət mükafatı olan “Gümüş Lotus” mükafatçısıdır. Onun haqqında bir neçə kitab yazılıb. Özü “Karinin qəlbi sənin və mənim üçün” adlı fəlsəfi kitabın müəllifidir.