Logo
news content

Qaraçının qorxulu falı, yarımçıq sevgi, oğurlanan cənazə... – HƏYAT HEKAYƏTİ
Səhnə üçün yaradılıb, ölüm üçün yaşayan tənha qadın

Bir vaxtlar hər gün geyinib-soyunduğu, yuyulan, ütülənən, indi də geyinib-soyunmaqdan nimdaşlaşmış, amma əslində işlənməyən səhnə paltarlarını bir çamadana yığıb özü ilə daşıyır. Hərdən çamadanı yerə qoyur, paltarları eşələyib? içindən gah Anna Kareninanın şlyapasını, gah da Dezdomonanın donunu götürüb geyinir, sonra hirslə qarmaqarışıq formada çamadana yığır, ağzını bağlayıb, götürüb gedir. Hara? Özü də bilmir. Küçədə kimsə onu tanıyır, ayaq saxlayıb arxasınca baxır, amma yəqin inana bilmirlər ki, bir vaxtlar səhnələri lərzəyə gətirən cazibədar aktrisa indi belə səfil görkəmdə küçələrdə nə gəzir?!

Bu, Afaq Məsudun əsrinin qəhrəmanıdır. Milli Dram Teatrında Mehriban Ələkbərzadə “Qatarın altına atılan qadın” adı altında səhnələşdirib. Fikrim tamaşadan deyil, az qala eynilə həmin tamaşanın qəhrəmanının həyatını yaşayan aktrisadan danışmaqdır. Özü də bu taleyi yaşamaqdan yaman çox qorxan aktrisadan - Zərnigar Ağakişiyevadan.

Həyatın bütün zərbələrinə sinə gərib, sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları belə vecinə almadan irəli getməyi, yaşamağı bacaran xalq artisti, azad – tənha qadın Zərnigar Ağakişiyeva. 

Qubadan Bakıya uzanan yol

“Qubadan Bakıya ticarət texnikumuna qəbul olmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi rəssamlıq məktəbinə aparanda sənədləri qəbul edən adam dedi ki, neyniyirsən rəssam olmağı, qız üçün tibb texnikumu yaxşıdır. Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə. Çıxdım atama dedim ki, gedək, pis adamlar var burda. Sonra məsləhətləşdik, sənədlərimi verdim incəsənətə. Atam, anam savadlı insanlar deyildi, amma çox incə qəlbli, uşağa heç nəyə məcbur etməyən, arzularının qarşısına sədd çəkməyən insanlar idi. “Ötən ilin son gecəsində” anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam. Atam da uşaqkən necə məcbur etməzdi, mən böyüyəndən sonra elə istəklərimlə hesablaşardı. Özləri elə tərbiyə etmişdilər, başqa cür ola bilməzdi. Valideynlərimə çox minnətdaram. İldə iki dəfə burdan maşın tutub, Qubaya onların məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.

Bir qardaşım var, ana bir, ata ayrı, onunla da doğmalaşmadıq, həmişə yad olduq. Bayaq tədris teatrından danışırdıq, dedim ki, İlham Rəhimli, İsrafil İsrafilov, Əlabbas Qədirovla tədris teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir sənətdəyəm. İsmayıl Osmanlı, Tofiq Kazımov, Mehdi Məmmədovla bir yerdə işləmişəm. Çox nəhəng sənətkarlar görmüşəm. Niyə bunları deyirəm, çünki bu illər ərzində tamaşaçının məni qəbul etməsini, sevməsini hiss etmişəm. Özüm özümü qəbul etməsəm də, məni sənətə bağlayan tamaşaçı məhəbbəti olub”.

13 il birgə yaşadığım adamdan ayrıldım

“Şəkillərə baxıram, özümü tanıya bilmirəm, inana bilmirəm ki, o xarakterlər məndən keçib. Mən ömür boyu özüm özümü qəbul edə bilməmişəm, özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə vurğun deyillər. Şəhəri piyada çox gəzirəm, zövq alıram Bakının gözəlliyindən, insanlardan. Kimlərsə yaxınlaşıb ürək sözlərini deyirlər. Onların gözlərindəki sevgini, parıltını görəndə çox ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib. 

İlk dəfə səhnəyə gələndə məni bir aktrisaya dublyor verdilər, gözləri ilə məni parçalayırdı. Gözləri açıqca deyirdi ki, rədd ol burdan. Çıxıb getdim. İnstitutun o vaxtkı rektoru Rahim müəllim dedi ki, sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, ora düşə bilsin. Dedim, məni çəkmədi. Sonra təkrar qaytardılar və bu dəfə Leyla Bədirbəyliyə dublyor verdilər. Düşündüm ki, yenə eyni vəziyyəti yaşayacam. Məşqlər başlandı, Leyla xanım əsərin oxunuşunda məni çağırdı yanına. Məsləhətlər verdi, isti münasibət, səmimiyyət göstərdi. Tamaşa təhvil veriləndə Leyla xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. Ostrovskinin əsəri idi, Səməndər Rzayev, İsmayıl Osmanlı, “ağır texnika” ilə bir səhnədə oynadım. Tamaşa, ilk rolum çox gözəl qəbul olundu. Münasib yaş dövrünə düşmədik. Mən eyni dövrdə oxuduqlarımızın hamısından yaşca böyük idim, teatrda isə əsasən məndən çox böyüklər, ya da çox kiçiklərlə ünsiyyətdə olduq. Rus bölməsində oxumuşdum, birdən-birə ətrafdakılara adaptasiya ola bilmirdim. Nə bilim, bunlar bəhanədir, əsas odur ki, tale belə gətirdi, Allahın yazısıdır. 13 il birinə bağlandım, bir yerdə yaşadıq, sonra anladım ki, bu adam ailə qurmağa layiq deyil. Əvvəla, mənim sənətimə mane olmurdu, deyirdi işlə. Bu xoşuma gəlsə də, sonra acığıma gəldi ki, niyə bu mənim mehmanxanalarda, uzaqlarda olmağımı qəbul edir? Bir də ailə üçün yaranmamışdı elə bil, hər şeyə biganə idi. Mən də artıq tamaşaçı tərəfindən sevilmişdim, o sevgi üstün gəldi”.

Allah məni səhnə üçün yaradıb

 “Elələri də olurdu ki, yaxın düşməyə ürək eləmirdi ki, birdən sənəti atmaz. Qadınlar istəyir ki, kişi onun üzərində qələbə çalsın, amma kişilər güclü xarakterli, ağıllı qadınları sevmirlər. Xəyanətlə yoxam, dözə bilmərəm. Allah məni səhnə üçün yaradıb. Bir dəfə anam dedi ki, mən uşaq olanda qaraçı anama deyib ki, bu uşaq məşhur olacaq. Anam deyir dərd məni götürdü ki, bu hələ uşaqdır, necə məşhur ola bilər. İndi başa düşürəm ki, o qaraçı mənim özfəaliyyət dərnəyində çıxışlarımı görüb başa düşüb ki, aktrisa olacam, avam anama ona görə belə deyib. Anam da elə bilib ki, qaraçı uzaqgörəndir. Hələ beş yaşımdan səhnələrdə idim. Anam 40 hörük hörərdi mənə, həmişə səhnələrdə şeir deyərdim. O vaxt Ələsgər Ələkbərov məni Qubada səhnədə görüb, deyib ki, bundan bir şey çıxacaq. Çıxdı, özünü bütünlüklə sənətə həsr etdi, peşman da deyiləm. Künc-bucaqda qalsaydım, peşman olardım. Şükür, tamaşaçı da sevib dəyərləndirir, dövlət də sağ olsun, bu yaşımda təminatım var. Ömür boyu qaçaqaçda olmuşam, məşqlər, qastrollar, əziyyətlər. İndi istəyirəm 12-yə qədər yatıram, rahat yaşayıram. Xalq artisti, ömürlük təqaüdçüyəm, bütün bunlar dəyərdir mənə. Bu güzəran üçün özünü həsr etməyə dəyərmiş. Bu gün məni yaşadan qüvvə odur ki, zəhmətim hədər getmədi”.

Bu optimizm həm də bir qədər özünü gözlənilən qorxudan sığortalamaq xarakteri daşıyır. 

Üstündən bir neçə il keçdi, yenə həmsöhbət olduq. Bu dəfə tamam fərqli danışdı, dedi ki, qorxur, bir neçə ay əvvəl öz taleyini oynayırmış kimi hazırladığı, sonra əlindən alınan “Qatarın altına atılan qadın”ın taleyi onu da izləyir. Ona görə küçədə görünməkdən, teatra getməkdən çəkinir. Tamaşadan çıxarılsa da hər gün teatra gedirdi.

Sağ olsaydı, bu gün 80 illik yubileyini qeyd edəcəkdi. 70 yaşını məhdud bir çərçivədə qeyd etmişdi. Elə istəmişdi.

Zərnigar Ağakişiyeva 2018-ci ilin 8 fevralında 72 yaşında dünyasını dəyişdi. Daha doğrusu, həmin gün evində meyiti tapıldı. Qubadakı qohumları Bakıda dəfn olunmasını istəmədiklərini əsas gətirərək, onun cənazəsini morqdan götürüb, Qubaya aparıb. Akademik teatrda səhnədə vida mərasimi olacaqdı, Fəxri Xiyabanda dəfn ediləcəkdi, bu gün ziyarətinə məzarına gedəcəkdik... olmadı. 

Və bir gün teatrın səhnəsindən özünü qatar altına atırmış kimi zala atır. Anna Karenina taleyi… Bu taleli qadınlar hər dövrdə var.