Ukraynanın "Su-24M" cəbhə bombardmançısı qəzaya uğrayıb, hər iki pilotu ölüb
17 İyun 2026
Ukraynanın Xmelnitski vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Hərbi Hava Qüvvələrinin (HHQ) "Telegram" kanalında bildirilir ki, qəzaya uğrayan təyyarə "Su-24M" cəbhə bombardmançısıdır.
"İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının "Su-24M" cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. "Su-24M"in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko həlak olub", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur.
Qəzanın səbəbləri araşdırılır.