Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sərdar Berdiməhəmmədov - O kimdir

Türkmənistan növbədənkənar prezident seçkisinə hazırlaşır. İndiki dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov namizəd olmayacağını bəyan edib.

1985-ci ildən Türkmənistana Saparmurad Niyazov rəhbərlik edib, 1990-cı ildə prezident seçilib. O, 1991-ci ildən müstəqil dövlət olan ölkənin başında vəfat etdiyi 2006-cı il dekabrın 21-dək dayanıb.

2006-cı il dekabrın 21-dən dövlət başçısı səlahiyyətlərini icra edən Qurbanqulu Berdiməhəmmədov 2007 və 2012-ci illərdə 5 il müddətinə prezident seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb.

2017-ci il fevralın 12-də Qurbanqulu Berdiməhəmmədov yenidən prezident seçkisinin qalibi olub.

2022-ci il fevralın 11-də Qurbanqulu Berdiməhəmmədov növbədənkənar prezident seçkisinə çağırış edib, dövlət başçısı postundan ayrılmaq istədiyini deyib. Fevralın 12-də Mərkəzi Seçki Komissiyası martın 12-nə prezident seçkisi təyin edib.

Növbədənkənar prezident seçkisində hakimiyyətin Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədovu namizəd göstərəcəyi ehtimal olunur.

Novator.az bildirir ki, Sərdar Berdiməhəmmədov 1981-ci il sentyabrın 22-də Türkmənistanın paytaxtı Aşqabadda doğulub. Türkmən Kənd Təsərrüfatı Universitetini bitirib, yeyinti sənayesi sahəsində məsul postlar tutub.

2008-2011-ci illərdə Sərdar Berdiməhəmmədov Türkmənistanın Rusiyadakı səfirliyində çalışıb, 2011-2013-cü illərdə BMT-nin Cenevrədəki ofisində diplomatik xidmət keçib.

2013-cü ildən Türkmənistanın Karbohidrogen Ehtiyatları Agentliyinin direktor müavini olub, 2016-cı ildən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Departamentinə başçılıq edib, həmin il parlamentin deputatı seçilib.

2018-ci ildən xarici işlər nazirinin müavini, 2020-ci ildən sənaye naziri postlarını tutub.

2021-ci il fevralın 11-dən Nazirlər Kabineti sədrinin müavinidir. Bu quruma ölkə prezidenti sədrlik edir.

Sərdar Berdiməhəmmədov texnika elmləri doktorudur. (Novator)