Səhiyyə sistemində ev dustaqlığına alınanlar var
28 Dekabr 2024
Azərbaycanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması əvəzində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslərlə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında bəhs edilir.
İttihamlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Akkreditasiya şöbəsinin müdirlərinə yönəlib. "Həkimlərin ixtisaslarının dəyişdirilməsi, tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılış icazələrinin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlar... müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib", - açıqlamada bildirilir.
Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Məlumatda vurğulanır ki, hər iki vəzifələrdə çalışan şəxslərlə bağlı prokurorun təqdimatı əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hələlik, iddialara sözügedən şəxslərin və ya onların vəkillərinin münasibəti bəlli deyil.
Xatırlatma
Son zamanlar Azərbaycanda plastik əməliyyat həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı iddialara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Ötən həftə Səhiyyə Nazirliyindən bildirilmişdi ki, bu məsələ ilə bağlı məlumatlar onlara da daxil olur və müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradılıb.