“Ağ şəhər”in qara buludu, rəqibi səma olan qadın, günəşə dönən Saşa... – REPORTAJ-REKVİYEM
“O, mənim əbədi qəhrəmanım olaraq qalacaq”
27 Dekabr 2024
“Ağ şəhər”ə ilk dəfə idi gedirdim. Gözəl şəhərdir, işıqfor da çox deyil, yollar seyrəkdir. Bununla belə, keçidləri, yol ayrıclarını ehtiyatla sürürəm, nabələdəm. Naviqator “Təyinat yerinə çatdıq” deyəndə qarşımda yeni və möhtəşəm bir bina gördüm, qapının üstünə Bakı Avropa Liseyi yazılıb.
Başına fırlanıb giriş qapısını tapdım; giriş əsas küçə tərəfdən deyil, əks-arxa və boşluq tərəfdəndir. Adama elə gəlir ki, binanı “2” alan uşaq kimi küncə qoyublar, amma düşünəndə ki, şagirdlər üçün belə daha təhlükəsizdir, plan və layihə qurana haqq qazandırırsan.
Gün yarıdan keçmişdi, axtardığım adamların iş saatları bitdiyi üçün getmişdilər. İlk rastlaşdığım foyedə Aleksandr Kalyaninovun ətrafına gül dəstələri düzülmüş şəkli oldu… Gəlişimin məqsədini bildirdiyim gözətçi və bir neçə işçi, hətta uşağını götürməyə gələn valideynlər başıma yığıldılar. Kədərli, məyus, onun haqqında yazı yazmağım üçün nə kömək lazımdırsa etməyə hazır vəziyyətdə.
Bakı Avropa liseyinin yeni binası qəhrəmanımız haqqında heç nə demir, çünki o, köhnə binada təhsil alıb. Bu binada yalnız onun müəllimlərini tapa bilərdim.
Liseyin sosial media səhifəsindəki paylaşımdan belə məlum olur ki, müəllimləri onun haqqında ətraflı danışa bilər.
“Ölkə kədər içindədir. Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov. O, arzusunu həyata keçirdi: pilot oldu. Uğurlarına necə də sevinirdik. Kalyaninov hələ abituriyent və daha sonra tələbə olanda liseyə Türkiyədən təşəkkür məktubu göndərilib. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan... Ailəsinə və dostlarına başsağlığı diləyirik”.
25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etməli olan "Embraer E190AR" təyyarəsinin ikinci pilotu Aleksandr Kalyaninovu yaxından tanıtmaq istəyirəm.
Rəqibi səma olan qadın
Qəhrəmanın yaxın adamları, xüsusən də müəllimləri, adətən eyni fikirləri deyirlər. “Uşaqlığından ağıllı, savadlı idi”, “bütün yaşıdlarından seçilirdi”, “həmişə qəhrəman olmaq istəyirdi” qəbilli. Bəlkə də belədir, seçilmişləri hansısa işarələr digərlərindən fərqləndirir, sadəcə biz bunun fərqinə onları itirəndən sonra varırıq. Bəlkə də elə deyil, axı qəhrəmanlıq an məsələsidir, amma o an hamı qəhrəman ola bilmir, deməli, istənilən halda qəhrəmanlar daha ali mərtəbənin sakinləri kimi bizdən seçilirlər,
Təyyarə faciəsində həlak olanlardan kimisi atasının dəfnindən qayıdırmış, kimisi anası ilə Yeni ili keçirməyə tələsirmiş, kimsə toyuna, kimsə də təqaüd öncəsi sonuncu uçuşuna gedirmiş… və sair. Hər taleyin arxasında neçə-neçə darmadağın olmuş başqa insan taleləri. Təyyarədəki insan sayını - 67-ni neçəyə vura bilirsənsə, o qədər…
Aleksandr Kalyaninovun isə bircə anası var, bir kəlmə belə deməyə iqtidarı çatmayan, ruhu Saşa ilə birlikdə artıq göylərə qalxmış, cismi görünən Lena.
Həyat yoldaşı da pilot olub, Georgi Kalyaninov. 7 il əvvəl vəfat edib. Qadının bütün ümidi yeganə övladı Saşa idi. Səma onun sevdiklərini ondan çox sevirmiş.
Saşa belə Saşa idi
Səbinə Əliyeva Saşanın 1-ci sinifdən sonuncu sinfə qədər ingilis dili müəllimi olub. 5-ci sinifdən isə həm də onun sinif rəhbəri.
Saşa Bakı Avropa Liseyinə 1999-cu ildə qəbul olunub: “İlk dərs günü sinfə girən kimi Saşa diqqətimi çəkmişdi. Sarışın, hündürboylu, yumru yanaqları gözlərini balacaladırdı. Yaşından da böyük görünürdü. Bir də simasında daimi gülüş ifadəsi vardı. Hətta ilk gün yaxınlaşdım ona ki, sən niyə gülümsəyirsən, gülməli nə var? Baxdı üzümə, gülümsədi. Sonra hiss etdim ki, sifətinin ifadəsi belədir-daima gülümsəyir, günəş kimi. Yaddaşımda belə də qalacaq – parlaq aydın siması, açıq ürəyi ilə” – deyir və bayaqdan gözlərinə dolan yaş muncuqlanıb yanaqlarına axır. Udqunub, davam edir:
“Bir gün onun gündəliyinə qeyd yazmışdım, çünki bütün dərs boyu yerində fırlanıb, dərsə qulaq asmamışdı. Sonra da bunu zəng edib anasına demişdim. Evə gələndə anası, Lena xanım ona deyib ki, Saşa, gündəliyini mənə ver, görək bu gün neçə almısan? Deyib, yox, ana, vermərəm. Anası təkid edib, yenə verməyib. Lena xanım qalxıb ki, özü götürsün gündəliyi. Saşa deyib, otur ana, onsuz da tapmayacaqsan, mən onu gizlətmişəm. Belə dürüst, hətta bir az saf uşaq idi. Amma heç vaxt dərsə hazırlıqsız gəlməzdi. Ailənin tək övladı olmasına baxmayaraq, ərköyün deyildi, əksinə, həmişə təvazökar və hər kəsə kömək etməyə çalışan uşaq idi.
Sinif rəhbəri kimi uşaqlarımla yaxın oluram. Saşa da həmişə mənə xəyallarından danışardı. Aykido və boksla məşğul olurdu. Bir gün mənə dedi: "Sabina Tağıyevna, gəlin, mən sizə aykido dilini öyrədim, siz isə mənə ingilis dilini. Belə də razılaşdıq. Bəzi şeylər öyrənmişdim ondan. Ən böyük arzusu pilot olmaq idi. Atası Georgi Kalyaninov da pilot idi, amma o, helikopter idarə edirdi. Saşa mənə deyirdi ki, təyyarə pilotu olmaq istəyir. Mən də onun bu sözündən yapışdım, dedim, Saşa, pilot olsan, müxtəlif ölkələrə uçacaqsan, deməli, ingilis dilini öz ana dilin kimi bilməlisən. Bir az düşündü, sonra dedi: "Söz verirəm, öyrənəcəyəm". Sözünü tutdu, ingilis dilini mükəmməl öyrənmişdi. Yüksək ballar topladı, qəbul imtahanında 25 sualdan 24-ünə cavab verdi. Birinci kursu bizim Aviasiya Akademiyasında oxuyub bitirdikdən sonra, yaxşı tələbə olduğu üçün İzmir Universitetinə göndərildı. Bir il sonra həmin universitetdən bizə belə bir mütəxəssis yetişdirdiyimiz üçün təşəkkür məktubu və hədiyyə göndərdilər. Belə oğlan idi bizim Saşa”.
Sonuncu cümlədə nə qədər istilik və sevgi var, əvəzolunmaz müəllim sevgisi ki, hər şagirdə qismət olmur.
Səbinə müəllimdən məni Saşanın sinif yoldaşlarından kiminləsə görüşdürməsini xahiş etdim. Sağ olsun, Diana ilə tanış etdi.
O, mənim qəhrəmanım olaraq qalacaq
“Bir-birimizi 6 yaşdan tanıyırıq. 11-ci sinfə qədər bir yerdə oxumuşuq. Bütün uşaqlığımız bir yerdə keçib. Analarımız bizi bir yerdə dərsdən götürərdilər, ya onlarda, ya da bizdə yemək yeyərdik. Bütün bayramları birlikdə keçirərdik. Ad günlərimiz ikili qeyd olunardı. Saşa çox xeyirxah, gülərüz, ağıllı oğlan idi. Onunla bağlı xatirələrim hamısı şən və işıqlıdır. Qəza baş verən anlarda mən təsadüfən onun haqqında rəfiqəmlə danışırdım. Məzəli əhvalatlarını xatırlayıb gülürdük, sonra faciə barədə eşitdik. Uşaqlıqdan istədiyi hər şeyə nail olurdu. Ən ümdə arzusuna çatmışdı, amma yarımçıq qaldı. Saşa həm də mənim uşaqlığımın bir hissəsidir, həmişə gülümsər siması ilə əbədi olaraq xatirəmdə qəhrəmanım olaraq qalacaq”.
Belə, neçə gündür daha bir faciənin detallarını incələyirik. Çox olub belə faciələrimiz, təbiətimizin “günahıdır”, taleyimizdir. Amma çox xoşbəxt xalqıq, çünki yüzilliklərlə başımıza gətirilən müsibətlər bizi sındırmayıb, əyməyib, ayaqda qalmışıq, müstəqilliyimizə, işğal edilmiş torpaqlarımıza qovuşmuşuq. Bu günlər isə əvvəlkilərə heç bənzəmir, ayağımız üstündə daha möhkəm dayanmışıq, haqqımızı daha cəsarətlə tələb edirik, əminəm ki, qarşıda daha böyük qələbələr gözləyir bizi. Qələbə isə itkisiz olmur. Bütün şəhidlərimiz, o cümlədən sonuncu təyyarə faciəsinin qurbanları nur içində uyusunlar. Onlar insanlıq naminə, daha aydın, günəşli səma üçün canlarından keçdilər. Bir gün insan övladı ali düşüncəyə qovuşacaq, mənasız müharibələrə son qoyacaq ümidi ilə onların ruhlarının sevinəcəyinə inamımız var.
AZAL-ın sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq. 44 günlük Vətən Müharibəsində həlak olmuş vətəndaşlarının yanında. Orada isə sapı özündən olan baltalarla baltalanan millətin nümayəndəsi yalnız İqorla Aleksandr deyil...
Görməsəm də, Saşanın xatirəmə həkk olunmuş gülümsəyən çöhrəsi ilə məktəbi tərk edirəm. Mən bayıra çıxanda hava qaralırdı. “Ağ şəhər”in üstünü qara buludlar almışdı, yağış yağacaqdı. Yağsın, yağışdan sonra adətən gün çıxır...
Ramilə Qurbanlı