Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bort bələdçisi: “AZAL-ın təyyarəsinin yaxınlığında üç partlayış baş verdi”

Dekabrın 25-də AZAL aviaşirkətinin “Embraer” təyyarəsinin qəzaya uğraması zamanı sağ qalan bort bələdçisi Zülfüqar Əsədov hadisə barədə danpışıb.

Xəstəxanada olan Əsədov jurnalistlərə bildirib ki, təyyarə Qroznı aeroportu üzərində iki giriş edib, lakin imtina cavabı alıb.

“Üçüncü girişdə biz təyyarəyə kənar zərbə hiss etdik. Sərnişinlər çaxnaşmaya düşdülər və biz onları sakitləşdirməyə başladıq. Bundan dərhal sonra ikinci zərbəni hiss etdik və qolumda ağrı hiss etdim. Bu, qəlpə idi, məni ciddi şəkildə yaraladı və qan itirməyə başladım. Bundan sonra daha bir partlayış oldu, həm biz,  həm də sərnişinlər hiss etdilər”, - o bildirib.

Bort bələdçisi deyib ki, komandir başqa aeroporta uçmaq qərarına gəlib, ancaq yaxın şəhərlər təyyarəni qəbul etməyiblər və Aktauya uçmalı olub: "Əvvəlcə komandir təyyarəni suya endirməyi planlaşdırırdı, lakin sonra yerə enməyə qərar verdi və sərt eniş olacağı aydın idi".

Əsədov deyib ki, onun həmkarı, digər bort bələdçisi sərnişinləri kəmərləri möhkəm bərkitməyə çağırıb. Yerlə toqquşanda kabinə ön hissədən ayrıldı və təyyarə parçalandı.

Əsədov təyyarənin bortunda oksigen balonunun partlaması barədə xəbərləri təkzib edib. "Əgər belə olsaydı, təyyarə dərhal qəzaya uğrayardı”, - o qeyd edib.

Sağ qalmış şahidin bu ifadələri təyyarənin vurulduğunu təsdiqləyir, onun bortundakı dəliklər isə  üç raket partlamasının izləridir.