Logo
news content
User
Kateqoriyalar

Xəbər

MDB Oyunları Azərbaycana nə verəcək?

"Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək". Bunu, dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə prezident İlham Əliyev söyləyib.

Prezident qeyd edib ki, əsas oyunlar Gəncə şəhərində keçiriləcək: "Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb... Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt 5 min -5 min 500 iştirakçı var idi".

Prezidentin əlavə etməsinə görə, Gəncədə 7 min iştirakçını, onların komandalarını, heyətlərini qəbul üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verilib: "Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək...".

I Avropa Oyunları Bakıda 2015-ci ildə keçirilib və rəsmi olaraq bu idman yarışının tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1 milyard 174 milyon manat təşkil edib. Amma qeyri rəsmi iddialara görə, həmin yarışların təşkilinə görə ölkədə daha çox pul xərclənib.

2017-ci ildə paytaxtda keçirilən İslam Həmrəylik Oyunları üçün isə 100 milyon dollarlıq büdcə nəzərdə tutulduğu açıqlanmışdı.

Üstəlik, 2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə də milyon manatlarla vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır.

Təkcə 2023-cü ildə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün 208.9 milyon manat ayrılıb. 2024-cü ildə bu rəqəm 234.7 manat proqnozlaşdırılıb.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. Hərçənd, bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı "Turan"a bildirib ki, təkcə Azərbaycanda yox, dünyanın hər yerində idmana maraq var: "Ona görə də bu idman yarışının burada keçirilməsi bizim xeyrimizədir".

Deputat hesab edir ki, bu yarışlar Azərbaycanın piarı üçün vacibdir: "Burada qeyri-adi bir şey yoxdur. Necə ki, vaxtilə Avropa Oyunları, İslam Həmrəylik Oyunları keçirilirdi, indi də MDB-yə daxil respublikaların yarışı keçiriləcək. Ciddi bir məsələdir və mən bunu yalnız alqışlaya bilərəm".

A.Abbasın fikrincə bu idman yarışı Azərbaycana turistləri cəlb edir: "Azərbaycanda turizm inkişaf edir. Bu da əlavə reklam olacaq. Gəlib görəcəklər, yazacaqlar, göstərəcəklər və turistlər görəcək ki, Azərbaycanda vəziyyət necədir. Sonra isə təkcə MDB-dən deyil, digər ölkələrdən də turistlər daha çox gələcək".

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, sözügedən idman yarışının büdcəsi, hələlik, bilinmir: "Bu vəsait idman yarışlarının keçirilməsi üçün gələn il büdcəsində nəzər tutulan vəsaitin tərkibindədir. Yaxşı olar ki, rəsmi qurumlar bununla bağlı ictimaiyyətə əlavə məlumat versin".

O da hesab edir ki, bu tipli oyunların keçirilməsi turizmin inkişafına hesablanıb: "Başqa bunun heç bir idman dəyəri yoxdur. Bu tipli oyunlar olimpiadaya lisenziya qazandırmır, reytinq cədvəllərində idmançıların irəli getməyinə səbəb olmur".

N.Cəfərlinin fikrincə, əgər məqsəd budursa və bununla paralel Gəncədə infrastruktur layihələri həyata keçirilərək orada dəyişikliklərə səbəb olacaqsa, deməli, turizmlə bağlı növbəti addımlar da olmalıdır: "Gəncədən Gürcüstana qədər 150 kilometrdir, amma quru sərhədlər hələ də bağlıdır Turizmin ümumilikdə quru sərhədlərin açılması ilə paralel inkişaf etdirilməsi strategiyası olmalıdır ki, açılandan sonra da bu oyunların yaratdığı informasiya fonu daha çox turistin cəlb olunmasına xidmət etsin". (Koronavirus pandemiyası ilə bağlı 2020-ci ildən ölkənin quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, məhdudiyyət götürülmür. Rəsmilər bunu təhlükəsizliklə izah edirlər).

Büdcə xərclərin şəffaflığına gəlincə, iqtisadçı bunun Azərbaycanda "xroniki xəstəlik" olduğunu düşünür: "Uzun illərdir ki, böyük investisiya layihələrində şəffaflıqla bağlı ciddi problemlər var. Baxmayaraq ki, bu vəsaitlər dövlət büdcəsindən ayrılır və vətəndaşların da büdcəyə nəzarət etmək və xərclənən vəsaitlə bağlı məlumat almaq hüququ var. Ümid edirəm ki, bu dəfə hər dövlət qurumu gördüyü işlə bağlı daha çox məlumat verəcək".

Onun sözlərinə görə, bu yarışların pozitiv effekti, müvəqqəti də olsa, yeni iş yerlərinin yaradılmasıdır.

Bəzi ekspertlər də hesab edirlər ki, belə idman oyunları korrupsiyaya imkan yaradır, həmin vəsaitlər əslində əhalinin sosial problemlərinə xərclənməlidir.