Logo
news content
User
Kateqoriyalar

Xəbər

"NATO Ukraynaya qoşun yeridə bilər" - Keçmiş baş katib

“Alyansın Vilnüsdə keçiriləcək yay sammitində Kiyevə real təhlükəsizlik zəmanəti verilməsə, bəzi NATO ölkələri Ukraynaya qoşun yeritmək istəyə bilər”.

“The Guardian” xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi Anders Rasmussen deyib.

O, sammit öncəsi ölkələrin münasibətini öyrənmək üçün Avropa və ABŞ-a işgüzar səfər etdiyini bildirib. Onun fikrincə, əgər NATO Ukraynaya təşkilata daxil olmaq üçün aydın imkan yarada bilməsə, o zaman bəzi ölkələr ayrı-ayrılıqda hərəkətə keçə bilər.

“Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməklə fəal məşğuldur. Və mən Polşanın bu kontekstdə milli əsasda daha da güclü hərəkət edəcəyini istisna etməzdim”.

Rasmussen əlavə edib ki, Ukraynanın hərbi yardımla bağlı müraciəti tamamilə qanunidir. O, həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri yazılı şəkildə və daha yaxşı olar ki, sammitdən əvvəl verilsin:

“Təhlükəsizlik təminatları kəşfiyyat məlumatlarının mübadiləsini, Ukrayna ilə birgə təlimləri, silah-sursat istehsalının artırılmasını, NATO-ya uyğunluğu və Rusiyanın gələcək hücumlarından çəkindirmək üçün kifayət qədər silah təchizatını əhatə etməlidir”.