Logo
news content
User
Kateqoriyalar

Analitika

Müsyö Dekottini İrəvanı “partladır”
Səfir Parisin planlarını açıqladı; məqsəd sülhə dəstək, yoxsa, mane olmaqdır?

Fransanın Ermənistandakı səfiri Olivier Dekottini yerli mətbuata müsahibəsində iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın bütün istiqamətlərinə toxunub. Diplomat Azərbaycanla-Ermənistan arasında sülh danışıqları ilə bağlı rəsmi Parisin mövqeyini açıqlayıb, habelə Avropa İttifaqı missiyasıının gələcək fəaliyyəti, Ermənistanın silahlandırılması mövzularına da toxunub. 

Səfir əvvəlcə qeyd edib ki, ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri arasında müzakirələr Avropa İttifaqının (Aİ) tərəflər arasında vasitəçiliyinin dayandığı anlamına gəlmir. 

“Aİ hələ də hər iki tərəfə öz xidmətlərini təklif edir. Bildiyimə görə, Ermənistan Aİ-nin təklifini rədd etməyib. Əlbəttə, danışıqlara və onların nəticələrinə nəzər salsaq, ən mühüm və təsirli addımlar Aİ vasitəçiliyi sayəsində atıldı, xüsusən tərəflər 2022-ci ilin oktyabrında Praqada Aİ və prezident Makronla görüşdülər və burada onlar ədalətli və davamlı sülhün bərqərar olması üçün əsas olan Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədilər”, - səfir bildirib.

Diplomat qeyd edib ki, sülh sazişinin imzalanması zərurəti təcilidir: “Dəfələrlə, o cümlədən Ermənistanın Baş naziri tərəfindən bəyan edilib ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb. O, artıq razılaşdırılmış müddəalar üzrə sazişi imzalamağa hazır olduğunu bildirib, həll olunmamış məsələlər üzrə növbəti müzakirələrin aparıla biləcəyini qeyd edib. Azərbaycanın üzərinə xüsusi məsuliyyət düşür, xüsusən ona görə ki, COP29-un təşkilatçısı kimi beynəlxalq diqqəti özünə cəlb edir. Bu da onun üzərinə xüsusi beynəlxalq öhdəliklər qoyur. İndiki mərhələdə onların əsas vəzifəsi Ermənistanla sülh müqaviləsi bağlamaqdır”.

“Azərbaycan sülh sazişini imzalanmasını gecikdirsə və COP29-dan əvvəl sazişi imzalamaqdan imtina etsələr, nə olacaq” - sualına Fransa səfiri belə cavab verib:

“Bu sualı Azərbaycana ünvanlamaq lazımdır. Bizim mövqeyimiz aydındır. Sülh sazişinin şərtləri mövcuddur və mümkün qədər tez bağlanmalıdır. Bu, COP29-dan əvvəl deməkdir”.

Olivier Dekottini Avropa İttifaqının Ermənistandakı missiyasını genişləndirməyi planlaşdırdığını da ifadə edib: 

“Azərbaycanın, eləcə də Rusiyanın Avropa missiyasını tənqid etməsinə çox təəccüblənirəm. Həm Rusiyadan, həm də Azərbaycandan eyni sözləri eşitməyimiz olduqca diqqətəlayiqdir, bəzən mətnlərin sadəcə tərcümə edildiyini düşünmək olur. Amma faktlara nəzər salsaq, təmas xəttində hərbi insidentlərin sayının azalmasına Avropa missiyası öz töhfəsini verib. Mən yalan xəbərlərdən yox, real hadisələrdən danışıram. Atışma təhlükəsi və hətta münaqişənin yenidən başlaması riski ilə üzləşən təmas xəttinə yaxın erməni kəndlərinin sakinləri missiyanın mövcudluğunu alqışlayırlar. Mən Aİ missiyasının patrullarına qoşuldum və yerli sakinlərlə görüşdüm. Onlar üçün Avropa missiyası təhlükəsizlik əlaməti və dünyanın onları unutmadığının sübutudur. Məhz buna görə də Fransa Aİ tərəfdaşları ilə birlikdə missiyanı genişləndirməkdə israr edirdi və bu, artıq baş verir. Missiyanın heyəti demək olar ki, iki dəfə artır və onun imkanları genişləndirilir. Bu, regionda sabitliyə ən mühüm töhfələrdən biri olub”.

Səfir vurğulayıb ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır, bu da bir neçə yüz nəfər deməkdir. “Onların missiyası son dərəcə təsirlidir. Son illərə nəzər salsaq, Google ilə “silahlanmış” onlarla avropalı silahsız müşahidəçi bu regionun sabitliyi üçün Dağlıq Qarabağdakı Rusiya kontingentindən daha çox iş görüblər”, - diplomat əlavə edib.

“Bu o deməkdirmi ki, Aİ Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən çıxarmayacaq” - sualını O.Dekottini belə cavablandırıb:

“Missiyanın mandatı Brüsseldə müəyyən edilir”.

Səfir Qarabağdan köçmüş ermənilərin geri qayıtması ilə bağlı Fransanın mövqeyinin İrəvanın gündəliyi üst-üstə düşüb-düşməməsi barədə danışarkən iddia edib ki, Ermənistana 100 mindən çox qaçqın köçüb. “Dağlıq Qarabağın, demək olar ki, bütün erməni əhalisi qaçmağa məcbur oldu. Mən “məcburi” deyirəm, çünki bu, könüllü qərar deyildi. Doqquz aylıq mühasirə və amansız hərbi hücumdan sonra bu, könüllü qərar ola bilməzdi. Beynəlxalq Frankofoniya Təşkilatının oktyabrın 5-də qəbul etdiyi qətnamədə bu insanların qayıtmasının vacibliyini vurğulanması xüsusilə vacibdir. Onlara ilk dəstək verən dövlət bizik, bu insanlara və Ermənistana onları qəbul etməkdə kömək etdik. 2023-cü ildə Fransa Dağlıq Qarabağ qaçqınlarına və onları qəbul edən erməni icmalarına humanitar yardım göstərən ilk donor olub. Bu, həssas əhalidir və onların hələ də dəstəyə ehtiyacı var. Bu o demək deyil ki, biz onların geri qayıtmaq hüququndan imtina edəcəyik. Çünki onların geri qayıtması bir öhdəlikdir. Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı Azərbaycan da daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər üçün məcburidir. Əlbəttə, biz bilirik, qaçqınların özləri də bilirlər ki, indi geri qayıtmaq üçün şərait yoxdur. Ermənistan hökumətinin mövqeyi ilə bizim aramızda bu məsələ ilə bağlı mövqe fərqi varmı? Məncə, yox. Birincisi, biz Ermənistan hökumətinin bu qaçqınları qəbul etmək və onlara inteqrasiya etmək səylərini dəstəkləyirik. İkincisi, Beynəlxalq Ədalət Məhkəməsinin qərar prosesi Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilib. Biz öhdəliyin yerinə yetirilməsini gözləyirik və bunu mümkün etmək üzərində işləyirik”.

Oliver Dekkotini Ermənistan-Fransa hərbi əməkdaşlığı barədə danışıb. Bu çərçivədə müdafiə silahları və sursatlarının alınmasına dair müqavilələrin icra vəziyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsi imkanlardan, o cümlədən Ermənistanın KTMT-yə üzv olmasının hərbi əməkdaşlığın dərinləşməsinə mane olub-olmadığına aydınlıq gətirib:

“Biz Ermənistan hökumətinin “dondurulmuş üzvlük” kimi qələmə verdiyi KTMT-yə üzvlüyünə öz xalqını, ərazisini və suverenliyini qorumaq üçün lazım olan hərbi texnika ilə təmin edilməsinə maneə kimi baxmırıq. Biz dedik və etdik. Biz bunu tərəfdaşlarımıza, o cümlədən NATO müttəfiqlərimizə açıqladıq. Yəni bizim üçün heç bir tabu yoxdur. Biz şadıq ki, digər ölkələr, məsələn, Hindistan da Ermənistanla hərbi əməkdaşlığa başlayıb. Və daha çox ölkənin bu prosesə qoşulacağına ümid edirik. Təchizat məsələsini şərh etməyəcəm. Amma bizim əməkdaşlığımız birdəfəlik deyil. Yalnız bir sifariş çatışmırdı. SEZAR sistemi üçün keçən ilki sifarişlər də daxil olmaqla yeni sifarişlər var. Söhbət müqavilə imzalamaqdan, təminat verməkdən, sonra Ermənistanı unutmaqdan getmir. Söhbət Ermənistan ordusunun modernləşmə prosesində çiyin-çiyinə addımlamaqdan gedir. Hərbi texnika bunun yalnız bir hissəsidir. Təlim və hərbi doktrina da son dərəcə vacibdir. Biz həm Ermənistanda, həm də Fransada erməni əsgərlərinə təlimlər keçiririk və Müdafiə Nazirliyinə məsləhətlər veririk”.

Fransa səfirinin bəyanatlarını şərh edən politoloq Fərhad Məmmədov bildirir ki, Parisin mövqeyi regionda digər maraqlı qüvvələrin mövqeyindən kəskin fərqlənir:

“Azərbaycan və Ermənistan liderləri arasında Kazanda baş tutan danışıqlarda irəliləyişlərin əldə olunacağına ümid yaranan kimi xarici aktorların sülhdə nə dərəcədə maraqlı olduğunu araşdırmağa çalışdım.

Nəticədə aşağıdakı mənzərə alındı:

ABŞ ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasında və Ermənistan ərazisindən kommunikasiyaların açılmasında maraqlıdır. ABŞ Prezidenti bu barədə yazıb.

- Rusiya Lavrovun ağzı ilə sülh müqaviləsi mövzusunda “Allah xeyir versin” deyərək, Ermənistan ərazisində onların iştirakı ilə nəqliyyat dəhlizlərinin açılmasına diqqət yetirib.

- İran sərhəd mövzusunda yeniliklərlə maraqlanır və bildirir ki, əsas odur,  “sərhədlər dəyişməsin!”

- Türkiyə Ermənistanla münasibətlərini hər üç istiqamətdə müəyyən etdiyi üçün danışıqlar prosesinin bütün istiqamətlərini dəstəkləyir

Yalnız Fransa qalmışdı. Səfir isə deyir ki, sülh sazişi COP29-dan əvvəl bağlanmalıdır, yəni saatlar sonra...”

Politoloq diplomatın nitqindəki uyğun olmayan tona diqqət çəkir: “Məsuliyyətlər”, “lazımdır”, “zirvədən əvvəl”... İşlər belə getmir, cənab səfir! Bayden məktubda qeyd edir ki, ilin sonuna qədər, Paris isə COP29-a qədər israr edir”.

F.Məmmədov Oliver Dekottininin Avropa İttifaqının Ermənistandakı missiyasıının genişləndiriləcəyi barədə fikirlərini belə şərh edib: “Deməli, Fransa sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişlərə baxmayaraq, Aİ-nin Ermənistandakı missiyasının tərkibini genişləndirməyə hazırlaşır! Sərhədin müəyyənləşdirilməsi prosesi həmişəki kimi davam edirsə, Aİ-nin missiyasını artırmağa, hətta uzatmağa nə ehtiyac var?!”

Qarabağ ermənilərin geri qaytarılmasının zəruriliyi haqda diplomatın dediklərinə gəlincə, ekspert vurğulayır ki, belə görünür, Ermənistan bu mövzunu bağlasa belə, Paris əl çəkməyəcək: 

“Mən belə bir qənaətə gəldim ki, sözün əsl mənasında Fransa Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişlərin əldə olunmasında maraqlı deyil. Bəs Ermənistan hökuməti bununla bağlı nə etməlidir?! Axı Paris Paşinyanı pis vəziyyətdə qoyur…”

Turqut