Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyan COP29-da iştirak, delimitasiya və sülh müqaviləsi barədə danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 31-də ölkə parlamentində çıxışında bildirib ki, Ermənistanın Bakıda COP29 sammitində iştirakı hələlik təsdiqini tapmayıb.

"Biz dəvət almışıq, bununla bağlı heç bir rəsmi cavab və ya münasibət bildirməmişik", deyə o bildirib. Eyniz amanda, Mirzoyan Ermənistanın sammitdə iştirakını istisna etməyib.

Bu sammitdə erməni əsirlər məsələsinin qaldırılması mümkünlüyündən danışan nazir əsirlərin və digər saxlanılan şəxslərin azad edilməsi məsələsinin Yerevan və Bakı arasında müzakirələrin daimi mövzularından biri olduğunu qeyd edib.

Sərhədin delimitasiyası məsələsinə toxunan Mirzoyan deyib ki, Yerevan suveren Ermənistan ərazisinin 29 743 kv km təşkil etməsi üçün əlindən gələni edir.

"Bizim 200 kv km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir", deyə o bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri və Azərbaycanın nəzarəti altında olan Ermənistan əraziləri var idi. Eyni zamanda, o hesab edir ki, Azərbaycanla dinc münasibətlər qurmaq olar.

Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələblərinə gəlincə, Mirzoyan bu iddiaları "əsassız" adlandırıb.

"Konstitusiya Məhkəməsinin sərhədin Alma-Atı Bəyannaməsi əsasında demarkasiyasının Ermənistan Respublikasının Konstitusiyasına tam uyğun olduğu qeyd edilən qərarı əhəmiyyətli dəlildir", deyə XİN başçısı qeyd edib.

Kommunikasiyaların açılması prosesinə gəlincə, Mirzoyan bildirib ki, açılmalı olan bütün infrastrukturlar ərazisindən keçdikləri ölkələrin suverenliyi altında qalmalı və həmin ölkələrin qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməlidir.