Gürcüstanda bəzi ərazilərdə səslər yenidən sayılıb, hakim partiya qalib gəlib
01 Noyabr 2024
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, son parlament seçkilərində bülletenlərin qismən yenidən sayılması hakim Gürcü Arzusu partiyasının qələbəsini təsdiqləyib, AFP xəbər verir. MSK-nın məlumatına görə, 29 oktyabrda 12 faiz seçki məntəqəsində və seçicilərin 14 faizini əhatə edən məntəqələrdə aparılan bu yenidən sayım “əvvəllər elan edilmiş rəsmi nəticələrə əhəmiyyətli dərəcədə təsir etməyib,” yalnız 9 faiz məntəqədə kiçik protokol dəyişikliklərinin olduğunu vurğulayıb.
Seçki məntəqələri təsadüfi seçilməklə yenidən sayım həyata keçirilib. MSK-nın ilkin nəticələrinə görə, Gürcü Arzusu partiyası 26 oktyabrda keçirilən seçkilərdə səslərin 54 faizini qazanaraq parlamentdə əksəriyyəti saxlayıb. Bülletenlərin 99 faizi sayıldıqdan sonra Gürcü Arzusu partiyasının 150 mandatdan 89-nu qazandığı təsdiqlənib, Müxalifət partiyalarından Dəyişiklik Koalisiyası və Vahid Milli Hərəkat (VMH) daxil olmaqla əsas müxalifət blokları isə ümumilikdə 61 mandat əldə edib. Bununla belə, Gürcü Arzusu Tbilisi, Kutaisi və Batumi kimi şəhərlərdə geri qalıb, ümumi seçici fəallığı isə 58.94 faiz təşkil edib.
MSK-nın açıqlamasına baxmayaraq, Prezident Salome Zurabişvili və müxalifət liderləri nəticələri rədd edərək ciddi seçki pozuntularının baş verdiyini iddia edib və etirazlara çağırış ediblər. “Biz xalqımıza və ölkəmizə qarşı edilən yeni hibrid müharibənin bir forması olan Rusiya xüsusi əməliyyatının şahidi və qurbanı olduq,” deyə Zurabişvili bəyan edib.
ABŞ və Avropa İttifaqı da daxil olmaqla beynəlxalq müşahidəçilər pozuntularla bağlı narahatlıqlarını ifadə ediblər. Seçicilərin qorxudulması, rüşvət, dövlət qulluqçularına təzyiq, dəfələrlə səs vermə və bülleten doldurma halları Qərb rəsmilərini mümkün saxtakarlıqlar və seçki prosesinə xarici müdaxilə ilə bağlı geniş araşdırmalar aparmağa çağırıb. Nəticələr, müxalifət qruplarının Gürcü Arzusu partiyasının idarəçiliyini şübhə altına alması fonunda, həm ölkə daxilində, həm də Gürcüstanın beynəlxalq əlaqələrində gərginliyin artacağına işarə edə bilər.