ABŞ Gürcüstanda seçki pozuntularının tam araşdırılmasında israr edir
31 Oktyabr 2024
Çərşənbə günü ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini parlament seçkilərində yol verilmiş pozuntuları araşdırmağa çağıran prezident Co Baydenin sonuncu bəyanatı ilə bağlı şərh verməyib.
Bir müddət əvvəl "Gürcü arzusu"nun bir sıra vəzifəli şəxsləri bildiriblər ki, Ağ Evin bəyanatını "Gürcüstanda legitim seçkilərin tanınması" hesab edirlər.
"Prezidentin bəyanatı nə deməkdirsə, o deməkdir, vəssəlam... O, Gürcüstan hakimiyyətini araşdırma aparmağa çağırıb. Biz həmçinin açıq şəkildə bildirdik ki, Avropa İttifaqındakı həmkarlarımızla məhz hansı araşdırmalara ehtiyac olduğu haqqında məsləhətləşmələr aparırıq", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib.
Çərşənbə günü Gürcüstanın dövlət prokurorları araşdırmalara başladıqlarını açıqlayıblar və prezident Salome Zurabişvilini pozuntular haqqında ifadə verməyə dəvət ediblər.
"Biz açıq şəkildə bildirdik ki, Gürcüstan hökuməti ilə münasibətlərimiz dayandırlıb. Biz artıq Gürcüstan hökumtətinə 95 mln. dollarlıq yardımımızı dayandırmışıq", deyə o bildirib.
Turan-ın Gürcüstan hakimiyyətinin vətəndaş cəmiyyətinin üzvlərinin, daha dəqiq isə Atlantic Council-in bu yaxınlarda bank hesabları dondurulan iki əməkdaşının qorxudulması kampaniyası haqqında sualına cavabda Miller belə deyib: "Bu konkret hadisələrlə bağlı şərh verməyəcəyəm, amma aydındır ki, insanların əsas azadlıqlarına riayət olunmalıdır. Etiraz etmək azadlığı, fikri ifadə etmək hüququnu həyata keçirmək azadlığı məhdudlaşdırılmamalıdır".