Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lentsov Bakıdan "əliboş" dönüb - Heç nə alınmadı

Rusiya sülhməramlı kontingentinin Qarabağakı yeni komandanı Aleksandr Lentsovun Bakıda apardığı danışıqların nəticəsiz bitdiyi bildirilir.

Bu barədə bazar günü, mayın 7-də Azadtutyun Xankəndindəki separatçı quruma istinadla məlumat yayıb.

Lentsovun Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırması ilə bağlı vəziyyəti müzakirə etmək üçün Bakıda olduğu vurğulanır.

Xəbərdə qeyd olunur ki, müzakirələrin nəticələrinə görə vəziyyətin müsbət dəyişməsi və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Hələki rəsmi Bakı bu görüşlə bağlı hər hansı məlumat paylaşmayıb.

Aleksandr Lentsov yeni komandan təyin olunandan sonra mayın 4-də Bakıda olub və onu Azərbaycanın müdafiə naziri qəbul edib.

Həmin gün Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Aprelin 23-də Bakı Azərbaycan-Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolundakı Həkəri çayının üzərindəki yeni salına körpüdə nəzarət-buraxılış məntəqəsi qurub.

Ermənistan bu nəzarət -buraxılış məntəqəsinin qurulmasını Qarabağdakı erməni əhalinin blokadaya salınması kimi dəyərləndirsə də Bakı keçid məntəqəsindən insanların sərbəst keçib gəlməsi üçün hər hansı problemin olmadığını bildirir.

Nəzarət keçid məntəqəsinin qurulmasından sonra Şuşa yaxınlığında 100 gündən çox davam edən aksiyası dayandırılıb, həmin əraziyə Azərbaycan təhlükəsizlik qüvvələri cəlb edilib.

Xatırlama

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.