Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Sandunu prezident kimi təbrik etdi, Rusiya seçkiləri "qeyri-demokratik" adlandırdı

Bazar ertəsi ABŞ prezidenti Co Bayden Mayya Sandunu yenidən Moldovanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. 

Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

"Bazar günü Moldova xalqı seçki məntəqələrinə gedib və prezident Sandunun təhlükəsiz, mütərəqqi və demokratik Moldova baxışına səs verib", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

"Prezident Sandunun yenidən seçilməsi Moldova xalqının Avropa İttifaqına üzvlüyü dəstəkləmək üçün konstitusiya referendumu keçirməsindən cəmi iki həftə sonra baş verib", - deyə o, əlavə edib.

Bayden qeyd edib ki, Rusiya bir neçə ay boyunca Moldovada demokratik institutları və seçki proseslərini pozmağa çalışıb. "Lakin Rusiya müvəffəqiyyətsizliyə düçar olub. Moldova xalqı öz gələcəyini seçmək hüququnu həyata keçirib və Avropaya və bütün dünyadakı demokratiyalara uyğun olan yolu seçib", - deyə o vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində isə Moldovadakı seçkiləri ölkə tarixinin ən qeyri-demokratik seçkiləri adlandırıb.

Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.

Zaxarova qeyd edib ki, Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib: "Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.

Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi cəmi iki seçki məntəqəsi açılıb. Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Qərbi Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib".

Rusiya XİN rəsmisi vurğulayıb ki, Maia Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporaların səsləri ilə təmin edilib.

Zaxarova əlavə edib ki, Moldova hakimiyyəti Rusiya Federasiyası ilə əlaqələri dəstəkləyən vətəndaşların maraqlarını nəzərə almalıdır.