Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan çərçivə sazişi imzalamaqdan imtina edib
Fərid Şəfiyev: “Təcavüzkarın hərbi imkanları məhdudlaşdırılmalı, başqa sözlə, demilitarizasiya edilməlidir”

“COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı gözlənilir. Lakin məndə olan məlumata görə, Ermənistan tərəfi bir müddət öncə çərçivə razılaşmasını imzalamaqdan imtina edib”. 

Pressklub.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı X sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, əvəzində, Ermənistan hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlıdır.

BMTM-in sədri bildirib ki, bu 3 məsələdən birincisi həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir: “Erməni xalqının Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən növbəti hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər.

İkinci məsələ, tərəflərin sülh prosesinə qoşulmağa hazır olmasının çox yaxşı indikatorudur. Görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir”.

Üçüncü məsələ, Avropa İttifaqının hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən, gələcəkdə hərbi missiyaya çevrilməsi istisna edilməyən mülki missiyası ilə bağlıdır.

Avropa İttifaqının 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını görməzdən gəlməsi və Azərbaycanın razılığı olmadan missiya göndərmək üçün tələsməsi faktlarını nəzərə alsaq, aydın olur ki, Azərbaycan ərazilərimizi talan etmiş və dağıtmış təcavüzkar dövlətin tərəfində duran bu quruma etimad edə bilməz.

Mən belə bir arqument də eşitmişəm ki, sülh müqaviləsi davamlı təhlükəsizliyə təminat verə bilməz. Necə ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayan tərəflərin yazılı öhdəliklərinə baxmayaraq, memorandum Ukraynanın ərazi bütövlüyünü qoruya bilmədi.

Beləliklə, sülhün yeganə təminatı vaxtında və yerindəcə tədbir görməkdir: Ermənistanın hərbi imkanları məhdudlaşdırılmalı, başqa sözlə, demilitarizasiya edilməlidir”, - deyə F.Şəfiyev vurğulayıb.

O əlavə edib ki, iqtisadi əməkdaşlıq Cənubi Qafqaza yeni təhlükəsizlik elementləri gətirə bilər. Lakin buna nail olmaq üçün hələ uzun yol qət etmək lazımdır: “Təəssüf ki, beynəlxalq aktorlar tərəfindən regionda xeyli bölücü xətlərin çəkildiyinin şahidi oluruq”.