Azərbaycan üçün kim yaxşıdır - Tramp, yoxsa Harris?
05 Noyabr 2024
Azərbaycanda bəziləri inanır ki, Donald Trampın prezident seçilməsi Azərbaycan üçün daha yaxşıdır.
Lakin Kamala Harrisin daha adekvat olduğu qənaətində olanlar da az deyil.
BBC Azərbaycancanın Bakı sakinləri arasında apardığı kiçik sorğuda da hər iki fikir üstünlük təşkil edib.
Azərbaycandakı Donald Trump tərəfdarları fikirlərini onunla izah edirlər ki, ABŞ-ın keçmiş Prezidenti son çıxışlarında müharibələri dəstəkləməyəcəyini və heç bir müharibənin olmayacağıını deyib.
Kamala Harris-in prezidentliyini istəyənlər isə, əksinə Donald Trump-ın özünü doğrultmadığını bildirirlər və Harris-i alternativ kimi görürlər.
ABŞ-da prezidentliyə namizədlər: Azərbaycan-Ermənistan sülh prosesi kontekstində
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
“ABŞ-da Donald Tramp və ya Kamala Harrisin prezident olması Azərbaycan üçün nə deməkdir” sualının cavabını, əsasən, Ağ Evə rəhbərlik edəcək şəxsin rəsmi İrəvan və Bakı arasındakı münasibətlərdə tutduğu mövqe müəyyənləşdirəcək.
Buna səbəb isə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının hələ də imzalanmaması və rəsmi Bakı üçün digər ölkələrlə münasibətlərdə Ermənistan amilinin qüvvədə olmasıdır. Başqa sözlə desək, Azərbaycan hökuməti üçün digər dövlətlərlə əlaqələrdə həmin ölkələrin İrəvanla olan dost və ya qeyri-dost münasibətləri önəmlidir.
Azərbaycan Prezidenti İlham Əliyev yayda keçirilən bir beynəlxalq konfransda Trampın prezidentliyi dövründə “çox səmərəli və qarşılıqlı hörmət üzərində qurulmuş əməkdaşlıqları” olduğunu vurğulayıb.
O, Kamala Harrislə bağlı fikrini birbaşa açıqlamasa da, Qarabağ məsələsinə görə hazırkı ABŞ administrasiyasının “fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olduğunu” gizlətməyib. O, indiki rəhbərliyi Qafqazda “ayırıcı xətlər çəkməkdə” ittiham edib.
Tramp və Harris-in Qarabağla bağlı mövqeyi
Hazırda rəy sorğularına görə, Donald Tramp və Kamala Harris bərabər səsə malik olduğundan hər ikisi çıxışlarında ölkənin ən kiçik etnik qruplarını da öz tərəflərinə çəkməyə çalışırlar. Buna görə də, ABŞ-dakı erməni lobbisinin etimadını qazanmaq onlar üçün önəmli məsələyə çevrilib.
İkinci Qarabağ müharibəsi Trampın prezidentliyinin son aylarına təsadüf edirdi. 2020-ci ildə Tramp adminstrasiyasının Azərbaycan-Ermənistan arasındakı müharibə ilə bağlı səssiz mövqeyi müşahidə olunurdu.
Hətta erməni lobbisi Kamala Harrisi tənqid edirdi ki, niyə o, ABŞ siyasətində xüsusi çəkiyə malik Kaliforniya ştatının senatoru olarkən Trumpaın bu müharibəyə səssizliyinə qarşı heç nə etməyib.
Ötən il Azərbaycanın Qarabağda apardığı və on minlərlə erməninin oranı tərk etməsi ilə nəticələnən bir günlük hərbi əməliyyatdan sonra Kamala Harrisin vitse-prezidenti olduğu Ağ Ev adminstrasiyası ilə Bakı arasında siyasi münasibətlər pisləşməyə başladı.
Vəziyyət o həddə çatdı ki, hər iki tərəf bir-birinin ölkəsinə “yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz” saydı, yəni, bir-birlərinə, sonradan aradan qaldırılan sanksiyalar qoydu. ABŞ Bakıya birbaşa yardımları qadağan edən 907-ci düzəlişin icrasını qüvvədə saxladı.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Qarabağda yaşamış ermənilər sentyabrın 28-i 2023-cü ildə Qarabağı tərk edirlər
Bir vitse-prezident kimi Kamala Harrisin Vaşinqtonun Bakıya qarşı bu həmlələrində hansı rolu oynadığı məlum olmasa da, o, bəzi addımları ilə Qarabağ məsələsində mövqeyini ortaya qoydu.
Kamala Harris sentyabrın 23-də - Ermənistanın Müstəqillik Günündə, ABŞ-ın erməni ictimaiyyətinə göndərdiyi müraciətdə Qarabağdan köçən ermənilərin “təhlükəsiz şəraitdə öz evlərinə” qayıtmalı olduğunu və “erməni soyqırımının unudulmamasına” dair çağırışlar etdi.
Bunun ardınca, seçki zamanı bir səsin belə nəticəni dəyişəcəyinə inanan Donald Tramp da erməni lobbisinin diqqətini çəkəcək paylaşım etdi.
O, rəqibi Kamala Harrisi 2023-cü ildə etnik ermənilərin Qarabağdan “məcburi və dəhşətli formada” çıxarılmasına göz yummaqda ittiham etdi və bildirdi ki, əgər prezident seçilsə, Ermənistanla Azərbaycan arasında “sülh yaradacaq”.
Hər iki namizədin Qarabağ erməniləri ilə bağlı verdiyi açıqlamada diqqət çəkən məqam isə Azərbaycan tərəfinin reaksiyası oldu. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hökumətə loyal olan Qərbi Azərbaycan icması Kamala Harrisi çıxışında “Dağlıq Qarabağ” ifadəsini işlətdiyinə görə onu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdə günahlandırsa da, müraciətində “Artsax” ifadəsini işlədən Donald Trampla bağlı mövqe bildirmədi.
Eyni zamanda son açıqlamalarının birində Trampa rəğbətini gizlətməyən İlham Əliyev və ya onun adminstrasiyası da Trampın Qarabağ erməniləri ilə bağlı verdiyi açıqlamasını indiyə kimi şərh etməyib.
Amma bundan əvvəlki açıqlamasında cənab Əliyev vurğulamışdı ki, onun fikrincə, “anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır və onlar ermənilərin səslərini qazanmaq istəyirlər”.
İnsan haqları amili
ABŞ-Azərbaycan münasibətlərində insan haqları ilə bağlı məsələlər xüsusi yer tutur: Dövlət Departamentinin hesabatlarında Azərbaycan insan haqlarının vəziyyətinə görə mütəmadi tənqid olunur.
Azərbaycanda jurnalistlərin, ictimai və siyasi fəalların son həbslərindən sonra ABŞ-ın dövlət katibi səviyyəsində rəsmi Bakıdan tutulanların azadlığa buraxılması ilə bağlı çağırışlar səslənsə də, Azərbaycan hakimiyyəti bunu “daxili işi sayaraq” bu çağırışlara əhəmiyyət vermir.
Bunun fonunda Donald Tramp və ya Kamala Harrisin prezident olduqdan sonra Azərbaycanda insan haqlarının vəziyyətinə təsir edəcəyinə inanmaq çətindir. Çünki Donald Trumpın, ümumiyyətlə, prioriteti ABŞ-ın iqtisadi məsələləridir, ilk prezidentliyi müddətində də dünyada demokratik dəyərlər, insan haqları kimi məsələlərə o qədər diqqət ayırmayıb.
Kamala Harrisin vitse-prezidentlik dövrü isə Azərbaycanın insan haqlarına görə daha çox tənqid olunduğu dövr ilə üst-üstə düşür.
Azərbaycandakı insan haqlarını qiymətləndirən yerli və beynəlxalq QHT-lərin hesabatlarına görə, Azərbaycanda son illərdə bu sahədə vəziyyət yaxşılığa doğru dəyişməyib.
Ötən ilin oktyabrından bugünədək Azərbaycanda 15-dən çox jurnalist, ictimai və siyasi fəal saxlanıb. Onları həbslərini fəaliyyətləri ilə bağlayır, Azərbaycan hakimiyyəti isə ölkədə heç bir kəsin əqidəsinə, peşəsinə görə təqib olunmadığını, həbs edilənlərin törətdikləri cinayət əməlinə görə ittiham edildiyini bildirir.
Enerji tərəfdaşlığı amili
Bəzi tənqidçilərə görə, ABŞ-ın Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə səssiz qalması rəsmi Vaşinqton və Bakı arasında enerji sahəsində olan əməkdaşlıqla bağlıdır.
ABŞ-da daxil olmaqla, Qərb rəsmiləri özləri də etiraf edirlər ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artıb.
Avropa ölkələri 2025-ci il yanvarın 1-dən etibarən, Rusiyadan qaz idxalını tamamilə dayandıracaqlarını bəyan ediblər.
ABŞ hökuməti də Avropanın Rusiyanın enerji ehtiyatlarından asılılığını minimuma endirməkdə maraqlıdır.
Belə olan halda, Azərbaycanın həm Mərkəzi Asiyadan təbii qazın Avropaya ötürülməsindəki tranzit rolu, həm də öz qazının idxalının həcmini artırması Qərb üçün daha vacib amilə çevrilib.
ABŞ-da mənzillənən Freedom House təşkilatı hesab edir ki, Qərbin enerji maraqları Azərbaycan hökumətinə Avropa İttifaqının enerji ehtiyacını "siyasi alətə çevirərək Qərbin fundamental insan haqlarına dair tənqidlərindən yayınma imkanı" verib.
Nəticədə hakim partiya “ciddi reaksiyalarla üzləşmədən” ölkədə tənqidi fikirlərə qarşı mübarizə aparma gücünü artırmış oldu, qurumun Avropa və Avrasiya proqramları üzrə direktoru Marc Behrendt BBC Azərbaycancaya deyib.
"Görünür, Azərbaycanın Avropa ilə qaz sazişləri imzalaması və enerji sahəsində əməkdaşlığını genişləndirməsi kimlərisə narahat edir. Ona görə də, iqtisadi məsələləri siyasiləşdirməyə çalışırlar", - Avropa İttifaqı ilə qaz sazişləri imzalanarkən səslənən insan haqları ilə bağlı tənqidləri əsassız sayan, hakim YAP-ı parlamentdə təmsil edən Aydın Mirzəzadə deyib.
Elə Azərbaycan hakimiyyəti də onu söz azadlığını boğmaqda ittiham edənlərin fikirləriylə razılaşmır. Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, Azərbaycanda "bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur".
Rusiya-Ukrayna arasında müharibənin daha da gərginləşdiyi, eləcə də qarşıdan soyuq qış aylarının yaxınlaşdığını əsas götürsək, yeni seçilən prezidentin kim olmasından asılı olmayaraq, Ağ Evin Azərbaycandakı insan haqları ilə bağlı mövqeyində dəyişiklik olmayacağı ehtimalı daha yüksəkdir.