Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşğal, azadlıq və... daşqın. Xersonda həyat yenə alt-üst olub

“Hələ məktəbdə bizə Nova Kaxovka bəndi dağılarsa, nə etməyi öyrədirdilər”, – Xersondakı daşqında evləri salamat qalmış Karina Kublenka danışır. Dnepr üzərindəki Nova Kaxovka bəndinin dağılması humanitar və ekoloji böhrana səbəb olub.

Karina əri Olehlə birlikdə iyunun 7-də yüksəklikdə yerləşən Şöhrət Parkına gəlib, Dneprin kəskin dəyişmiş görünüşünü, geniş deltasını seyr edir.

“Su bizim mənzilə gəlib çıxmadı”


“Amma o zaman (məktəbdə) bəndin mümkün zəlzələdən dağıla biləcəyini ehtimal edirdilər, Rusiyanın terror aktından deyil”, – qadın vurğulayır. Prezident Volodimir Zelenski, milyonlarla ukraynalı da deyir ki, Rusiya bu ölkədəki müharibənin tərkib hissəsi olaraq bəndi qəsdən dağıdıb.

30 yaşlarında olan Karina və Oleh Xersonda qəhvə mağazası işlədirlər. Onlar Rusiya işğalı altında doğulmuş bir yaşlı oğlanları Mikitanı da çay daşqınını seyr etməyə gətiriblər. Daşqın Ukraynanın ötən payız Rusiya qüvvələrindən geri aldığı şəhər ətrafında bir neçə kilometr ərazini əhatələyir.

Ailə 24 saat öncə şəxsi əşyalarını yığıb ki, onları da evakuasiya edə bilərlər. “Amma su bizim mənzilə çatmadı, çıxası olmadıq”, – Oleh vurğulayır.

Ukraynanın ən böyük çayı Dnepr normalda sakitcə Xerson ərazisindən Qara Dənizə axır. Ancaq Nova Kaxovka bəndi dağılandan bir gün keçəndən sonra belə çayın gurultusu kəsilmirdi.

“Rusiyalılar getdikcə ümidsizləşirlər”


Şöhrət parkının yaxınlığında isə Antonivski körpüsünün dağıntıları görünür. Rusiya qüvvələri noyabrda Dnepr çayının şərq sahilinə çəkiləndə bu körpünü partladıblar. Ukrayna əsgərləri çay sahilinə yaxın Xersonska küçəsində keşik çəkirlər.

“Öz mövqelərini su altında qoydular”, – şəhərdə daşqının davam etməsinə baxmayaraq, əhvalı yaxşı olan, 34 yaşını qeyd edən bir əsgər deyib.

“Rusiyalılar getdikcə ümidsizləşirlər”, – deyən əsgər əlavə edir ki, Rusiya ötən ilin fevralında işğalın ilk günlərində bəndi ələ keçirəndən bəri onu partladacağı haqda spekulyasiya dolaşırdı.

Nova Kaxovka bəndinin dağılmasının uzunmüddətli fəsadları, eləcə də hadisənin dəqiq səbəbləri bəlli deyil. Ancaq növbəti günlərdə və həftələrdə nəhəng humanitar və ekoloji fəsadlar verəcəyi dəqiqdir. Həmçinin Ukraynanın cənubunda və şərqində ərazilər ələ keçirmiş Rusiya qüvvələrinə qarşı çoxdan gözlənən əkshücuma da təsir göstərə bilər.

Sənədlərini, heyvanlarını çıxaranlar


Subasma nəticəsində minlərlə insan evlərində ilişib qalıb, onlarla heyvan həlak olub. Ukrayna hakimiyyəti Xerson vilayətində 42 min adamın daşqın riskiylə üzləşdiyini bildirir. Minlərlə inşan işıqsız, içməli susuz qalıb. Səhiyyə Nazirliyi daşqın ərazisində quyularda, çaylarda, göllərlə çirklənmə ehtimalı ilə bağlı xəbərdarlıq səsləndirib.

Xilasedicilər subasmanın onlara çatmayacağına ümid edərək evlərindən çıxmayan adamları xilas ediblər. Əşyalarını çıxara bilməyən bu şəxslərin yalın əllərində yalnız sənədləri var, qorxmuş vəziyyətdə, islanmış itləri, pişikləri ilə gəliblər.

Onlardan biri Mikola Blonski əlində küçüyünü, bir də sarı cücələr olan bir qutu tutub. Deyir ki, bir neçə saat əvvəl həyat yoldaşı Neonilla ilə Velikiy Potomkin adasındakı daçalarından çıxıblar.

“Ümid edirdik, su gəlib bizə çıxmaz, ancaq sonda bir təpəyə çıxıb xilasedici qayığı gözləməyə başladıq”, – Blonski danışır.



Xersonda su basmış ərazi


Xersonda su basmış ərazi


İşğal dövründə evindən çıxmamışdı...


66-yaşlı Volodimir Barsak bir neçə saat öncə yuxudan oyanıb, evinin birinci mərtəbəsinə su dolduğunu anlayıb. Keçmişdə yanğınsöndürən işləmiş Barsak üçmərtəbəli evinin pəncərəsindən tullanıb, bir dəstə açarı da boynundan asıb.

“Hələ bilmirəm neyləyəcəyəm”, – mobil telefonla ailəsilə danışandan sonra deyir. Rusiyanın səkkiz ay çəkən işğalı dövründə o, evini tərk etməyib. Həmin günləri həyatının “ən pis dövrü” adlandırır. Di gəl, suyun səviyyəsinin qalxması onu evindən çıxmağa vadar edib.

Rusiyanın təyin etdiyi hakimiyyət iyunun 7-də Xersonun işğal olunmuş hissəsində fövqəladə vəziyyət elan edib. Onlar “irimiqyaslı” evakuasiyanın planlaşdırılmadığını deyirlər. Prezident Zelenski isə vəziyyətin “tamamilə katastrofik” olduğunu bildirib.

Rusiyanın nəzarətində olan Oleşki şəhərinin köçkün meri Yevhen Rişçuk deyir ki, subasma nəticəsində azı 3 nəfər həlak olub.

Daha çox evin su altında qalması, ziyan, evakuasiyalar Xersonu bir daha sınağa çəkir.

“Ancaq bu, Rusiya işğalı altındakı zülmlə müqayisəyə gəlməz”, – Barsak vurğulayıb.