Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Putini  soyqırımda ittiham etdi. Putin hələ susur

“Qəssab”, “hərbi quldur”, “qanlı diktator” və nəhayət... “soyqırım canisi”

 ABŞ prezidenti Bayden Rusiyanın Ukrayna ilə müharibəsindən danışarkən ilk dəfə “soydırım” ifadəsini dilə gətirdi. Aprelin 12-də Ayova ştatında çıxışında o amerikalılara müraciət edərək dedi: “Sizin ailə büdcəniz, benzin çənini doldurmaq imkanınız dünyanın o başında qərar tutmuş, müharibəyə başlamış və soyqırım törədən bir diktatordan asılı olmamalıdır”.

Bayden Rusiya prezidentinə qarşı belə ağır ittiham irəli sürməkdə israrlı olduğunu nümayiş etdirmək üçün sözünü təkrarlamışdır:

“Bəli, mən bunu “soyqırım” adlandırdım, - Ağ Evin sahibi çıxışdan sonra jurnalistlərə demişdir. – Getdikcə daha aydın surətdə görürük ki, Putin hətta ukraynalı olmaq ideyasını birdəfəlik yer üzündən silməyə çalışır”.

“Rusiyalıların Ukraynada törətdikləri həqiqətən dəhşətli əməllər haqqında daha çox sübutlar ortaya çıxır və biz dağıntılar barədə hələ çox şey öyrənməliyik”, - ABŞ prezidenti əlavə edib. Baydenin sözlərinə görə, Rusiya rəhbərliyinin və hərbçilərinin əməllərinin “soyqırım” meyarlarına uyğun gəlib-gəlmədiyini beynəlxalq hüquqşünaslar araşdırmalıdırlar, ancaq onun özü üçün hər şey aşkardır.

Ukrayna prezidenti Zelenski ABŞ rəhbərinin bu addımını alqışlayıb: “Əsl liderin dilindən çıxan çılpaq həqiqət! Hər şeyi öz adı ilə adlandrmalıyıq ki, şərin qarşısını ala bilək”.

Putin hələlik Amerika prezidentinin bu ittihamına cavab verməyib.