Logo
news content
User
Kateqoriyalar

Analitika

Araşdırma

Mobil özbaşınalıq - İstəsən də budur, istəməsən də…
İstehlakçıların narazılığına səbəb olan mobil operatorlar məsuliyyətə cəlb oluna bilərmi?

Son vaxtlar mobil operatorlardan, xüsusilə də “Bakcell”-dən şikayətlər səngimir. İstifadəçilər deyir ki, "Bakcell" onların icazəsi olmadan hansısa tariflərə qoşur. SMS gəlir, bildiriş verilir və imtina edilmədiyi təqdirdə avtomatik tarifə qoşulur. Hətta bəzən imtina edildiyi təqdirdə belə, bunu edirlər. İstifadəçilər isə deyir ki, onların icazəsi olmadan bunu etmək ixtiyarları yoxdur. SMS-i hər insan görməyə bilər, ondan imtina etməyi bacarmayanlar ola bilər. Buna görə də icazələri olmadan avtomatik tarifə qoşulmalarından narazılıq edirlər. Bundan əlavə, "Bakcell"-in qaynar xəttinə zəng etdikdə saatlarla gözlədiklərini bildirirlər. Şikayətlərə baxılmır. Bir sözlə, “Bakcell” hegemonluq edərək istehlakçıları maddi-mənəvi zərərə uğradır. 

Zərərçəkənlərdən biri olan Elvin Həsənli Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, 2-3 aydır balans bildirişi üçün 67 qəpik çıxılır. Bundan əlavə, icazəsi olmadan onu hansısa tarifə qoşublar: “Balans bildirişindən imtina etdim. Bütün problemlər də bundan sonra başladı. Bir də gördüm ki, balansımda uzun müddət yığılan 44 manatdan 36 manat qalıb. Bir SMS gəlibmiş ki, məni gündəlik hansısa 25 qəpiklik tarifə qoşurlar. İmtina etmirəmsə, 2 gün pulsuz, sonra pullu olacaq. Mən isə ümumiyyətlə SMS-ə baxmamışam, sonradan xəbərim olub. 1 aya balansdan 8 manat pul çıxıb. “Bakcell”-in “qəbuluna” bəzən günlərlə düşmək olmur. Zəngə ən yaxşı halda 20-30 dəqiqə sonra cavab verirlər. Niyəsini soruşanda da, zənglərin çox olduğunu, çatdıra bilmədiklərini deyirlər. Demək, hamının onlarla problemi var. Cavab da bəzən kobud formada olur. Problemi izah edirəm, deyirlər ki, imtina etməmisiniz deyə, avtomatik qoşmuşuq. Heç cür başa sala bilmədim ki, imtina etməmək, icazə vermək deyil, icazəm olmadan bunu etməyə ixtiyarları yoxdur”.

“Bakcell”-in səriştəsiz fəaliyyətindən narazı olanlar o qədər çoxdur ki, səslərini duyurmaq üçün çıxış yolunu sosial şəbəkələrdə paylaşım etməkdə görürlər. Bəziləri düşünür ki, hamı birlikdə şikayət etsə, nəticəsi olar. Necə deyərlər, tək əldən səs çıxmaz. Bəziləri isə bunun üçün yorulmağa dəyməz deyib, sakitcə “Bakcell”-dən imtina edirlər. Hər bir halda “Bakcell”-in müraciətlərə cavab vermədiyini, şikayətlərə baxmadığını nəzərə alsaq, bu çıxış yolunu optimal variant hesab etmək olar. 

Həmin paylaşımlardan birində yazılan şikayət məktublarını təqdim edirik: “2 gün öncə “Bakcell”-in müştəri xidmətinə gedib, bütün xidmətlərindən imtina etdim. Sadəcə nömrəni işlədəcəm, heç bir xidmətindən istifadə etməyəcəm. Nömrəm əvvəl “business freedom” paketində idi. 12 manatlıq tarifi 5-6 manata alırdım. İndi 12 manat, üstəlik 6 manat da xidmət haqqı çıxılır. Heç cür sərf etmir. “Bakcell” çox bahacıldır ancaq insanların cibinə, haqqına girir”

“1 Mb internet istifadə etdiyim halda yuvarlaqlaşdırıb 5 Mb çıxıblar. Şikayət edəndə deyirlər ki, 1 Mb istifadə etdikdə 5 Mb, 6 Mb istifadə etdikdə isə 10 Mb sərf olunurmuş. Əvvəl belə bir şey yox idi. Heç bir xəbərdarlıq etmədən özlərindən yuvarlaqlaşdırma sistemi çıxarıblar. Bundan əlavə, hər ay balans bildirişi üçün 0.67 qəpik çıxırlar”.

““Bakcell”-in fırıldaqçılığı bitmir. Deməli, 1 il əvvəl “Bakcell” əməkdaşlarının zəng edib təklif etdiyi “Klass10 Post Paid” tarifinə keçdim. Aylıq 10 manat abunə haqqı idi tarifə keçəndə. İndi tarif dəyişib 11 manat olub və heç bir bildiriş və ya SMS gəlməyib. Bu gün getdim ki, həmin tarifi və abunəliyi ləğv edim. Əməkdaş dedi ki, sizə əlavə olaraq 12 manat kredit borcu yazılıb bu 1 ildə. Bəs mənə niyə hər ay bu kredit limiti haqqında nə SMS ilə nə də ki, tətbiqdə bildiriş edilmir? Xidmət mərkəzindəki əməkdaş da tutarlı bir cavab verə bilmədi. Nəhayət, 23 manat verib bu tarifdən canımı qurtara biləcəyimi dedilər. 8 manat yarım qalmış abunə borcu+12 manat kredit limiti borcu+ 3 manat tarif dəyişmə borcu. Qısacası, “Bakcell” millətin cibinə girməyə davam edir”.

Bu şikayətlər sadəcə bir neçəsidir. “Bakcell”-dən o qədər şikayət məktubları var ki, yazsaq, bitməz. 

Məsələni aydınlaşdırmaq üçün “Bakcell”-ə müraciət etsək də, həmişəki kimi  susmağı seçdilər.

“Bu, birmənalı olaraq qanun pozuntusudur”.

Bu sözləri Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib.

“Bakcell”dən istifadə etmirəm, ona görə də, bu halla rastlaşmamışam. Amma hər bir halda “Bakcell” bu hərəkəti ilə istehlakçı hüquqlarını kobud şəkildə pozur. Həmin qanunda da bildirilir ki, çeşid, keyfiyyət, miqdar, məbləğ və s. haqqında istehlakçının tam məlumat əldə etmək haqqı var. Yəni, öncədən istehlakçıya məlumat verilməli, yalnız istehlakçının təsdiqlədiyi halda onu həmin tarifə qoşmalıdırlar. İstehlakçıya mütləq seçim haqqı verilməlidir. Əks halda istehlakçını buna məcbur etmək və razılıq almadan tarifə qoşmaq qanun pozuntusudur”, - hüquqşünas bildirib. 

Müsahibimiz deyib ki, “Bakcell” abunəçilərin müraciətlərinə cavab vermirsə, şikayətlərə baxmırsa, bu da qanun pozuntusu sayılır. Bütün bunlara görə istehlakçı məhkəməyə müraciət edə bilər. Hətta kompensasiya da tələb edə bilər: “Bundan əlavə, “Bakcell”-ə və ya digər operator şirkətlərin qaynar xətlərinə müraciət edildikdə onlar bu müraciətləri qeydə almalıdır. Almırlarsa, bu da qanun pozuntusudur. Alırlarsa, vətəndaş bunu sübut kimi  məhkəməyə bildirə bilər. Bundan başqa, digər ölkələrdə məhkəmələr bu məsələlərə çox aqressiv yanaşır. Çünki onların borcu vətəndaşa xidmət etməkdir. Etmədiyi halda isə məsuliyyətə cəlb olunurlar”. 

Təəssüf ki, bu cür şikayətlər təkcə “Bakcell”-dən yox, “Azercell”-dən və “Nar Mobile”-dən də olur. Və ən pisi də odur ki, xətalarını düzəltməyə çalışmaq yerinə, müştərilərin şikayətlərinə belə, doğru-düzgün baxmırlar. Çünki bazar bu üç monopolist şirkətin əlindədir. 

Bu şirkətlər tərəfindən maddi-mənəvi zərərə uğrayan istehlakçılar çəkinmədən məhkəməyə müraciət edərək haqlarını tələb edə bilərlər. Nə də olsa, hər kəs qanun qarşısında bərabərdir!

Günay Elşən