Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan bazarında qızılın qiyməti hansı istiqamətə dəyişəcək? – ARAŞDIRMA

Son zamanlar dünya bazarında qızılın qiyməti maksimum həddə çatıb. Bu bahalaşma qonşu Türkiyədə də hiss olunur. Hazırda Azərbaycanda da toylar mövsümünə start verilib. Bu da qızıla olan tələbatın daha da artması deməkdir. Bəs dünyadakı bahalaşma və tələbatın artması fonunda Azərbaycan bazarında qızılın qiyməti hansı istiqamətə dəyişəcək?

Satıcılar deyir ki, Azərbaycan qızıl bazarında son dövrlərdə tələbat zəifdir: “Yeni 585 əyarlıq məhsulun 1 qramı 46-50 dollara (70-85 manat) başa gəlir. 750 əyarlıq qızıl müştərilərə 62-63 dollara (105-107 manat), 585 əyarlı türk qızılı isə 48,5 - 50 dollara (73-85 manat) təklif edilir. Bu qiymətə həm daşınma, həm də gömrük rüsumu daxildir. Yerli istehsal sexlərindəki məhsulun qiyməti isə 1 qram üçün 46 dollardır. Bazarda Ramazan Bayramına kimi alver zəif olub. Bayramdan sonra bir az canlanma var. Qızılın qiymətinin düşmə ehtimalı hələ ki, görünmür. Amma qızılın qiyməti elədir ki, sabah necə olacaq, onu bilmək olmur. Qiymətləri dünya bazarı tənzimləyir. Dünya ilə Azərbaycan bazarı arasında 1-2 dollar fərq var”.



Zərgərlər isə bildirir ki, bizim ölkəmizdə qızıl çox istifadə olunduğu üçün qiymətlər çox da bahalaşmır: “Dünya bazarındakı bahalaşma bizim ölkənin bazarına çox təsir edir. Ölkəyə qızıl daxil olanda onun gömrük xərcləri, vergisi, yerpulu və s. amillər qiymətin qalxmasına təsir edir. Həftədə 2 dəfə London və ABŞ birjası əsasında qiymət müəyyənləşir. Bu birja nəticəsində qızılın qiyməti bütün dünyada eyni olur. Hansı ölkədə qızıl çox olarsa, orada bazar sabit vəziyyətdə qalır. Amma harada ki alqı-satqı səviyyəsi azdır, orada bahalaşma çox olur. Bizim ölkədə isə qızıl çox alınıb-satılır. Satışda daha baha qiymətə hesablanır. Bir üzüyün mayası 100 manatdırsa, o, 500-600 manata satılır. Dünya ölkələrində olduğu kimi nəzarət komitəsi olsa, insanlara da ağırlıq olmaz”.



İqtisadçı Rauf Qarayevin sözlərinə görə, qızıl həm idxal, həm də ixrac baxımından mühüm məhsul növü sayılmır: “Sənaye məhsullarının istehsalçı qiymətlərinin səviyyəsi və dinamikasında zərgərlik məmulatlarında 2020-ci ilə nisbətən 2021-ci ildə 2 faiz artım müşahidə olunub. Metal filizlərinin hasilatı ilə məşğul olan müəssisələrin işinin əsas göstəricilərində isə qızıl istehsalında 2020-ci ilə nisbətən azalma var. Belə ki, əgər 2020-ci ildə 3570,8 kiloqram qızıl  istehsal olunubsa, 2021-ci ildə bu rəqəm 3351.1 kiloqram təşkil edib. 2015-cildən 2021-ci ilə kimi ən yüksək istehsal 2019-cu ildə 3711,5 kiloqram olub. Zərgərlik məmulatlarının pərakəndə satışı 2020-ci ildə 320929000,3 manat olubsa, 2021-ci ildə bu rəqəm 357927000,3 manat olub”.



R.Qarayevin fikrincə, Azərbaycan bazarındakı qızıl məmulatlarının qiymətində bahalaşma müşahidə olunacaq: “Qızıl ölkəmiz üçün əhəmiyyətli məhsullardan sayılmasa da, dünyada qiyməti qalxanda bizə də müəyyən qədər təsir edir. Bu məntiqlə yanaşsaq, bu il ölkədə satılan zərgərlik məmulatlarında qiymət artımı olacaq. Çünki qızıla tələbat var. Bizdə qızılın istehsalı var, amma onun zərgərlik məmulatına çevrilməsi yoxdur. Bazara zərgərlik məmulatları xaricdən gəlir”.



İqtisadçı Pərviz Heydərov dedi ki, maliyyə bazarlarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir: “Hazırda dünyanın maliyyə bazarlarında qeyri-müəyyənlik var. Buna görə investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər. İnvestorlar bilmir vəsaiti hansı sənaye sahəsinə qoysun ki, batmasın. Qızıl investorlar üçün ən təhlükəsiz yatırım mənbəyidir. Qeyri-müəyyən bir vəziyyət olduğuna görə qızılın qiyməti qalxır. Qızılın qiyməti tarix boyu məhz belə vəziyyətlər yarandıqda yüksəlir. Ya maliyyə bazarlarında qeyri-müəyyənlik yaranır, ya investorlar böyük risklər qarşısında qalır, ya da neftin qiyməti qeyri-müəyyən olur. Dünya bazarında qızılın qiymətinin qalxmasının əsas səbəbləri budur”.

P.Heydərov bildirdi ki, Azərbaycan kimi kiçik ölkənin dünyadakı vəziyyətdən kənarda qalması mümkün deyil: “Azərbaycan bazarında son vaxtlar qiymətlər artan tendensiya üzrədir, ucuzlaşmanın şahidi olmuruq. Daxili istehlak bazarında qızılın qiyməti son 1 il ərzində azalma nümayiş etdirməyib, əksinə, artan tendensiya ilə gedib. Bir məhsulun qiyməti dünya bazarlarında qalxırsa, Azərbaycan kimi kiçik ölkənin bundan sığortalanması qeyri-mümkündür. Amma bahalaşmanın da müəyyən həddi var. Hədsiz dərəcədə bahalaşma ola bilməz”. (Kaspi)