Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araik Azərbaycana müharibə elan edir?

Cümə axşamı Qarabağ separatçılarının lideri Azərbaycanın ünvanına bir sıra bəyanatlarla, həmçinin sensasiyalı sayıla biləcək etirafla çıxış edib.

Əsasən o hesab edir ki, erməniləri Azərbaycana yox, Azərbaycanın siyasi rəhbərliyini "sivil dünyaya, siyasi mədəniyyətə, insan hüquqlarına və demokratik dəyərlər sisteminə" reinteqrasiya etmək lazımdır.

Daha sonra qeyd edir ki, beynəlxalq birlik Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir, çünki "Dağlıq Qarabağın statusu beynəlxalq səviyyədə həll olunmamış qalır".

Arutyunyan bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurası Azərbaycan və Ermənistanın suverenliyini bir şərtlə tanıyıb ki, Dağlıq Qarabağın gələcək statusu məsələsi sülh konfransı zamanı həll olunsun.

O bildirib ki,"Ermənistan və Azərbaycan məsələnin bu cür qoyuluşu ilə razılaşıblar və bununla da Dağlıq Qarabağın mübahisəli ərazi kimi beynəlxalq statusunu qəbul ediblər".

"9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə statusla bağlı heç bir razılaşma yoxdur, bu o deməkdir ki, Dağlıq Qarabağ hələ də mübahisəli ərazi kimi beynəlxalq statusa malikdir, lakin Azərbaycanın bir hissəsi deyil", - Arutyunyan deyib.

Daha sonra separatçıların lideri Bakını 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının demək olar ki, bütün bəndlərini pozmaqda ittiham edib.

Arutyunyan bu sənəddə Qarabağın statusundan bəhs edilməməsini onun yoxluğundan danışmaq üçün əsas hesab etmir. "Arsaxın beynəlxalq statusu mövzusunu bu sənədlə bağlamaq üçün heç bir razılaşma olmayıb".

Daha sonra o, mühüm bəyanat verərək etiraf edib ki,  Qarabağ erməniləri tərksilah olmaq niyyətində deyil, çünki bu, "Arsax xalqının kövrək təhlükəsizlik sistemini pozacaq" və Bakının bölgədə etnik təmizləmə həyata keçirməsinə imkan verəcək.

"Üçtərəfli bəyanatın 4-cü bəndi bizim silahlı qüvvələrimizin bütün Dağlıq Qarabağdan çıxarılması barədə yox, Rusiya sülhməramlı qüvvələrinin dislokasiya yerlərindən çıxarılması barədə razılaşmadır. Sülhməramlılar bütün təmas xətti boyunca yerləşdirilmədiyindən, həmçinin beynəlxalq mandat və səlahiyyətlərə  və ya öz funksiyalarını yerinə yetirmək üçün güc tətbiq etmək imkanlarına malik olmadığından Arsax müdafiə ordusunun bölmələri təmas xəttində döyüş növbətçiliyi aparmaq hüququna malikdir və borcludur", - Arutyunyan deyib. O həmçinin deyib ki, bəyanatda Qarabağın demilitarizasiyası və onun silahlı qüvvələrinin regiondan çıxarılması barədə heç bir söz yoxdur.

"Azərbaycanın həyata keçirdiyi təzyiq nə qədər güclü və təhlükəli olsa da, Arsax özünümüdafiə hüququna malikdir, beynəlxalq birlik isə onu qorumağa borcludur".

Üçtərəfli bəyanatda Laçın dəhlizindən istifadəyə, habelə onunla bu və ya digər yüklərin, nəqliyyat vasitələrinin daşınmasına məhdudiyyət yoxdur. Arutyunyanın sözlərinə görə, 5 kilometrlik Laçın dəhlizi rejimi "orada Azərbaycanın hər hansı iştirakını və müdaxiləsini istisna edir", Laçın dəhlizini humanitar yüklərin daşınması üçün Azərbaycanın nəzarətində olan yola çevirmək cəhdləri isə "rədd edilməlidir".

Sonda separatçıların lideri Ermənistan rəhbərliyini və bütün erməniləri "Arsax xalqının özünü təyinetmə hüququ" uğrunda qətiyyətli və uzunmüddətli mübarizə aparmağa çağırıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən dərhal sonra bu cür bəyanat faktiki olaraq Qarabağ ermənilərinin Bakı və Yerevan arasında hər hansı sülh razılaşmasının tanınmasından imtina etməsi deməkdir.

Bu bəyanatlar Bakıda separatçıların Azərbaycana qarşı silahlı mübarizəni davam etdirmək istəyindən başqa cür qəbul edilə bilməz. Belə mövqenin ancaq bir cavabı ola bilər ki, o da dinc deyil.