Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alqışlayır və təəssüf edir - ABŞ əfv sərəncamına münasibət bildirib

ABŞ əfv ilə bağlı: 'Azərbaycanı əlavə addımlar atmağa çağırırıq'


"Amerika Birləşmiş Ştatları (ABŞ) mayın 8-də əsas azadlıqlarından yararlandıqlarına görə həbsdə olan azərbaycanlıların əfv olunmasını alqışlayır".

Bu barədə bu gün, mayın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Təəssüflər olsun ki, sözügedən hüquqlardan yararlandıqlarına görə bir çox insan hələ də həbsdə qalır. Biz Azərbaycanı ölkənin konstitusiyası və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun olaraq, bu şəxsləri azad etməyə, habelə vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün əlavə addımlar atmağa çağırırıq", - məlumatda bildirilir.

801 məhkum əfv olunub


Prezident İlham Əliyev bu gün, mayın 8-də əfv sərəncamı imzalayıb. Sərəncamın keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verildiyi açıqlanıb.

Əfv sərəncamı ümumilikdə 801 məhkuma şamil olunub. Onlardan 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 220 şəxsin də cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Habelə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki şəxs də cəzadan azad edilib.

Əfv olunanlar arasında cərimə və islah işlərinə cəlb edilməsi nəzərdə tutulanlar da var.

Azərbaycan prezidenti bundan əvvəl sonuncu əfv sərəncamını ötən il mayın 27-də imzalamışdı. Bütünlükdə 213 şəxsə şamil edilən həmin sərəncamda isə 20-dən çox şəxsin adı hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı siyahılarında da yer alırdı.


Əli Əliyev əfvə düşdü


Əfv sərəncamına düşənlər arasında siyasi məhbus siyahılarında yer alan şəxslər də var. Onlardan biri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, digəri isə "Yüksəliş Naminə" saytının redaktoru Elçin Məmməddir.

Böhtan atmaq və daha sonra da bir sıra ittihamlarla üzləşən Ə.Əliyev üst-üstə 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, 2022-ci ilin əvvəlində həbs edilib.

E.Məmməd isə 2020-ci ilin martında tutulub. Həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu "oğurluq" və "qanunsuz döyüş sursatı və silah saxlamaq"da təqsirli bilərək 4 il həbsə məhkum etmişdi.

Əfv sərəncamına həmçinin, işləri mediada geniş işıqlandırılan şəxslərdən - mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı da düşüb. Onlar isə mənimsəmə və başqa qanunsuz əməllərdə təqsirli sayılmışdılar.

"Saya görə ən böyük…"


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə "Turan"a açıqlamasında əfv sərəncamını müsbət qiymətləndirib: "Biz əfvin dairəsinə düşən insanları deyil, onların ailə üzvlərini, dostlarını, qohumlarını da nəzərə alsaq, minlərlə insana bu gün cənab prezident sevinc bəxş etdi".

O deyib ki, bu əfv tətbiqi tarixində say tərkibinə görə ən böyük əfv sərəncamıdır: "Arzu edirəm ki, cənab prezidentin bu humanist addımları həmişə davam etsin".

"Siyahımızda olan siyasi məhbusların…"


Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da bildirib ki, 463 nəfərin azadlığa buraxılması sevindiricidir: "Bu, çox böyük rəqəmdir. Bizim siyahımızda olan siyasi məhbusların bir neçəsi də bu əfvə düşüb. Bu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir, hüquq müdafiəçisi Elçin Məmməddir. Bir neçə nəfər 2018-ci ildə "Gəncə hadisələri"nə görə həbs olunanlardır".

Cəfəroğlu deyib ki, bütün siyasi məhbusların azadlığa buraxılmasını istərdi: "Çox istərdim ki, Milli Məclisdə ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş OMON-çular, "Qaranquş" dəstəsinin üzvlərinin azadlığa buraxılması məsələsinə baxılsın. Bu insanlar 20 ildən çoxdur ki, həbsdədir və bizim Konstitusiyamız imkan verir ki, onlar azadlığa çıxsın. Siyasi məhbuslar problemi ölkədə həll olunmalıdır ki, beynəlxalq təşkilatlarının bizə iradları olmasın".

"Artıq bir tendensiya halını alıb"


Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının sözlərinə görə, bu əfv sərəncamı da siyasi məhbuslar problemini həll etmədi: "O cümlədən bugünkü əfv sərəncamına cəmi bir neçə siyasi məhbusun adının düşməsi, çoxsaylı müraciətlərə baxmayaraq, keçmiş OMON-çuların əfv olunmaması… Digər tərəfdən, hər əfv sərəncamından sonra biz yenə də kiminsə siyasi baxışlarına görə həbsini görürük və növbəti dövrdə biz əfv sərəncamını gözləməyə məcbur qalırıq. Bu, artıq bir tendensiya halını alıb, uzun illərdir davam edir və ölkədə siyasi baxışlarına görə həbslərin qarşısını almır".

Ölkədə siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur, müxtəlif rəqəmlər çəkilir. Bəzi hüquq müdafiə təşkilatlarının bildirməsinə görə, Azərbaycandakı həbsxanalarda hələ də 100 civarında siyasi məhbus qalmaqdadır. Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.