Logo
news content

Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
““Qaçaq Nəbi” filmində Həcərin bəzi səhnələrinə onun yerinə mən çəkilmişəm”

Bakının Buzovna qəsəbəsinin məzarlığında çox məzar var, amma hamının diqqətini çəkən qoşa qəbirə insanlar “qoşa xoşbəxt məzar” deyir...

Mətbuatda belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Mömünat Qurbanova hadisə yerindəcə keçinib”.

Quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

Qəhrəmanım  “Dərviş Parisi partladır” filmində Şərəfnisə, “Qaçaq Nəbi”də Həcər obrazlarında çəkilən, aktyor Ənvər Həsənovun həyat yoldaşı, aktrisa Mömünat Qurbanovadır. 

Buzovnada sadə bir ailədə dünyaya gəlib Mömünat xanım. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Mömünat  hamıdan ərköyün və çılğın uşaq idi.

Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər, yəqin tezliklə həvəsdən düşüb özünə “düz-əməlli peşə” tapar.

Amma Mömünatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun-red.) dedikləri dilindən düşmürdü. Cəlalın şəklini otağının divarından asmışdı. Hərdən bu foto ilə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Mömünatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Mömünat Qurbanova Ənvər Həsənovun  evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ buna bir neçə il var. Hələ Mömünat institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl olaraq kinolara çəkilirdi.

1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirirdi. Tələbə Mömünat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağa gələn tələbə qızlar arasında Mömünat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”,- deyə yarızarafat cavab verir. Amma hər ikisi hiss edir ki, aktrisada əsl bəy, xan qızlarına, xanımlarına xas şahanə görkəm var.

Şərəfnisə roluna ən layiqli namizəd kimi sınaq çəkilişlərindən də Mömünat qalib çıxır. 

Ənvər Həsənovun danışdıqlarından: “Münasibətlərimiz elə bu filmlə də başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.  

1978-ci ildə institutu bitirən Mömünat Qurbanovaya o vaxt hamıya verilən təyinat əvəzinə azad təyinat verilir, çünki artıq tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsənov onda “Azərbaycanfilm”də çalışırdı.

Ənvər isə onu daha çox evdə görmək istəyirdi: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü, bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.

İllər keçir, artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətrinə razılaşmış Mömünat daha bir filmə dəvət alır. Bu dəfə dəvət deyildi, tələb idi. Ailənin dostu Şeyx Əbdül Mahmudbəyov Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Mömünatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.

Ənvər Həsənov deyir: “Mömünatın igid, ağıllı qadın görkəmi vardı. Çox ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları vardı. Onun iştirak etdiyi məclislərdə kollektiv şənlik olardı. Həsən Turabovla Əbdül dedilər ki, razı olmasan, onu qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildi, razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da Həcərlə olan əksər mehribançılıq səhnələrində özüm oynamışam, qrimi elə ediblər ki, hiss olunmayıb. Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Mömünata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi təsəvvürümə belə gətirə bilmirdim”.

Həcər rolunu oynayanda Mömünatla Ənvərin Aytən adlı bir qızları vardı. Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi. İkinci uşağın dünyaya gəlməsi üçün Mömünat xanım həyatını riskə qoymalı idi. Ondan olsa, riskə gedərdi. Ancaq Ənvər Həsənov nəyinsə xətrinə Mömünatın həyatını riskə atmağa razı olmadı.

“Mömünat cəmi üç filmə çəkilib, üçündə də mənimlə birgə. Üçüncü film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi sevinirəm ki, heç olmasa üç filmə çəkilib, tarixdə qalacaq o filmlərlə. Daha çox çəkilsəydi, böyük uğurlar qazanardı. İncəsənət Muzeyində çalışırdı, elmi dərəcəsi də vardı, tez bir zamanda şöbə müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insan idi”.

Bir gün dostları ilə birgə növbəti ailə şənliyini qeyd etmək üçün şəhər kənarına çıxmaq istədilər.

Mömünat xanımın 50 yaşı olurdu, dekabrın 8-i idi. Dostları onları Nabrana dəvət etmişdilər. Razılaşmışdılar, amma nədənsə yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər. Mömünat xanım axşam nə isə yuxu görübmüş, əhvalı pis imiş.  

“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Mömünat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Mömünat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Mömünat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi...” 

50 yaşını qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıbmış taleyinə. Ənvər Həsənova isə ondan sonra “bəlkə”lərlə, “kaş” özünə əzab vermək.

Mömünatsız bir dəqiqəsi yox idi. Hər an düşünür, xatırlayır, müşkül suallara öz özlüyündə cavab axtarırdı.

Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Murad adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayırdılar. Bir-birlərinə dəstək, dayaq olurdular. Bir də təsəllisi çəkmək istədiyi və çəkəcəyinə inandığı filmlər idi. 

Hər il dekabrın 8-i onun ailəsində doğum günü ilə ölüm günü bir yerdə qeyd olunurdu. Düz Ənvər Həsənov dünyasını dəyişənə qədər. 

2025-ci il martin 16-da uzun sürən xastəlikdən, əsəbi gərginlikdən, vicdan əzabından (Xanımının ölümündə özünü günahkar bilirdi) sonra Ənvər Həsənov da 74 yaşında dünyasını dəyişdi. Çəkmək istədiyi filmlərin arzusu da onunla birlikdə Mömünata qovuşdu. Hərdən adama elə gəlir, “hansını seçirsən – film çəkməyi, yoxsa Mömünata qovuşmağı” - soruşsaydılar, Ənvər Həsənov ikincini seçərdi. 

Bakının Buzovna qəsəbəsinin məzarlığında qoşa, qoşa xoşbəxt məzar var...

Ruhları şad olsun…