Bakıda doğulub İsraildə həyatdan köçən “gözəl ölü” – HƏYAT HEKAYƏTİ
“Uşaqlığın son gecəsi”ndən başlayan uzun ömrün son akkordları
06 Avqust 2026
“Gəl, belə danışaq, ay uşaq, sən o vaxt danışacaqsan ki, mən səndən nə isə soruşacam” (cümlə bir az azərbaycanca deyil, amma kinodan sitatdır), “Bunu anlamaq üçün sənin ərindən bir qədər diqqətli olmaq yetər”...

“Uşaqlığın son gecəsi” filmində yaratdığı Rüfət obrazına aid olan bu cümlələri yazıram və dolğun, musiqili bariton səsi qulaqlarımda səslənir. Sonralar uzun müddət Azərbaycanda yaşamasa, filmlərə çəkilməsə də, həmişə bu cazibədar aktyor yaddaşlarda dolanıb, tez-tez kiminsə dilində “bəs, indi o aktyor haradadır?” sualı, “yaxşı aktyordur!” nidası dolaşıb. Hə, bir də onun “Nəsimi” filmində yaratdığı Dövlət bəy haqqında Şəmsin dediyi “Dövlət bəyin ölüsü də gözəldir” fikri yada düşür. “Ölüsü də gözəl olan” o aktyordan söhbət açıram - Bakıda doğulub, İsraildə dünyadan köçən, xalq artisti adına 90 yaşında layiq görülən Tofiq Mirzəyevdən. Azərbaycan aktyoru, rejissor və ssenaristi. Bəzən filmlərdə səs operatoru və səs rejissoru kimi də fəaliyyət göstərib. Musiqi sahəsində də xidmətləri var, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan Respublikasının xalq artistidir. Bir sözlə, istedadlı, kübar, təpədən-dırnağa kino adamdan.
Klarnetlə arzuolunmaz ayrılıq
Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Bakıda anadan olub. Atası gədəbəydəndir. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı, tanınmış musiqiçi Teymur Mirzəyev Ağdamda anadan olub, çünki onların ataları İbrahim Mirzəyev 30-cu illərdə Ağdam rayonunun katibi işləyib. Teymur məşhur “Qaya” vokal qrupunu elə qardaşı Tofiq Mİrzəyevin təşəbbüsü və dəstəyi ilə yaradanlardan biridir.

İkinci Dünya müharibəsi illərində Tofiq Mirzəyevin atası cəbhədə döyüşdüyündən ailə Bakıda ac-susuz, kimsəsiz qalıb. Qohumlarının təkidi ilə Tofiq, anası, qardaşı və bacısı Leya ilə birlikdə köçüb Gədəbəydə yaşamalı olublar. Müharibə bitəndən sonra Bakıya qayıdıblar. Tofiq Mirzəyev Konservatoriyanın klarnet sinfini bitirib. Musiqiçi olmaq ən böyük arzusu olub. Əvvəlcə Bakıda, sonra Moskvada orkestrdə işləyib. Maestro Niyazi onu klarnet ifaçısı kimi Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa edərmiş. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buna görədir.
Kiçik yaşlarından klassik musiqi ilə yanaşı, caz da onun maraq dairəsində olub. Bu maraq onu gənc yaşlarında məşhur caz ifaçıları Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanovun yanına gətirib. Bu adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Təəssüf ki, bu yolda atdığı addımlar səhhətində yaranan problem ucbatından elə başlanğıc etapda qalıb.
1960-cı ildə gənc ifaçı Sankt-Peterburqda qastrolda olarkən soyuqlayır və ağır xəstələnir, həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər. Klarnetdə ifa etmək ciyərlərin işi olduğu üçün Tofiqin xəstəlikdən zədələnmiş ciyəri buna tab gətirməzdi.
Kinoya gedən yol, mənfi rolla qazanılan rəğbət
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev onu cəlb edən ikinci sənətin arxasınca Moskvaya Dövlət Kinematoqrafiya İnstitutuna rejissorluq oxumağa gedir. Kursları bitirib Bakıya qayıtdıqdan sonra Azərbaycan Televiziyasında işə başlayır. Bununla da həyatının 25 ili dövlət televiziyası ilə bağlı olan gələcək aktyor Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlayıb. Eyni zamanda televiziyada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) hazırlayıb, nümayiş etdirib. Eyni dövrdə bir yerdə işlədiyi, o vaxt AzTV-nin baş rejissoru olan Arif Babayev ona həm televiziyada gördüyü işlərdə sonradan həm də kinoda köməklik edib. Aqillər necə deyib: “İstedadlıya arxa durun, istedadsız özü yol tapacaq”. Beləcə, Arif Babayev onu kinoya gətirir, ilk çəkildiyi film də onun ekranlaşdırdığı “Uşaqlığın son gecəsi” filmi olur ki, aktyor orada xoş və cazibəli, bir qədər də ciddi, xarizmatik simanın arxasında gizlənmiş əslində cinayətkar, xəyanətkar Rüfət obrazını məharətlə ifa edir. Ümumiyyətlə, aktyor oynadığı mənfi obrazlarda da tamaşaçının ona olan rəğbətini itirmir, hansı janrda obraza çəkilirsə-çəkilsin, sevilir. Təzadlıdır. Niyazinin orkestrində işlədiyi vaxtlarda Moskvada keçirilən Azərbaycan dekadasında uğurla çıxış etməsi onun şirin xatirələrindən biri kimi yaddaşında həkk olunmuşdu. Tez-tez bu barədə həvəslə söhbət açardı.
1970-ci illərin sonu 80-ci illərin əvvəllərində “Qaya” kvarteti Azərbaycanda, eləcə də bütün sovet məkanında çox populyar idi. Sevilən qrupun yaradıcılarından biri, yuxarıda da bəhs etdiyim kimi, Teymur Mirzəyev olub, qardaşı Tofiq Mİrzəyev bu işdə ona çox kömək edib: “Çünki Teymurdan böyük idim və onların ifa etdikləri musiqini yaxşı bilirdim, bəzi şeyləri birinci kvartetə öyrədirdim. “Qaya” ansamblı da o vaxt böyük rəğbət qazanırdı. Dediyim kimi, mən, sadəcə, rejissor, musiqiçi kimi lap əvvəldən onlara kömək edirdim. Məndə bir xarici kvartetin valı var idi. Onu Bakıya gətirəndə Teymur dinlədi, çox bəyəndi. Dedi ki, belə bir kvartetin yaranması gözəl olardı. Mən də dedim ki, burda çətin nə var, gəl yaradaq. Beləcə, “Qaya” yarandı”. (APA)
Bir müddət Filarmoniyanın simfonik orkestrində işləyib. Sonra filarmoniyanın baş rejissoru olub, amma bütün bunlar onun kino karyerasıına qədərki yoldur. Əsas yolu kinodan başlayır.

Arif Babayevin dəstəyi ilə kinoya gələn Tofiq Mirzəyevin iştirakı ilə çəkilən "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmlər bu gün Azərbaycan kinosunun klassikasıdır. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib. “Dvorjakın melodiyası” filmi yaddaşlarda əbədi qalan filmlərdəndir.
“Ən vacib müsahibə”, “Uzun ömrün akkordları” filmləri də ardıcıl kinoya çəkildiyi illərin məhsuludur. Yeri gəlmişkən, adıçəkilən filmi ekranlaşdıran ssenarist, yazıçı Anar ilə Tofiq Mirzəyev bacanaqdılar. Lap Üzeyir bəylə Müslüm Maqomayev yadıma düşdü. Üzeyir bəy bir dəfə Müslümə zarafatla deyib ki, dünyaya gəldim, ardımca gəldin, (eyni gündə, ildə doğulublar) musiqiçi oldum, ardımca gəldin, evləndim, hətta gəlib mənimlə bacanaq oldun, bircə öləndə arxamca gəlmə.
1976-cı ildə Moskvada çəkilən altı seriyalı “Cinahsız cəbhə” filmində canlandırdığı komissar Əliyev obrazına görə əməkdar artist fəxri adına layiq görülüb. Həmin filmdə SSRİ-nin ən tanınmış aktyorları iştirak edirdi.
1997-ci ildə, Azərbaycan mədəniyyətinin, xüsusən də kinonun böhran keçirdiyi dövrə Tofiq Mirzəyevin yeganə oğlu Teymur ağır xəstəliyə düçar olur. Bakıda mövcud vəziyyətdə həkimlər o uşağı həyata qaytara bilməzdilər, odur ki, aktyorun yəhudi millətindən olan anasının təkidi ilə İsrailə köçən ailənin övladı bu gün də həyatdadır. O vaxtdan İsraildə qalan Tofiq Mirzəyevin taleyi artıq ora bağlanır. Aktyor İsraildə fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü olmaqla özünü kinodan uzaq hiss etsə də cəmiyyətdən təcrid hesab etmir. Hər il Bakıya gəlir, dostlarla, kino, musiqi, televiziyadan olan həmkarları ilə görüşür, burada doğum gününü dostların əhatəsində qeyd edirdi.
Ancaq zaman irəlilədikcə insanın xeyrinə işləmir. Ona görə müdriklər “bu günün işini sabaha saxlama” – deyirlər. Təbiət insana bəxş etdiklərini elə zamanla zərrə-zərrə, bəzən hətta topdan geri alır ki, ruhun belə incimir. Necə ki, əzizlərimizin itkisini “həyatın işidir” deyə qəbul etməli oluruq.

Tofiq Mirzəyev son dəfə Bakıya 2019-cu ildə həyat yoldaşım Elmira Səfərovanın 85 yaşı tamam olanda gəlib. Sonra pandemiya dövrü, sonra da həyat yoldaşını itirdi. Ondan əvvəl anasının, qardaşının itkisini yaşayan sənətkar hər ikisini İsraildə torpağa tapşırıb.
Arzusu Bakıya qovuşmaq olsa da, 21 iyul 2026-cı ildə 94 yaşında vəfat edən Tofiq Mirzəyev elə İsrailin Arad şəhər məzarlığında ailəsinin yanında dəfn olunub.