Logo
news content

Dünya kinoçəkənləri Laçına toplaşır
“Ən yaxşı film” bu dəfə ən yaxşı şəhərdə seçiləcək

 Son 5-6 ilə qədər, 30 il müddətində Laçın deyəndə dodağımız beş yerdən çatlayardı. Laçın həsrəti, Qarabağ nisgili dilimizdə ağı üzərində qəmli musiqiyə dönmüşdü, oxuyub ağlayar, eşidib ağlayardıq. 

Bu gün isə...

Laçın şəhərində Laçın Beynəlxalq Film Festivalı  (LaçınFilmFest) keçiriləcək – cümləsi ilə başlayan xəbər yayılıb. 

Artıq 6-cı ildir ki, Laçın öz əzəli-əbədi sakinlərinə, biz də Laçına qayıtmışıq. Təbii ki, öz sakinlərinin ayağı ilə doğma yurda mədəniyyət, təhsil, səhiyyə, bir sözlə həyat da qayıdır. Axı, düşmən işğalı altında olan bütün Qarabağ kimi, şahinlər oylağı Laçında da  həyat donmuşdu. 

Azərbaycanın kino tarixində ilk dəfədir ki, paytaxtdan kənarda beynəlxalq film festivalı təşkil edilir. 2026-cı il avqustun 24-27 tarixlərində keçilməsi planlaşdırılan tədbir qısametrajlı kino sahəsində yeni istedadları üzə çıxarmağı, Laçının mədəni dirçəlişini dünyaya çatdırmağı və regionu beynəlxalq kino mühitinin yeni yaradıcı məkanına çevirməyi hədəfləyir.

LIFF- 2023-cü ildə Laçında fəaliyyət göstərən “HocazhFilm Creative Studio” tərəfindən təsis edilib.

 

Bu sözləri “HochazFilm Creative Studio”nun direktoru Amil Amal söyləyib: “LIFF- kütləvi şəhər festivallarından fərqli olaraq coğrafi uzaqlığı və dağ landşaftını eksklüziv üstünlüyə çevirərək, meqapolislərdə mümkün olmayan səmimi, peşəkar ünsiyyət mühiti yaradır. Laçının unikallığı onun təbiəti, Həkəri çayı və tarixi irsinin (Abidələr, Qasımuşağı xalçaları və s.) müasir infrastrukturla (Laçın Hava Limanı, Lachin Resort & SPA, HoçazFilm Yaradıcılıq Studiyası, LaCinema kinoteatrı, Abdallar Hotel, Tree House və digər istirahət kompleksləri) vəhdətindədir”.

LaçınFilmFest-in əsas fəlsəfəsi - mədəniyyət, təbiət və insan yaradıcılığı arasındakı harmoniyadan qaynaqlanır. Laçın coğrafi olaraq Türk dünyası, Avropa və Asiya arasında körpü rolunu oynayır. Festival bu keçid mövqeyini proqram seçimində prioritet edir. Türk Dövlətləri, MDB, Xəzəryanı ölkələr, Balkanlar, Orta Asiya və Cənub-Şərqi Avropa qısametraj kinematoqrafiyası xüsusi diqqətdə saxlanılır.

Festival regionun bərpası və “Böyük Qayıdış” proqramı çərçivəsində yumşaq güc aləti kimi çıxış edir. Laçının mədəni və iqtisadi dirçəlişi beynəlxalq kino vasitəsilə yeni identitet qazanır. Kino diplomatiyası bölgənin təhlükəsiz, müasir və yaradıcı potensiala malik məkana çevrildiyini qlobal ictimaiyyətə göstərir.

Bir az da festivalın mükafatlarından danışaq. 

“QIZIL PALID BUDAĞI”

Festivalın rəsmi mükafatı Laçın meşələrinin simvolu olan Qırmızı Palıddan ilhamlanan “Qızıl Palıd Budağı”dır. Bu mükafat həm dözümlülüyü, həm də dirçəlişi təcəssüm etdirir. Azərbaycan Dövlət Gerbində də olan Palıd, çətin dağ iqlimində belə yaşam gücünü qoruyan, zamanla daha da möhkəmlənən iradənin simvoludur. Festivalın vizual identikliyi və mükafatları məhz bu metaforadan ilhamlanır: insan yaradıcılığının tənqidlər, müharibələr və çətinliklər qarşısında da solmadığını, əksinə, yeniləndiyini göstərmək.

Mükafat kateqoriyaları isə aşağıdakı kimidir:

Beynəlxalq:

* Ən yaxşı xarici qısametrajlı film

* Ən yaxşı yerli qısametrajlı film

* Ən yaxşı rejissor işi

Xüsusi nominasiyalar arasında da xüsusi diplomlar veriləcək. Amil Amal deyir ki, Laçın Film Festivalı yalnız kino nümayişi deyil, həm də regionda mədəniyyətin bərpasını əks etdirən strateji mədəniyyət hadisəsidir: “Festivalın məqsədi böyük şəhər şablonlarını təkrarlamaq deyil, əksinə, Laçının təbiətini, irsini və yaradıcı nəfəsini ön plana çıxaran unikal format qurmaqdır. Peşəkar təşkilatçılıq, güclü məkan identikliyi və orijinal estetika LaçınFilmFest-i regionun ən nüfuzlu yeni film platformasına çevirməyə hesablanıb”.

Azərbaycan kinosu uzun illərdir ki, tənəzzül dövrü yaşayır, yaşamaq uğrunda mücadilə aparır. Eyni ilə Qarabağ uğrunda gedən mücadilə kimi. Qarabağı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu işğaldan azad etdi. Bu zəfəri ekranlaşdırmaq, həqiqətləri dünyaya kino dili ilə çatdırmaq təqdirəlayiq olardı. Laçında kino festivalının keçirilməsi əlamətdar hadisədir. Ümid edirik ki, festivala gələn beynəlxalq kino xadimləri Azərbaycanda kinonun dirçəlişinə şahidlik edəcəklər. 

Uğurlar, LaçınFilmFest!