Logo
news content

Kinomuzun “qara bayramı” – Ramilə Qurbanlı yazır

2 Avqust Azərbaycan kinosu günüdür. İllərdir ki, günü qara olan Azərbaycan kinosu. 

Təqvimdə bayram kimi qeyd olunan bu gün illərdir ki, təbrik mesajları, köhnə filmlərdən kadrlar və "şanlı kino tariximiz" haqqında pafoslu çıxışlarla yola salınır. Onların fonunda isə əsl kino, sənət adamlarının qəlbi qan ağlayır. Elimizin Novruzdan əvvəlki sonuncu cümə axşamı “Qara bayram”da olduğu kimi.  

...Və hər dəfə onların düşüncəsində bir sual ilişib qalır: Doğrudanmı bu gün bayramını qeyd etdiyimiz Azərbaycan kinosu var?

Kinomuzun tarixi qədim, keçmişi zəngindir. O qədər zəngin ki, hələ də o xəzinəni “xərcləyirik” bitmir, amma problem ondadır ki, üstünə də heç nə gəlmir. 

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Azərbaycanın zəngin kino irsi var. "Arşın mal alan", "O olmasın, bu olsun", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", Arxadan vurulan zərbə”, “Şərikli çörək”, öz vaxtında qəbul edilməyən “Əhməd haradadır?” kimi filmlər təkcə ekran əsəri deyil, milli yaddaşdır, tarixdir, klassikadır, gözəl nə varsa, odur. O filmlər bu gün də izlənilir, onlardan sitat gətirilir, kinonu sevən köhnə nəsil onları yeni nəsillərə ötürməyə, çatdırmağa çalışır. Ona görə çalışır ki, gənclər “Azərbaycanda kino yoxdur” fikrindən vaz keçsinlər. Amma acı həqiqət üzə durur, biz daha çox keçmişimizlə fəxr edirik, kinomuzun  bu günü barədə bunu deyə bilmirik. 

Elə bil, kinonun ekran pərdəsi çoxdan enib, zalın işıqları sönüb, tamaşaçı da sakitcə çıxıb gedib. İçəridə qalanlar isə hələ də "film başlayacaq" ümidi ilə gözləyənlərdir.

Son illərdə bu sahəyə kifayət qədər dövlət vəsaiti ayrılıb, fondlar yaradılıb, layihələr elan olunub. Amma nəticə haradadır? Nə beynəlxalq festivallarda ciddi uğurlar görünür, nə də yerli tamaşaçı kinoteatrlara Azərbaycan filminə görə axışır. Çəkilən filmlərin böyük hissəsi nümayiş olunmadan unudulur, nümayiş olunanlar isə tamaşaçının yaddaşında iz buraxmır.

Ən böyük problem təkcə maliyyə deyil. Problem sistemləşdirilməmiş prokatsız kinodadır, kino sənayesi ifadəsini işlədə bilmirəm. Amma deməliyəm ki, kino sənayesində peşəkarlığın, sağlam rəqabətin və yaradıcı azadlığın çatışmazlığı illərdir hiss olunur. Eyni çevrələr, eyni yanaşmalar, eyni uğursuz nəticələr... Kino isə təkrarçılığı, çevir tatı-vur tatı oyununu deyil, sevgini, istedadı və cəsarəti sevir.

Bu gün texnologiya hər kəsə film çəkmək imkanı verir. Gənclərin ideyası var, enerjisi var, dünyaya baxışı var. Amma onların qarşısında qapılar çox vaxt bağlı qalır. Nəticədə istedad ya başqa sahəyə üz tutur, ya da ölkədən kənarda özünə yol axtarır.

Kino sadəcə əyləncə deyil. O, ölkənin güzgüsüdür, yaddaşıdır, ölkə haqqında dünyaya təqdim etdiyi hekayədir, onun təbliğatıdır. Dəfələrlə demişəm və yenə sözümün arxasındayam, heç bir siyasət, diplomatiya bir kinonun deyə biləcəyini demək gücündə deyil. Güclü kinosu olmayan ölkənin səsi nə qədər ucadan gəlsə də, zəif eşidilər.

Yenə kinomuzun tarixinə nəzər salaq, zatən bu günündə ürək açan fakt yoxdur. 

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb. Hazırda nazirliyə tabedir, fəaliyyət göstərir demək istədim, amma kino yoxdursa, heç bir başqa fəaliyyəti gərəkli deyil. Azərbaycan kinosunun müqəddəs ocağı  “Azərbaycanfilm” kinostudiyası da bu quruma tabedir. 

Bu il 128 yaşı olan Azərbaycan kinosu nəfəs aparatına qoşulub, ARKA ona süni nəfəs verir. Kino çəkilişləri getsə, əmin olun ki, kinostudiyanın ağ ciyərləri heç bir aparatsız özü açılar. Amma o bir qrup kinodan pul qazanmağa çalışan, fəqət kino nədir bilməyən məmurun əlində diri zarıncı qalıb. Kino düşüncədir, azad yaradıcı mühitdir, yaxşı baxılsa məktəbdir. Bunlar olmayanda isə tədbirlər, çıxışlar, şəkillər, şou qalır. Kinonu, sənəti yaşadanların düşüncəsində əvvəlcə yaratmaq gəlir, daha doğrusu, düşüncədə yaranır və o həyata keçirilir, ondan qazanmaq ən sondadır, indi əksinədir, yaratmadan qazanmağı düşünürlər. 

Heç olmasa, qazanc düşünən rəhbərlər bir az uzaqgörən, dərin məntiqli olub sənəti düşünənlərə şərait yaratsınlar, onlar yaratsın, birincilər də faydalansın, o zaman bəlkə kinoya, ölkəyə də bir faydaları olar. Əmrlə kino olmur, sənət ona sevgidən, fədakarlıqdan, entuziazmdan qidalanır. 

“Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına” “Azərbaycanfilm”də, müstəqil kino müəssisələrində 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb. Yəni, belə baxanda rəqəm var, boldur... heyhat, kino yoxdur.

“Uzunmüddətli səmərəli fəaliyyətə görə”, “Xidmətlərinə görə” “Tərəqqi”yə, mükafatlara layiq görülən kino mütəxəssisləri də var, amma kino yoxdur. 

Bunlar kinonun xatirinə, kinonun olması üçün atılan addımlardır, yoxsa yuxarıdan addım atılır, aşağılarda maneələrlə qarşılaşır?..

Hər il olduğu kimi, bu il də Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər təşkil olunacaq. Nizami Kino Mərkəzində bir qrup adam yığışıb digər bir qrupun hesabat xarakterli şou çıxışlarına və boş vədlərinə qulaq asıb əsəbi halda dağılışıb gedib evdə insult keçirəcəklər. 

Dünən aktrisa Gülzar Qurbanovanın statusunu oxudum: “Son günlər Azərbaycan  Kinematoqrafçılar İttifaqında baş verənlərə baxanda istər-istəməz Tarkovskinin “Stalker” filmi yadıma düşür. Filmdə bir zonanın mərkəzində olan otağa daxil olan insanın ürəyindəki ən ümdə arzu həyata keçir. Qəhrəman otağa qardaşını qaytarmaq arzusu ilə girsə də oradan var-dövlətlə çıxır. Deməli, onun özünə etiraf etmədiyi ən ümdə arzusu qardaşının xilası deyil, xəzinə imiş. “Kino naminə”, “yaradıcılıq naminə”, “kinonun gələcəyi naminə” deyilən şüarları çox eşidirəm. Onu deyənlərə bir sualım var, Tarkovskinin “Zona”sından keçsəydiniz, əminsinizmi  içinizdən üzə çıxan həmin şüarlar olar? Buna cavab verə bilsəniz, Azərbaycan kinosunun problemi həll olunardı”. 

Bu il də tədbirlər, şəkillər, şou olacaq, yenə təbriklər səslənəcək. Sosial şəbəkələrdə nostalji kadrlar paylaşılacaq, klassik filmlər xatırlanacaq. Nə yazıq bizə ki, kino yenə olmayacaq.

Bəlkə, heç olmasa bu dəfə özümüzə bir sual verək: növbəti nəsil hansı Azərbaycan filmini illər sonra klassika kimi xatırlayacaq?

Bu sualın cavabı yoxdursa, deməli, Azərbaycan kinosunun təqvimdə bayramı olsa da, günü hələ də qaradır…