Sürgündə tapılan dərd, yanlış diaqnoz, qəfil ölüm... HƏYAT HEKAYƏTİ
Telman Adıgözəlovun narahatlıq, ağrı və fədakarlıq dolu ömür yolu
17 İyun 2026
Xəbəri eşidən kimi Xalq artisti Ramiz Novruzu yığdım, dost idilər, bircə o mənə düzünü deyərdi, başqa hamı mənim kimi xəbərlərdən xəbər tutub, nə bilsinlər ki, yalandır. Hə, elə istəyirdim, tam əmin idim ki, Ramiz Novruz deyəcək ki, yalandır!
Aprel səhəri, yazın bu gül-çiçəkli, çal-çağırlı vaxtında, 57 yaşın içində həyat dolu, sevilən, ailəsinə, sənətinə düşkün bir insan niyə həyata vida desin...
Dəstəyin o başından Ramiz Novruzun zəif, qəhərli səsi gəldi: “Təəssüf ki...”
Onda 2010-cu il aprelin 15-i idi. 2023-cü il fevralın 21-də Ramiz Novruz da dostu Telman Adıgözəlovun getdiyi və hamımızın gedəcəyi dönülməz yolla getdi, dostlar qovuşdular.
"Televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. O boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək " – oğlunun dediklərindən.
Uşaqlığı və…
Abbasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü, o vaxtkı sovet ailələri kimi sadə, xudmani dolanırdılar. Elə bir dərdi-sərləri də yox idi, sadəcə özlərini yerlərində hiss etmirdilər, elə bil, qəriblikdə yaşayırdılar.
Adıgözəlovlar ailəsi əslən Ordubaddan idi. Sovet rəhbərliyi o vaxtlar bir çoxlarını Ordubaddan Balakənə nəsillikcə köçürüb. Adıgözəllər ailəsi də bu siyasətin qurbanlarından olub. Bu ailə də daxil olmaqla Balakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə “Ordubad” məhəlləsi deyirmişlər.
Bir gün ailənin kiçik oğlu Telman anası onu çimizdirdikdən sonra həyətdə oynamağa qaçır və möhkəm soyuqlayır. Uşaq müalicə alıb sağaldıqdan sonra bir qolunda limfalar şişir, irinləyir və sağalmaq bilmir. Həkim deyir ki, Balakənin iqlimindən çıxmasa bu uşağın qolu qanqren eləyəcək, kəsməli olacağıq.
Ailə uşağı da götürüb Bakıya köçməli olur, həm uşağı müalicə etdirmək, həm də nə qədər zaman da keçmiş olsa sürgün həyatının alınlarına vurduğu möhürdən xilas olmaq üçün. Cənnət də olsa Abasqulu kişiyə Balakənə məcburən köçürüldükləri fikri rahatlıq vermirdi.
O vaxt dördüncü sinifdə oxuyan Telman və qardaşı Vaqif üçün Balakən doğma idi, dünyaya gözlərini orda açmışdılar, dostları, doğma məktəbləri vardı.
Bakıya da tez öyrəşdi, tezliklə özünə yeni dostlar tapdı, yarası da sağalıb keçdi.
Bir gün məktəb yoldaşları ilə dərsdən qaçıb kinoya getmişdilər. O vaxt çox sevilən bir hind filminə baxmaq üçün dərsdən qaçmağa dəyərdi, həm də bunun zövqü təkcə kinoya baxmaqla bitmirdi, dərsdən qaçıb kinoya getməyin öz romantikası vardı.
Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşıb ona televiziyaya gəlməyi təklif etdi. Yuxarı siniflərdə oxusa da hələ peşə seçimi barədə müəyyən bir fikrə gələ bilməyən Telman təklifi qəbul etdi. Dövlət televiziyasında çalışan rejissor Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə çəkir. “Yasəmən” televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyorluq kurslarına yazılır. Beləliklə, Azərbaycan incəsənətinə yeni bir ad gəlir – Telman Adıgözəlov.

İlk obrazları
1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirəndə Telman Adıgözəlovu tamaşaçı artıq televiziyadan tanıyırdı. Aktyor beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə işlədi. 1980-ci ildə Milli Dram Teatrında işə başlayan aktyor ömrünün sonuna qədər bu teatrda çalışdı. Bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynadı. C. Məmmədquluzadənin “Dəli yığıncağı" əsərinin eyniadlı tamaşasında Zəncirvuran obrazından tutmuş, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun "Közərən ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis" pyesində şeypurçu, S.Vurğunun "Vaqif" əsərində təlxək, S.Rəhmanın "Nişanlı qız"ında çeşməkli kişi, E. Baxışın "Qədr gecəsi"ində oyunbaz, Elçinin "Ah Paris…Paris!.."ində Əhməd, "Mənim sevimli dəlim" də professor, R.Novruzun "Hələ "sevirəm" deməmişdilər"ində qumarbaz obrazlarına qədər.
Eyni vaxtda dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr üzü" kimi filmərdə bəzən xarakterik, bəzən epizodik rollar oynadı. Kinoda bəxti o qədər də gətirməmişdi, öz nəslinin başqa aktyorları kimi onun da çəkilə biləcəyi illərdə kinematoqrafiya tənəzzül dövrünü yaşadı. “Nəsimi” filmində yalnız bir epizoda çəkilib, həmin epizod isə artıq Telman Adıgözəlov siması televiziyadan və teatrdan tanış, sevimli olduğu üçün gözə çarpır.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Şəxsiyyət

Telman Adıgözəlov siması olan, şəxsiyyətli insan olub. Nə öz işi üçün kiminsə qapısını döyər, nə də ev üçün, pul üçün, yaxud fəxri ad, rol xətrinə minnətçi düşərdi. El-obada isə hamının xeyir-şərinə yarayırdı. Kim zəng eləsə ki, mənimlə filan işin arxasınca gedək, sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər ki, Telman Adıgözəlovun adı gələn yerdə ən sərt məmur da yumşalacaq. Azərbaycandan uzaqda yaşayan qohumları gəlib Bakıda işlərini Telman Adıgözəlovun köməkliyi ilə yola verirdilər. Heç kimi rədd etməzdi, onlara təmənnasız yardımçı olardı. Balakənlilər, hətta başqa millətlərin nümayəndələri də onun üstünə kömək üçün gələrdilər.
Evdə bütün problemləri təkbaşına həll edərdi. Ailəsi – xanımı və iki övladı atanın hansı çətinliklər bahasına onların firavan yaşayışını təmin etdiyini bilməzdilər. Pis yaşamırdılar, amma xalq artistlərinin hamısı onlardan daha yaxşı yaşayırdı.
Bütün bu fikirlər ona rahatlıq vermir. Yaxşı ki, arada “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası bir qığılcım kimi parladı onun yaradıcı ruhunda. Müsyo Jordan rolu ürəyincə idi, həvəslə işlədi üstündə.
Bir gün ürək bütün bu yükə tab gətirməyib – bəsdir məni yüklədin dedi, küt, dözülməz ağrı verdi.
Telman Adıgözəlov birinci dəfə bu ağrıya elə də böyük əhəmiyyət vermədi. Həm də bu qədər problem içində elə bir həkimim, iynə-dərmanım çatmır – deyə ürəyinə cavab verdi.
İkinci dəfə ağrı elə dözülməz oldu ki, fikir verməyə bilmədi. Getdi həkimə, ürəyinin kardioqramını çıxartdılar, dedilər ki, ürəyində heç nə yoxdur, həkim – “görünür, duzlaşmadır” deyə müalicə yazdı. Müalicəni keçdi, heç ağlına da gəlmədi ki, bəzən ürəyin çəkdiyini heç bir peşəkar həkim, kardioqram belə göstərə bilmir.
Müalicə getdi, amma aktyor özündə yaxşılığa doğru bir dəyişiklik hiss etmədi, əksinə…
Yaxın dostu Ramiz Novruz danışırdı ki, heç bir şikayəti yox idi, amma görürdüm ki, tez-tez təngnəfəs olur, durduğu yerdə tərləyir: “Deyirdim, yəqin müalicə duzlaşmanı əridir, ona görə belə olur. Sonuncu dəfə də işə gələndə, girdi içəri, aktyorlar bufetdə nərd oynayırdılar, zarafat elədi ki, ey, “nardovşiki”, “xarakteri nardovşiki”. Qaydayın bir filmində işlədilən bu ifadə ilə zarafat elədi, sonra ikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını onu düşünüb yazdığım pyesi müzakirə elədik. Oxumuşdu, çox xoşuna gəlmişdi, istəyirdik tamaşanı hazırlayaq. Hər axşam da zəngləşib bu barədə danışırdıq. Həmin axşam da zəng eləmişdi mənə, danışmışdıq”.
Ağrı

Həmin axşam – Telman Adıgözəlov bir qohum toyuna getmişdi, amma nədənsə tez qayıtmışdı toydan. Çəkilib otağa, pyesi oxuyurdu. Daxildə narahatlığı vardı. Özünə yer tapa bilmirdi, Səhhəti qaydasında deyildi, mənən də narahat idi, amma bunları heç kimə deməmişdi, xoşlamırdı içini kimlərəsə açmağa.
Ömür boyu kiməsə öz dərdlərini yükləməyi, bir də ailəsi barəsində danışmağı xoşlamazdı. Nə vaxt zəng edərdin, evdə dəstəyi də özü qaldırardı. Şikayət də etməzdi nə səhhətindən, nə daxili problemlərindən, amma simasından hiss olunurdu ki, içində təlatüm var bu adamın, bu adamın haqqı tapdanır. Çünki heç vaxt kiminsə çaldığı havaya oynamazdı, öz musiqisi, sümüyünün öz ritmi vardı, süni havalara girməzdi.
Oğlu Tural danışır: “O gün atamın adi günlərindən biriydi. Həm də həmin gün səhhətində də bir nasazlıq olmamışdı, ağrımamışdı. Mən məşqdən qayıtmışdım. Yorulmuşdum deyə tez yatmışdım. Bir az keçəndən sonra atam yanıma gəldi. Soruşdu: “Özünü necə hiss edirsən? Xəstə zad deyilsən ki?” Dedim: “Yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam.” Vəssalam, bu, bizim son danışığımız oldu. Bir də gecə saat 4-ə işləmiş anamın səsinə oyandım. Uca səslə atamı çağırırdı. Tez onların otağa getdim, gördüm atam xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəl elə bildik ki, yuxuda təngnəfəs olub. Başladıq silkələməyə ki, yuxudan ayılsın. Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmışdı. Demə, can verirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey görməmişdik. Təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər. Təzədən ikinci təcili yardım briqadasını çağırdıq. 10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini ölçdülər, sonra da elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfə elədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim, yəqin bu da belə taledir”.
Tale..? Bəlkə də, amma yanına getdiyi həkim onun ürək ağrılarına duzlaşma diaqnozu qoyub yanlış müalicə yazmasaydı, çağırışa gələn təcili yardım həkimi açıq-aydın infarkt keçirən adama elektroşok verməsəydi tale demək olardı…
Ürək damarlarında tromblaşma gedirmiş, onu kardioqram göstərmir, düzgün diaqnoz qoyulsaydı, yüngülvari müalicəsi varmış, həkim isə osteoxondrozdan müalicə edib onu.
2010-cu ildə aprelin 15-i gecə saatlarında teatr sənətimiz Telman Adıgözəlovu, yüzlərlə, minlərlə tamaşaçı öz sevimli aktyorunu, ailəsi arxa – dayağını, əzizini itirdi.
Vida
Xalq artistinin ailəsi nə qədər gözlədi, rəsmi instansiyaların səsi çıxmadı. Yalnız yas mərasiminə gələn rəsmi şəxsilər bəyan etdi ki, Fəxri Xiyabanda yer olmadığı üçün aktyoru ailəsi harada istəsə, orada dəfn edə bilər. Çalışdığı səhnədən isə vida mərasimi olmayacaq, çünki teatrda təmir gedir.
Onu sevənlər Telman Adıgözəlovu yaşadığı mənzildən son evinə - Fatmayi məzarlığına qədər yola saldılar. Yol boyu tabutunun arxasınca insan seli gedirdi. Maşınların hərəkəti mümkünsüz olduğu və insanların təhlükəsiz hərəkəti üçün yol polisi yolu bağlamağa məcbur oldu. Hamı onu 57 yaşında itirməyin təəssüfünü yaşayırdı o gün də, ondan sonrakı günlər, illər ərzində də, indi də.
Yas mərasimlərinin xərcini dövlət çəkdi, məzarının üstü də dövlət vəsaiti ilə götürüldü.
Qızı da, oğlu da dövlət qurumlarında işlə təmin olunublar.
İki il sonra qızı ailə həyatı qurub, övladları dünyaya gəlib. Telman Adıgözəlov həyatdan köçəndə oğlu nişanlı idi, iki il sonra evlənib. Xanımı Büllur da həmişəki kimi bağçada uşaqların tərbiyəsi ilə məşğuldur, qəlbinin yarasına onlarla məlhəm qoyur.

Həyat davam edir. Bircə o yoxdur həyatda. Xatirələrdə obrazları, maraqlı jestləri və bir də şəxsiyyəti ilə qalıb Telman Adıgözəlov. Ruhu şad olsun…