Sevgilisi qollarında can verən, “dünyanı dəyişməli olan”, Trampı tənqid edən ulduz – HƏYAT HEKAYƏTİ
Xərçəng xəstəsi olan nişanlısı ilə üç il bir evdə yaşadı, filmə çəkildi...
25 Dekabr 2025
Hollivud ulduzu Meril Strip deyəndə gözlərim önündən onun baş rollarda çəkildiyi çox sevdiyim filmləri keçir. Bu aktrisa, mənim aləmimdə, dünya kinosunda ən yaxşı qadın obrazlarının ifaçısıdır. Bəlkə də onun ifasında obrazlar belə möhtəşəm alınıb, ola bilər ki, həmin qadın obrazlarının müəllifləri də obrazı yaxşı cızıblar. Nə bilim, kino ki var... hər halda, göz önündə onu yaradan aktrisadır.
“Sofinin seçimi” filmində Meril Strip ana rolundadır – iki övladı arasında seçim qarşısında qalan ana rolunda. Həm də saniyələr var bu seçimi etməsi üçün... Dəhşətli kadrdır. Aktrisa onu necə yaradır – yalnız baxmaq lazımdır. Bundan təsirli ana obrazı xatırlamıram. Yaxud “Medison körpüsü” filmində sevgiyə möhtac qadının - ananın obrazını necə yaradıb! Övladları ilə özü arasında seçim qarşısında qalır burda. Qadınlıq ilə analıq arasında. Qadın sonda analığı seçir, özünü qurban verir. Bu seçim prosesində onun iztirabları Meril Stripin gözlərində yaşanır və adamın qəlbinə axır.
21 nominasiyada 3 “Oskar” qazanıb. 9 “Qızıl qlobus”u var - 31 nominasiyada.
Amerikanın kino və teatr aktrisasıdır. Başqa Hollivud aktyorları haqqında yazanda qonorarları barədə də yazırıq. Nə bilim, filan qədər qonorara çəkilir, ən bahalı aktyor-filan. Amma bu aktrisa qəpik-quruşa da çəkildiyi vaxtlar olur, özünü brendə çevirmir. Çünki ssenariyə qiymət verir, qonorardan çox prosesin özü maraqlandırır onu.
Gəncliyində özünün gözəl olmadığını düşünüb çox fikir çəkərmiş, amma indi plastik cərrahların daimi pasiyentlərinə çevrilmiş həmkarlarına gülür. Qadın həyata qalib gəlib!
Uşaqlığı və gəncliyi
Meril Luiz Strip 1949-cu il iyunun 22-də Nyu-Cersidə anadan olub. Damarlarında irland, isveçrəli və holland qanı axır.
İncəsənəti sevən və anlayan bir ailədə böyüyüb. Bu fikir, xüsusən də rəssam anasına aiddir. Qadın qızı Merili, oğlanları Deni və Harrini gözəlliyə məhəbbətlə böyüdüb tərbiyə edib. Ata dərman firmasında çalışırdı və fikri-zikri ailənin maddi təminatı idi.
Orta məktəbi bitirən Meril əvvəlcə kollecdə dram sənətindən dərs alır, sonra da ali məktəbdə. İlk mükafatını “İyirmi yeddi vaqon pambıq” adlı pyesin tamaşasında oynadığı rola görə alıb.
Filmləri
1977-ci ildə “Culiya” filmi ilə aktrisanın kino karyerası başlayır. Film 3 təqdimatda “Oskar” alır. Bu filmlə də rejissorların diqqəti Meril Stripə yönəlib.
Həmin filmdən sonrakı təklif “Maral ovu”na olub. Meril Strip bu filmə yalnız ona görə razılıq verir ki, onunla sevgilisi, ölümcül xəstəliyi barədə yenicə xəbər tutmuş Con Kazale də çəkilirdi.
“Holokost” filmində yəhudi rəssama ərə getmiş alman qızı obrazını yaratdı. Həm də bu rola pula görə çəkildiyini də gizlətmədən. Rol özünü doğrultdu. Meril bu obraza görə “Emmi” mükafatı aldı.
Sonra Vudi Allenin “Manhetten” komediyası, “Co Taynenin “Yoldançıxarma”sı, “Kramer Kramerə qarşı” filmləri gəlir. Sonuncu filmə görə də aktrisa “Oskar”a layiq görülüb.
Nəhayət, “Fransız leytenantın qadını” və “Sofinin seçimi” filmləri. Nəticədə “Oskar” və “Qızıl qlobus”.
Şəxsi həyatı həm xoşbəxt, həm də faciəli anlarla zəngindir. Hələ karyerasının ilk illərində həmkarı Con Kazale ilə rastlaşmışdı.

1976-cı ildə nişanlanıblar. Amma xoşbəxtlikləri ani olub, tezliklə həkimlər onun nişanlısında xərçəng aşkarlayıblar. 3 il bir yerdə yaşayıblar, Kazale sevimli qadınının qollarında dünyasını dəyişib.
Strip ağır depressiyadan işinin sayəsində çıxa bilib. Taleyin zərbəsini dəf edib, gənc memar Don Qammer ilə tanış olub. Bu izdivacdan dörd uşağı gəlib dünyaya.

Bir oğlan, üç qız. Böyük qızları Meri və Qreys anaları kimi aktrisadır. Üçüncü qız Luiza modeldir. Henk isə musiqiçidir. Bir sözlə, bütün ailə incəsənətlə məşğuldur.
Meril nənədir. Qızının oğlu dünyaya gəlib.
Kinoçəkənlər artıq Merilin bəzi qəribəliklərinə vərdiş ediblər. Meril hər addımda - həyatımın ən böyük rolu ərimə sədaqətli xanım, övladlarıma yaxşı dost olmaqdır - deyir. On filmdən birini seçmək kimi üstünlüyü olduğu halda, yalnız uşaqlarının məktəb tətili vaxtlarına düşən təklifləri dəyərləndirir. İl boyu iki həftədən artıq evdən uzaqda qalmır.
Qazancından xeyriyyə işlərinə xərcləməyi unutmur. Heç vaxt bahalı aksessuarlar almır – ona verilən pulu xeyriyyə işlərinə xərcləyərəm - deyir.

2023-cü ilin oktyabr ayında Meril Stripin Don Qammerdən rəsmi olaraq boşandığı açıqlandı. Bəzi mənbələr cütlüyün son altı ildir ki, ayrıldığını iddia edirlər.
Meril Strip aktrisa Billi Lurdun xaç anasıdır.
Strip dini baxışları barədə belə deyir: “Mən heç bir doktrinaya əməl etmirəm. Kilsəyə, məbədə, sinaqoqa və ya aşrama mənsub deyiləm. Amma Tanrının mövcudluğunu istisna etmirəm. Məndə dünyanı daha yaxşı bir yerə çevirməli olduğum hissi var. Bu haradan gəlir?”
2001-ci ildə Meril Strip Nobel mükafatı konsertini Liam Nisonla birlikdə aparıb. Elə həmin il aktrisa Amerika İncəsənət və Ədəbiyyat Akademiyasına qəbul edilib və Harvard Universitetindən fəxri incəsənət doktoru dərəcəsinə layiq görülüb.
Meril Strip həmçinin Milli Qadın Tarixi Muzeyinin sözçüsüdür. Bu muzeyə xeyli miqdarda pul bağışlayıb və çoxsaylı tədbirlərə ev sahibliyi edib.
Meril Strip ABŞ-nin hazırkı prezidenti Donald Trampın siyasətini tənqid edir.