Logo
news content

Dünya Yeni ili qarşılayır – Tonqallar və paxlavadan, çiçilaki və 12 üzüm dənəsinədək
Bakı, Tbilisi, Yerevan, Tokio və Madridi birləşdirən ənənələr

Yeni il yaxınlaşdıqca Azərbaycan mehmanxanaları bir-birinin ardınca bayram paketlərini təqdim edir – şam yeməkləri, şou proqramlar, canlı musiqi və unudulmaz istirahət vədi. Qiymətlər isə hər il olduğu kimi yenə də müzakirələrə səbəb olub: bəzən ölkə daxilində istirahətin xarici turlardan daha baha başa gəlməsi çoxlarına qəribə gəlir. Halbuki, həmin turlara uçuş, yaşayış və qidalanma da daxildir.

Amma bu təkliflər hər il ortaya çıxırsa və dəyişməz olaraq öz qonaqlarını tapa bilirsə, deməli, bayramı zalların parıltısında, axşam libaslarında, şam yeməyində və hansısa təntənəli gecəyə aid olmaqda görən insanların sayı kifayət qədərdir.

Amma Yeni ili başqa cür də qarşılamaq olar – sakit şəraitdə, ailə ocağında. Elə yerdə ki, orada əsas bəzək dekorasiya deyil, naringi qoxusu, uşaqların gülüşü, tanış yeməklər və balaca möcüzə gözləntisidir.

Və məhz restoran dəbdəbəsi ilə ev süfrəsinin səmimiliyi arasında sual yaranır: başqa ölkələrdə Yeni ili necə qarşılayırlar? İşıq, yenilənmə və ümid gözləntisi kimi hisslər başqa harada yaşayır?

Axı, bu, məhz həmin nadir andır ki, dünyanın hər yerində insanlar bir-birinə bənzəyir: arzulayır, gözləyir, ümid edirlər. Amma onlar bu anı elə fərqli şəkildə qeyd edirlər ki, sanki hər xalqın təqvimlə özünəməxsus “müqaviləsi” var.

Gəlin kiçik səyahətə çıxaq.
Amma əvvəlcə – özümüzdən başlayaq.

Azərbaycan

Azərbaycanda Yeni ili yanvarın 1-də qarsalayırlar və bu, sovet dövründən qalan ənənədir. Amma ondan əvvəl də və bu gün də əsas “yeni il” Novruzdur – yaz bərabərliyi, təbiətin oyanışı və yenilənmə bayramı. Həmin gün hər evdə paxlava və şəkərburanın ətri yayılır, uşaqlar tonqallar üzərindən tullanır – sanki yeni mərhələdən öncə artıq hesab edilən hər şeyi yandırırlar.

Qışdakı Yeni il bayramı Novruzun kiçik qardaşıdır: daha gəncdir, daha sadədir, amma özünəməxsus cazibəsi var. Süfrəyə naringi, nar, dolma, qutab qoyulur. Uşaqlar Şaxta babanı və onun dəyişməz yoldaşı Qar qızı gözləyir, valideynlər isə qəhrəman görkəmi ilə uşaq bayramını telefona çəkirlər – bu tədbirlər Yeni il tətillərindən də uzun davam edir.

Yeni ili burada sanki bayram kimi yox, qlobal miqyaslı baş məşq kimi qarşılayırlar: biri musiqi qoşur, digəri dərhal söndürür, üçüncüsü heç kimin bişirmədiyi, amma hansısa kainat qanunlarına görə mütləq süfrədə olmalı olan plovu axtarır. Üstəlik, yalnız Azərbaycanda salatlar, partladılan şarlar və əbədi cümlədən ibarət unikal simfonik orkestr eşitmək olar: “Pult hanı? Pultu yenə kim gizlədib?!”

Azərbaycan ənənəsi bizə nə öyrədir?
Əgər onu ürəklə qarşılasan, istənilən bayramda – hətta ən “gənc” bayramda belə, istilik tapmaq olar.

Gürcüstan

Gürcüstanda Yeni il folklor əsəridir.

Əsas fiqur mekavledir – evə ilk gələn və uğur gətirən qonaq. Onu elə diqqətlə seçirlər ki, sanki vəkil və ya müalicə həkimi təyin edirlər: ilin taleyi düzgün qonaqdan asılıdır.

Gürcü “yolka”sı isə çiçilakidir – fındıq yonqarından hazırlanmış, ağappaq, müqəddəs saqqala bənzəyən fiqur. Onu meyvə və şirniyyatlarla bəzəyir, bayramdan sonra isə yandırırlar ki, bütün çətinliklər tüstü ilə birlikdə yox olsun.

Bayram iki dəfə qeyd olunur: yanvar 1-də və 14-də – “köhnə Yeni ildə”. Arzu tutmaq üçün ikiqat fürsət yaranır. Axı bu arzulardan biri “dəqiq hədəfə dəyə bilər”?

Gürcü ənənəsi nə hədiyyə edir?
Evimizdə işıq və uğur gətirən insanlarla əhatə olunmağın nə qədər vacib olduğu xatırladır.

Ermənistan

Erməni Yeni ili miflər, əfsanələr və poeziyanın qarışığıdır.

Qədimdə onu avqustda, qızmar günəş altında qeyd edirdilər. Əsas obraz çoban Navasard idi – o, bir gün sürünü ataraq bayram etməyə gedir və bununla da bayramın simvoluna çevrilir. Daha sonra bu ənənə “Naxratox” – “sürünü tərk edən” adlandırıldı.

Əfsanələr başqa versiyalarla da zəngindir: ermənilərin ulu babası Haykın titan Bel üzərində qələbəsi, Nuhun gəmisinin “Ararat” (Ağrıdağ – red.) yaxınlığında dayanması – bütün bunlar bayram üçün yeni səbəblər və yeni miflər yaradır.

Zamanla Yeni il qışa “köçüb” və daha “şirin” məna qazanıb: arisa sıyığı bişirilir (amma qaşıqla qarışdırmaq olmaz – yoxsa dava düşər), yolka əvəzinə ərik budaqları istifadə olunur, nənələr isə nəvələrinin dodaqlarına bal sürtürlər – il şirin keçsin deyə. Dekabrda ermənilər bir-birinə “şirin qocalmaq” arzulayırlar.

Erməni ənənəsi necə ilham verir?
Adi şeyləri əfsanəyə çevirmək və yeni ilə həyat eşqi ilə daxil olmaq bacarığı.

Amma Cənubi Qafqazdan kənara çıxdıqda aydın olur ki, möcüzələrin sərhədi və saat qurşağı yoxdur. Hər xalq Yeni illə dostlaşmağın öz yolunu tapıb – kimi su ilə, kimi odla, kimi də sadəcə yaxşı əhval-ruhiyyə ilə.

Və bu müxtəliflik heyrətləndirməyə bilməz:

  • Yaponiya - məbədlərdə 108 zəng zərbəsi insanı mənəvi qüsurlardan təmizləyir. Məbədlər zənglərin gur sədasından titrəyir, insanlar isə yeni ili qəlblərində yüngüllük və rahatlıq hissi ilə qarşılayırlar.
  • Çin - qırmızı zərflərdə pul hədiyyə olunur. Hesab olunur ki, qırmızı rəng uğuru evdə qalmağa “dilə tutur”.
  • Koreya - böyüklərə dərin ehtiramla baş əyilir, xüsusi ailə süfrəsi açılır; yaşlılar xeyir-dua və pul verir, gənclər isə ili hörmət və ehtiramla “qarşılayaraq” evə istilik bəxş edirlər.
  • Vyetnam - “allahın poçtalyonu” sayılan canlı sazan balıqları çaylara buraxılır. Onlar insanın xahişlərini göylərə çatdıran elçiyə çevrilirlər.
  • Tailand - su “döyüşləri” təşkil edilir, bütün neqativlər (eləcə də qonşuların saçı) yuyulur.
  • Türkiyə - narı (bolluq və uğur simvolu) yerə və ya divara çırpırlar: dənə nə qədər çox səpələnsə, ruzi və xoşbəxtlik bir o qədər bol olar. Stəkandakı suya atılan dəmir pul isə var-dövlət axınının simvoludur.
  • İran - Novruz hələ də əsas bayram olaraq qalır. Amma getdikcə daha çox gənc dekabrın 31-də divardakı saata baxıb ürəyində “qış arzusu” tutur.
  • Rusiya - yolka, zəng səsləri, naringi ətri və “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmi xatırladır ki, bəzən möcüzə səhv qapını döyür, amma həmişə vaxtında gəlir.
  • Ekvador - köhnə ilin müqəvvasını yandıraraq, keçmişi külə döndərirlər.
  • Meksika - əldə çamadan küçə ilə qaçırlar: nə qədər sürətlə qaçsan, növbəti ildə bir o qədər uzağa səfər edəcəksən.
  • İspaniya və Kolumbiya - saatın zərbəsi altında 12 üzüm dənəsi (ilin 12 ayına uyğun) yeyirlər. Əsas odur ki, arzunu və gələcək ay üçün ümidləri vaxtından əvvəl udmayasan.
  • Danimarka - dostların qapısında boşqab sındırırlar. Boşqab qırıqları nə qədər çox olsa, dostluq o qədər möhkəm və gecə əyləncəli olacaq. 
  • İtaliya - köhnə əşyalar pəncərədən ataraq, yeni xoşbəxtlik üçün yer boşaldırlar. Bəzən hətta stullar da pəncərədən uçur.

Son söz əvəzi

Yeni il – tarix deyil, ruh halıdır.
O, səs-küylü də ola bilər, sakit də, ailədə süfrəsində də qeyd edilə bilər, restoranda təntənə ili də. Amma Yeni il həmişə yenilənməyə inamın yaşadığı yerdə olur.

Hər xalqın öz xoşbəxtlik düsturu var:
tonqallar və paxlava, çiçilaki və xoşbəxt qonaqlar, nar və zəng səsləri, dodaqlarda bal və saatın zərbəsi ilə üzüm dənələri. Bu qığılcımlar fərqlidir, amma birlikdə insanlığın böyük işıq zəncirini yaradır.

Əgər bu gecə tonqaldan tullansanız, nar çırpsanız, 12 üzüm dənəsi yesəniz və ya sadəcə saatın zərbəsi altında gülümsəsəniz – bəlkə də möcüzə məhz həmin an sizə doğru yol açacaq.

Yeni ili harada qarşılamağımız vacib deyil, onu hansı ruh halında qarşılamağımızdır.

Qoy qarşıdan gələn il dünyanın bütün xalqlarını xoşbəxtlik gözləntisi kimi birləşdirsin.

Qoy möcüzənin bizi tapması daha asan olsun!
Yeni iliniz mübarək!