Logo
news content

Gələcəyin mühərriki: Gənclik dəyişikliklər dalğasında
Epiqraf: “Gələcək həmişə vaxtında gəlir. Sadəcə, gənclik ona daha tez çatır”

Gələcəyin dünyasını əslində kim qurur

Dünya onunla bağlı təlimatların yenilənməsindən daha sürətlə dəyişir. Biz reallığın bir versiyasına alışmağa çalışırıq, amma bu vaxt növbəti versiya çıxır – yeni texnologiyalar, yeni qaydalar və insana qoyulan yeni tələblər.

Rəqəmsal gələcək barədə söhbətlər çoxdan dəbdə olan məşğuliyyət olmaqdan çıxıb. Bu gün söhbət artıq iqtisadiyyatlar, dövlətlər və hətta ayrı-ayrı peşələr üçünyaşamaq uğrunda sualdan gedir. 

Və bu müzakirələrin demək olar hamısında mütləq bir söz səslənir – gənclik.

Onu “rəqəmsal transformasiyanın lokomotivi”, “TikTok nəsli”, “gələcəyin liderləri” adlandırırlar. Bəzən elə təsəvvür yaranır ki, gənclik universal aksessuardır: onun adını bir-iki dəfə strategiyaya sal, sənəd dərhal müasir görünür.

Amma adətən səsləndirilməsi uyğun sayılmayan bir narahatedici sual var: gənclik əslində hansı rolu oynayır – və ona real olaraq hansı rolu oynamağa icazə verilir?

Wi-Fi-si olan, amma səsvermə hüququ olmayan nəsil

Müasir gənclik internetin texniki möcüzə deyil, adi yaşayış qaydası olan dünyada doğulub.

Onlar onlayn təhsil alır, onlayn işləyir, onlayn mübahisə edir, onlayn layihələr başladır və hətta çox vaxt onlayn düşünürlər. Onlar üçün rəqəmsal mühit “həyata əlavə” deyil, elə həyatın özüdür.

Amma söhbət qərarların qəbuluna gələndə qəribə vəziyyət yaranır. Rəqəmsal nəsil birdən-birə “hələ çox cavandır”, “hazır deyil” və ya “qoy əvvəlcə təcrübə toplasın” arqumentləri ilə kənara atılır.

Amma eyni zamanda, rəqəmsal inkişafla bağlı qərarları çox vaxt texnologiyalara hələ də yeni, mürəkkəb və izah tələb edən bir şey kimi baxan insanlar qəbul edir.

Rəqəmsal dövrün əsas paradoksu da məhz bundan qaynaqlanır: texnologiyaları ən yaxşı anlayanlar onlara ən sonda yaxın buraxılırlar.

Gənclik artıq istifadəçi deyil – o, yaradıcıdır

Bu gün gənclik təkcə lent vərəqləyənlərdən ibarət deyil. Onlar kod yazan, qurğular yığan və texnologiyaları işlək hala gətirən insanlardır.

Özü də, bu, hansısa “təlim üçün” olan sahələrdə deyil, ən ciddi istiqamətlərdə baş verir: süni intellekt, kibertəhlükəsizlik, robototexnika, peyk rabitəsi. Hələ bir müddət əvvələ kimi bizə fantastika kimi görünən mövzular onlar üçün artıq tədris layihələridir.

2025-ci ildə Bakıda keçirilən bir neçə forum bunu açıq şəkildə nümayiş etdirdi:

Youth Artificial Intelligence Forum – gənc tədqiqatçılar maşın öyrənməsi üzrə layihələr təqdim edirdilər: böyük məlumatların təhlilindən tutmuş telekommunikasiya infrastrukturunun optimallaşdırılmasınadək.

Youth Cybersecurity Forum 2025 – tələbələr peyk kanallarına kiberhücumların simulyasiyalarını və mühafizə alətlərini nümayiş etdirirdilər ki, bu da peşəkar sahə standartları ilə tam müqayisə oluna biləcək səviyyədə idi.

IAEDIF’25 – gənc mühəndislər antena prototipləri yığır, sensorları sınaqdan keçirir və kosmik rabitə üçün rəqəmsal həlləri müzakirə edirdilər.

Bu forumların hər biri gələcəyə fərqli prizmadan baxırdı. Amma onları birləşdirən əsas məqam eyni idi: gənclik gələcəyə dəvət olunmağı gözləmir – o, artıq bu gələcəyin necə işlədiyini sınaqdan keçirir.

Nəsillərarası dialoq, yoxsa eyni sistemin fərqli versiyaları?

Böyüklər “nəsillərarası dialoq”dan danışanda, gənclik çox vaxt bunu təxminən belə eşidir: “İndi sizə sizin gələcəyiniz necə olacağını danışacağıq”.

Halbuki, real dialoq böyüklərin sadə həqiqəti qəbul etdiyi anda başlayır: Gənclik gələcək deyil. O, artıq bu günün özüdür. Hətta bəzən istənilən rəsmi konsepsiyadan daha müasirdir.

Rəqəmsal nəsil sadə düşünür:
– texnologiya sehr deyil, alətdir;
– səhv faciə yox, “yenidən başla” düyməsini sıxmaq üçün fürsətdir;
– dünya qloballaşıb, sərhədlər isə çox vaxt zəif Wi-Fi ilə üst-üstə düşür;
– nəsə mümkünsüz görünürsə, deməli, hələ sadəcə sınaqdan keçirilməyib.

Və daha bir məqam: gənclik “toxunmaq olmaz” deyilən düymələri basmaqdan çəkinmir. Adətən innovasiyalar da məhz onların arxasında gizlənir.

Niyə kosmonavtlar yenidən dəbdədir?

Müasir gəncliyi gurultulu şüarlar getdikcə daha az, real və mürəkkəb işlər görmüş insanlar daha çox ilhamlandırır. Məsələn, kosmonavtlar.

Plakat qəhrəmanları kimi yox, mühəndis və sistemli düşünən mütəxəssislər kimi. O insanlar ki, səhvin hesabatda qeyd deyil, ciddi problem olduğu mühitdə işləməyə öyrəşiblər.

Kosmonavt süni intellekt, telekommunikasiya və robototexnika barədə sakit və peşəkar şəkildə danışanda bir şey aydın olur: gələcək abstraksiya deyil. O, mürəkkəb bir vəzifədir və onun həlli var.

Gələcəyi protokollar yaratmır

Gələcək protokollarla yox, real işlə formalaşır.

Sonsuz sayda dəyirmi masa keçirmək, daha çox hesabat yazmaq olar. Kağızların sayı artacaq, amma gələcəyin özünün yaranacağı mütləq deyil.

Gələcəyi kod yazanlar, antenalar yığanlar, hipotezləri sınaqdan keçirənlər və səbirlə izah edənlər yaradır: internet “haradasa naqillərlə bağlı nəsə” deyil, ideyalar və biznes üçün məkandır.

Gənclik dinləyici deyil. O, prosesin birbaşa iştirakçısıdır.

Söhbətlər əmələ çevriləndə

Gələcək barədə danışıqların gözəl nəzəriyyə səviyyəsində qalmaması üçün real alətlər lazımdır. Və bu alətlər tədricən formalaşır.

2026-cı ildən etibarən Azərbaycanın universitetlərində beynəlxalq IT SkillSprint proqramına qeydiyyat başlayır – dövlətlə Ironhack şirkətinin birgə intensiv proqramı.

Bootcamp formatı, real layihələr, beynəlxalq mentorlar və kağız üzərində yox, praktikada işləyən bacarıqlar: DevOps, bulud texnologiyaları, DataAI, kibertəhlükəsizlik, veb-inkişaf.

Və burada sadə, amma çox vacib sual yaranır: bu gün qərar qəbul edənlərin düşüncə tərzi sabah bu gələcəkdə işləyəcək insanların tezliyinə köklənibmi?

İroniya ondadır ki, proqram gəncliyin çoxdan istədiyi kimi qurulub: daha az bürokratiya, daha çox praktika və texnologiya.

Son söz əvəzi

Rəqəmsal gələcəyin təkcə innovativ deyil, həm də yaşamaq üçün normal olması üçün formal şəkildə “gənclərin fikrini nəzərə almaq” kifayət deyil.

Texnologiyalara, eksperimentlərə və qərarların qəbuluna real çıxış lazımdır. Çünki hər şeyin təlimatlardan daha sürətlə yeniləndiyi dünyada geridə qalmaq səssiz baş verir.

Sonra isə birdən məlum olur ki, mütəxəssis çatışmır, texnologiyalar özgənindir, onlara çatmaq isə uzun və baha başa gəlir.

Gənclik ehtiyat qüvvə və “nə vaxtsa sonra” deyil. O, artıq işə düşmüş mühərrikdir.

Əgər gələcəyə vaxtında çatmaq istəyiriksə, sadə addım atmaq lazımdır: antenanı onların dalğasına kökləmək.

Problem gəncliyin gələcəyə çox tez çatmasında deyil. Problem yaşlıların bu gələcəyi daha ləng qavrmasındadır.