Logo
news content

Onlar artıq bizdən ağıllıdırlar! – Gələcəyi kim təmir edəcək?
Texnologiyaların bizi özündən asılı etdiyi və niyə gələcəyin real peşələrin əlində olduğu barədə

Biz işi yüngülləşdirmək üçün maşınlar yaratdıq, sonra maşınlara xidmət etmək üçün daha çox işləməyə başladıq. Bir vaxtlar insan əlində alət tuturdu, bu gün isə alət insanı “tutur”.

Smartfon artıq çoxdan əlimizin davamı olmaqdan çıxıb – o, əlimizin rəhbərinə çevrilib. Nə vaxt oyanacağımızı, kiminlə danışacağımızı, nə barədə düşünəcəyimizi və nə zaman “xoşbəxt olmalı” olduğumuzu o müəyyənləşdirir – “təcili hesabat göndər” xatırlatması da onun səlahiyyətindədir.

Müasir insan telefon olmadan özünü sadəcə həssas deyil, çılpaq, itirilmiş və bir az da faydasız hiss edir. Dünya ilə əlaqəsiz olmaq olar? Yox, bu, enerji ilə əlaqəsizlikdir! Pul kisəsini itirmək xoşagəlməzdir. Wi-Fi-ni itirmək isə milli miqyasda faciədir.

Biz hər şeyi qadcetlərin öhdəsinə buraxmışıq: yaddaşı, emosiyaları, sosial həyatı. Nənənin ad gününü niyə xatırlayım ki? Facebook xatırladar! Əgər filtr yoxdursa, pəncərədən niyə çölə baxım? Əgər telefonun Siri adlı səsli köməkçisi daha tez, bəzən isə bizdə çatışmayan əminliklə cavab verirsə, niyə özüm düşünüm?

Selfi nəsli yeni qanunla yaşayır: harada olduğun yox, orada fotoda necə alınmağın vacibdir. Stories olmadan Günəşin batması? Boşuna keçirilmiş axşamdır. Həmin anı qeydə alırıq, amma getdikcə həmin anla daha az yaşayırıq.

Smartfonlarımız getdikcə ağıllanır: istəklərimizi qabaqcadan hiss edir, üzləri, səsləri, hətta əhval-ruhiyyəni tanıyır. Paradoks isə ondadır ki, onlar ağıllandıqca, biz bir vaxtlar “sağlam düşüncə” adlandırdığımız şeyi bir o qədər az işlədirik.

TikTok universiteti əvəz edəndə

Bir vaxtlar xəbərlər üçün qəzetə, analitik yanaşma üçün professorlara, məsləhət üçün həkimə müraciət edirdilər. Bu gün isə sadəcə TikTok-u açmaq kifayətdir. Beş saniyə keçir... və sən artıq əminsən ki, hər şeyi bilirsən: qlobal iqtisadiyyatdan tutmuş, cəfəri ilə “karmanı təmizləmək” üsullarına qədər.

Yeni rəqəmsal kainatda təhsil artıq diplom deyil. Bu, kameraya çəkinmədən baxmaq, ÜDM ilə ÜMM arasındakı fərqi bilməsən belə, özünə əmin tərzdə danışmaq bacarığıdır.

Beləliklə, cəmiyyətin yeni tipi formalaşır – özünəinam cəmiyyəti: hamı hər şeyi bilir, amma heç kim heç nəyə tam əmin deyil.

Və bütün bu xaosun içində qəribə təsəlli var: bəşəriyyət ilk dəfə bərabərliyə nail olub. Hamı “ekspert”dir. Birinin mikrofonu TikTok-dadır, digərininki isə binanın girişində.

Ağıllı ev və “ağılsız” qonşular

Texnologiyalar daha da irəli gedib – birbaşa evimizin içinə.

Liftlər danışır, lampalar “düşünür”, pərdələr səsə tabe olur. Hə şey ağıllıdır – sakinlərdən başqa.

Bakının yeni tikililərində XXI əsr sadəcə XX əsrlə yanaşı mövcud deyil – onlar eyni mənzildə yaşayır. Bir mərtəbədə sensor hərəkətə reaksiya verir, digər mərtəbədə isə qonşu kabab iyi gələn kimi “reaksiya” göstərir.

Ağıllı qadcet hava proqnozu barədə ucdan məlumat verir, amma onun səsi aşağıda avtomobil saxlamaq yeri üstündə gedən mübahisəni çətinliklə üstələyir.

Ağıllı ev sahibinə bildiriş göndərir: “Qapı açıqdır”. Diksinirsiniz. Amma bu, oğru deyil, nə üçünsə “bir dəqiqəliyə” sizə gələn, amma üç saatdır evdəkilərlə söhbət edən qonşudur.

Biz telefonla işığı yandıra, Antalyada oturaraq evdə qalan pişiyə baxa, kondisioneri səslə işə sala bilirik. Amma gecə saat ikidə qonşunun yüksək səslə qoyduğu musiqisini söndürmək... – bu, süni intellekt üçün də əlçatmaz tapşırıqdır.

Bakının yeni tikililəri gələcəyin muzeyidir: “Ağıllı texnika və əbədi suallar”.

Qayka qadcetdən ağıllı olanda

Bu yaxınlarda Nvidia-nın rəhbəri Censen Huanq proqramçıların dövrünün başa çatdığını, gələcəyin elektriklərə, qaynaqçılara və çilingərlərə məxsus olduğunu bildirib. Öncə Silikon vadisinin növbəti zarafatı kimi səslənir – bunun nə qədər ciddi olduğunu anlayanadək.

Bu, bizim reallıqlar üçün az qala inqilabdır. Belə çıxır ki, süni intellekt dünyasının ən əsas fiqurlarından biri diplomlara yox, əllərə inanır?

Azərbaycanda bu, demək olar, küfr kimi səslənir: gələcək elektriklər və çilingərlərindir. Alqoritm yazanların yox, nəyisə təmir və ya icad edənlərin?

Biz onilliklər boyu saxta biliklər sivilizasiyası qurmuşuq. Əsas olan möhür və çərçivədir, içində nə olduğu vacib deyil. Karyera istəyirsənsə – diplom qazan. Qazanmaq alınmırsa – bəzən “almaq” da olur. Hörmət istəyirsənsə – onu divardan as.

Hər şey valideynlərin məşhur “qorxutmaları” ilə başladı.
“Yaxşı oxumasan, səni ixtisaslaşmış məktəbə göndərəcəyik!” – elə deyirdilər ki, sanki sürgünə yollayırlar. Halbuki, bu gün istənilən ölkədə məhz həmin ixtisaslaşmış məktəblərin məzunlarına tələbat var. Bunu “beynəlxalq münasibətlər üzrə mütəxəssislər” və “menecerlər” haqqında demək çətindir – onların əsas bacarığı işsizlikləri barədə təqdimat hazırlamaqdan ibarətdir.

Biz diplomlara o qədər uzun müddət sitayiş etdik ki, nə üçün lazım olduqlarını unutduq.
Nəticə göz qabağındadır: nə işlə məşğul olduğunu güclə anlayan hüquqşünas, kalkulyatoru işgəncə aləti kimi görən iqtisadçı. Amma hər ikisi əmindir ki, onlar olmasa, ölkə dağılacaq.

Ölkə isə nədənsə elektrik xətlərini təmir edənlərin, plitə döşəyənlərin hesabına ayaqda qalır.

Dünya dəyişir. Süni intellekt inkişaf edir, data-mərkəzlər çoxalır, amma onları tikən, quran və təmir edən yenə də insanlardır – “sertifikatlı xəyalpərəstlər” deyil, real insanlar.

Elektriklər, santexniklər, qaynaqçılar – gələcəyin yeni mühəndisləri məhz onlardır. Onlar “startap” və “innovasiya” sözlərinin PowerPoint təqdimatı deyil, burğunun səsi və real əməyin qoxusu olduğu yerlərdə çalışırlar.

İroniya ondadır ki, yaxın gələcəkdə məhz onlar bu gün kredit içində yaşayan və diplomu ilə fəxr edən menecerlərin yaşadığı mənzilləri ala biləcəklər.

Bəlkə də bizi yeni universitet yox, köhnə, yaxşı tanıdığımız ixtisaslaşmış məktəb xilas edəcək?
Bəlkə, sonsuz sayda “beynəlxalq münasibətlər bakalavrları” əvəzinə, borunun haradan başladığını və harada bitdiyini bilən min usta yetişdirək? Bax, bu, əsl innovasiya olar.

Epiloq: gələcəyin təbəqələşməsi

Dünya səssiz-səmirsiz iki düşərgəyə bölünür.

Birində virtual reallıqda yaşayan, uğuru bəyənmələrin sayı ilə ölçənlər var.
Digərində isə Wi-Fi işləməyəndə reallığı “təmir edənlər”.

Kimin qalib gələcəyini demək çətindir – əlində ChatGPT olan rəqəmsal kahinlər, yoxsa əlində açar olan ustalar?

Bəlkə də, bəşəriyyət yeni tarazlıq mərhələsinə daxil olur:
bəziləri illüziyalar yaradır, digərləri isə lampaları düzəldir.

Və sonda cavabı hələlik verilməyən bir sual qalır:
kim daha ağıllıdır – qadceti olan, yoxsa onu təmir etməyi bacaran insan?