Ziyalılar Prezidentə müraciət etdi: “Ədəbi dilimizin zənginləşməsi üçün yeni quruma ehtiyac var”
23 May 2024
Bir qrup
ziyalı Prezidentə müraciət edərək ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən
quruma ehtiyac olduğunu bildiriblər.
Pressklub.az-ın xəbərinə görə, ziyalıların dövlət başçısına
müraciətində bildirilir ki, Azərbaycan dili yüzillər boyunca cilalanmaqla daim
yenilənib, qazandığı yeni sözlər hesabına zənginləşib və indiki gözəlliyinə çatıb.
Həmçinin müraciətdə bu dilin formalaşmasında dahi şairlərimizin, yazıçı və
dramaturqlarımızın, eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin böyük əməyindən
bəhs edilib. Bundan əlavə, Heydər Əliyevin ölkəmizdə Azərbaycan dilinin işləkliyinin
daim qayğısına qaldığı, dövlət orqanlarında doğma dilimizdən istifadəni ciddi şəkildə
tələb etdiyi və 2002-ci ildə imzaladığı
fərmanla “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul etdiyi xatırladılıb.
“Bu gün də dövlət
dilimizin xüsusi qayğıya ehtiyacı var. Qloballaşmanın, elmi-texniki tərəqqinin
sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə
labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki, hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin
Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək
əvəzinə, onun təbiətinə zidd meyillərin ortaya çıxmasına səbəb olur. Görünən
budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri
ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə
biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə
Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar
dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində
qarşılığını yaradır”,-
ziyalılar bildirib.
Müraciətdə deyilib: “Möhtərəm Prezident! Biz hesab edirik ki,
ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac vardır. Bu qurum
dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət yaranarsa, ana dilimizin daxili imkanları
hesabına yeni sözlərlə əvəz edə bilər. Səhiyyə, təhsil, iqtisadiyyat,
informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma
terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı
kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin
mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və
müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər.
İnanırıq ki, təklifimiz dövlət əhəmiyyətli bir məsələ kimi diqqətinizi cəlb edəcək
və sırf sözügedən işlərlə məşğul olacaq ştatlı mütəxəssislərdən ibarət müvafiq
dil qurumunun yaradılması məsələsi tezliklə həllini tapacaqdır”.
1.
Zümrüd Dadaşzadə,
professor
2. Aida Qasımova, professor
3. Fəxrəddin Veysəlli, professor
4. Qulu Məhərrəmli, professor
5. Ədalət Tahirzadə, professor
6. Elmira Məmmədova-Kekeç, professor
7. Ramazan Qafarlı, professor
8. Tərlan Quliyev, professor
9. Seyfəddin Rzasoy, professor
10.
Qurban
Bayramov, professor
11.
Səadət
Şıxıyeva, dosent
12.
İradə Musayeva,
dosent
13.
Əkrəm Bağırov,
dosent
14.
Pərvanə Məmmədli,
dosent
15.
Dürdanə Rəhimzadə,
dosent
16.
Zəminə Rüstəmbəyli,
dosent
17.
Könül Nəhmətova,
dosent
18.
Aybəniz Rəhimova,
dosent
19.
Afaq Yusifli,
dosent
20.
Güldəniz
Qocayeva, dosent
21.
İsmayıl Məmmədov, dosent
22.
Yeganə Kərimzadə,
yazıçı
23.
Nəriman Əbdülrəhmanlı,
yazıçı
24.
Fuad Islamzadə,
dosent
25.
Vasif Sadıqlı,
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri