Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koalisiya İranın Azərbaycana müdaxilələrini pisləyib

“İranda Millətlərin Demokratik Koalisiyası” İran İslam Respublikasının Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələrini pisləyən bəyanat qəbul edib. Koalisiya bəyanatında Azərbaycan xalqının və dövlətinin milli suverenlik hüququnu müdafiə etdiyini vurğulayıb.

Bəyanatda bildirilir ki, İran hakimiyyəti 1979-cu ildən etibarən vətəndaşların rifahını, inkişafını və hüquqlarını təmin etmək əvəzinə, xarici siyasətini “inqilabın ixracı” və öz ideoloji meyarlarını digər ölkələrə qəbul etdirmək üzərində qurub. Koalisiyanın qiymətləndirməsinə görə, bu siyasət Yaxın Şərqin müxtəlif ölkələrində müdaxilələrə və gərginliyin artmasına səbəb olub.

Bəyanat müəllifləri Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan respublikaların da Tehranın geosiyasi və ideoloji hədəflərinə daxil olduğunu bildiriblər. Azərbaycanla ortaq sərhəd, dini amil və Arazın hər iki tərəfində yaşayan Azərbaycan Türkləri arasındakı dərin dil və mədəniyyət bağları bu ölkəyə yönələn müdaxilə siyasətinin əsas amilləri kimi göstərilib.

Koalisiya İran hakimiyyətini otuz ildən artıq müddətdə Azərbaycanın daxili və siyasi işlərinə müdaxilə etməkdə, terror fəaliyyətlərini və təhlükəsizliyin pozulmasını təşviq etməkdə ittiham edib. Bəyanatda vilayəti-fəqih ideologiyasına bağlı şəbəkələrin təşkili, təlimi və silahlandırılması, narkotik maddələrin qaçaqmalçılığı, eləcə də Azərbaycan əleyhinə fəaliyyət göstərən televiziya kanalları və internet saytlarının yaradılması da müdaxilə vasitələri sırasında sadalanıb.

Bəyanat müəllifləri son həftələrdə Azərbaycanda baş verən hadisələri də İranın təhlükəsizlik və kəşfiyyat qurumlarının ölkədə sabitliyi pozmaq cəhdləri ilə əlaqələndiriblər.

Koalisiya vurğulayıb ki, Azərbaycanın və digər region ölkələrinin xalqları öz müqəddəratları, idarəetmə formaları və həyat tərzləri haqqında qərar vermək hüququna malikdirlər: “Heç bir xarici dövlətin onların milli iradəsinə müdaxilə etmək hüququ yoxdur”.

Bəyanatda İran daxilində demokratiya tərəfdarlarına qarşı repressiyalar, qadınların fundamental azadlıqlarının pozulması və ümumölkə etirazlarının zorakılıqla yatırılması da pislənib. Koalisiyanın mövqeyinə görə, öz sərhədləri daxilində yaşayan xalqların hüquqlarını pozan bir hakimiyyətin başqa ölkələrdə insanların hüquqlarını müdafiə etmək iddiası legitim deyil.

Bəyanatı İranda Demokratik Millətlər Koalisiyasına daxil olan aşağıdakı təşkilatlar imzalayıb:

 1. Azərbaycan Milli Dirəniş Təşkilatı — Dirəniş

 2. Güney Azərbaycan Demokrat Partiyası — GADP

 3. Azərbaycan Mərkəz Partiyası — AMP

 4. Azərbaycan Öyrənci Hərəkatı — AZOH

 5. Qaşqayı Azadlıq Yolu Partiyası — QAYI

 6. Əhvazın Azadlığı Üçün Ərəb Mübarizə Hərəkatı — Əl-Nizal

 7. Bəlucistan Raci Təpaki Gəl Partiyası