Paşinyanın konstitusiya gedişi: sülhə doğru yol, yoxsa sağ qalmaq mübarizəsi?
Ekspert: “Müstəqillik Bəyannaməsindəki müddəalar Ermənistana qarşı güc tətbiqinə bəhanə ola bilər”
31 Oktyabr 2026
Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir. Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində belə deyib.
O, bunu həmin mətn əsasında “müstəqil dövlətə sahib olmağın mümkün olmaması” ilə izah edib.
“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – Paşinyan vurğulayıb.
“Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhə nail ola bildik”, – o əlavə edib.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsində əksini tapmış ideologiyadan imtina etməyin Azərbaycanla və ya hər hansı xarici subyektlə əlaqəsi yoxdur. “Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – o qeyd edib.
NEWS.am-ın sualını cavablandıran baş nazir sözlərinə belə davam edib: “Məqsədim sülh sazişinin imzalanacağı və ratifikasiya ediləcəyi şəraitdə baş nazir kimi fəaliyyətimi başa çatdırmaqdır”.
“Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm”, – o bildirib.
Paşinyanın sözlərinə görə, hər gün sülh gündəliyindən diqqəti yayındıra biləcək məsələlər ortaya çıxır. Bununla belə, o, sülh sazişinin bağlanması və ratifikasiyası məqsədinə sadiq qalmaq niyyətində olduğunu bildirib.
“Ötən dəfə növbədənkənar seçkiləri mümkün ssenari kimi təqdim etdim. Lakin dünən hökumət saatının yekunlarına əsasən, növbədənkənar seçkilərə ehtiyac qalmayacağı ehtimalının yüksək olduğuna əmin oldum”, – Ermənistanın Baş naziri deyib.
O, bir daha bildirib ki, bunun əvəzində Konstitusiyaya dair elə bir təklif irəli sürüləcək ki, müxalifət ondan imtina edə bilməsin.
“Onlar dünən hökumət saatının yekunlarına əsasən bizə prosesi elə aparmaq imkanı verdilər ki, müxalifətə güclü ictimai təzyiq formalaşdıraq və müxalifət öz səsverməsi ilə yeni Konstitusiya üzrə referendumun keçirilməsinin qarşısını almasın”, – Paşinyan qeyd edib.
Bununla yanaşı, o, həmin təklifi formalaşdıra biləcəyinə zəmanət verə bilməyəcəyini bildirib: “Bundan artığını deyə bilmərəm”.
Onun qiymətləndirməsinə görə, müxalifətin əsas iddiası bunun sülh prosesində son nöqtə olub-olmaması ilə bağlıdır.
Paşinyan hakimiyyət tərəfdarlarının Konstitusiya referendumu keçirilməsinin lehinə səs verməsi üçün müxalifətə təzyiq göstərmək məqsədilə aksiya keçirə biləcəyini də istisna etməyib. “Bu ssenari baş tutmasa, növbədənkənar parlament seçkiləri yoluna gedəcəyik. Üstəlik, indiki müxalifətin növbəti çağırış parlamentdə yer almayacağına 100 faiz zəmanət veririk”, – hökumət başçısı əlavə edib.
O, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını çox aşağı qiymətləndirməsini bununla izah edib.
“Əgər xalqı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səs verməyə çağırsam və bu addımla minillik münaqişəyə son qoysaq, üstəlik, bunu əsaslandırmaq mümkün olsa, xalqın 90 faizi “lehinə” səs verəcək.
Bu, nəzəri plandır. Mən bu planı həyata keçirmək yolunu seçəcəyəm və bu, çox mürəkkəb prosesdir”, – Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, yeni Konstitusiyanın qəbul edilməsi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında yer alıb. Seçkilərin nəticələrinə görə mütləq çoxluq qazandıqları üçün həmin proqramı həyata keçirməlidirlər.
Paşinyan daha əvvəl yeni Konstitusiya layihəsinin yaxın vaxtlarda dərc olunacağını bildirib.
Yeri gəlmişkən, bundan bir gün əvvəl Ermənistanın ədliyyə naziri Srbui Qalyan Factor.am-a müsahibəsində deyib: “Yeni Konstitusiya layihəsini noyabrın ortalarında təqdim etməyə hazır olacağıq. Bu, layihə olacaq, yəni ictimaiyyətin müzakirəsinə yekun sənədi deyil, layihəni təqdim edəcəyik və müzakirələr üçün platforma yaradacağıq. Layihəni cəmiyyətin bütün təbəqələri ilə geniş şəkildə və uzun müddət müzakirə etmək niyyətindəyik”.
Maraqlıdır, baş nazir Müstəqillik Bəyannaməsindəki ideologiyadan imtinanın xarici subyektlərin tələblərindən deyil, Ermənistanın maraqlarından irəli gəldiyini hansı arqumentlərlə əsaslandırır? Sülh sazişinin imzalanması və ratifikasiyası niyə Paşinyanın fəaliyyətinin uğurlu və ya uğursuz olmasını müəyyən edən şəxsi meyar səviyyəsinə qaldırılıb?
Müxalifətə təsir göstərmək üçün hansı rıçaqlardan istifadə olunması nəzərdə tutulur? Konstitusiya referendumu ilə bağlı qərarın qəbul edilməsi üçün müxalifətə “güclü ictimai təzyiq” göstərilməsi planının əsasında hansı mexanizm dayanır?
İctimai dəstəyə dair proqnoz nəyə əsaslanır? İslahatın tarixi münaqişənin başa çatması ilə əlaqələndirilməsi halında vətəndaşların 90 faizinin yeni Konstitusiyanın lehinə səs verəcəyi qənaəti haradan qaynaqlanır?
Parlament müxalifətinə təzyiq göstərilməsi strategiyası Ədliyyə Nazirliyinin Konstitusiya layihəsinin cəmiyyətin bütün təbəqələri ilə uzunmüddətli müzakirəsinə hazır olması barədə bəyanatı ilə necə uzlaşır?
Pressklub.az bu sualları tanınmış erməni analitik və publisist İşxan Verdyana ünvanlayıb.

Onun fikrincə, Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin müddəaları ilə bağlı arqumentləri son dərəcə sadədir və özü də bu barədə kifayət qədər açıq danışıb.
“Məsələ ondadır ki, Bəyannamədə hüquqi baxımdan Ermənistan Respublikasına məxsus olmayan ərazilərin adı çəkilir, lakin həmin ərazilərin Ermənistana birləşdirilməsi Ermənistan dövlətçiliyinin məqsədlərindən biri kimi göstərilir.
Konkret əraziləri və adları bir kənara qoysaq, başqa torpaqların ilhaqını dövlətin məqsədi elan edən bəyannamənin özü Ermənistanın başı üzərində Damokl qılıncına çevrilir. Belə bir sənəddə əraziləri qeyd olunan dövlət həmin müddəalardan Ermənistana qarşı iddialarını əsaslandırmaq, hətta bunu öz təhlükəsizliyinə təhdid kimi təqdim etmək üçün istifadə edə biləcəyindən, Bəyannamə istənilən vaxt münaqişənin eskalasiyasına səbəb ola bilər.
Üstəlik, həmin müddəalar Ermənistan dövlətinin yaradılmasının məqsədləri kimi bəyan edildiyindən, bu sənəddə göstərilən ölkələr hətta Ermənistan Respublikasının mövcudluğunun özünün strateji təhlükə təşkil etdiyi barədə tezisi hüquqi cəhətdən əsaslandırmağa cəhd göstərə bilərlər. Belə olan halda, Bəyannamənin müvafiq müddəalarından Ermənistana qarşı addımları, hətta güc tətbiqini əsaslandırmaq üçün istifadə oluna bilər.
Məncə, Nikol Paşinyan məhz bu potensial zəifliyi aradan qaldırmağa çalışır. Onun məqsədi ölkənin əsasını təşkil edən sənədlərlə bağlı riskləri azaltmaqla Ermənistanı təhlükələrdən qorumaqdır.
Sülh sazişinin imzalanması və ratifikasiyasının Paşinyanın fəaliyyətinin uğur və ya uğursuzluğunu müəyyən edən şəxsi meyar səviyyəsinə qaldırılmasının səbəbi odur ki, onun fəaliyyətinin nəticələrindən təkcə ölkəyə baş nazir kimi rəhbərlik etməyə davam edib-etməyəcəyi deyil, həm də azadlıqda qalıb-qalmayacağı asılıdır. Hətta daha artığını deyərdim: söhbət onun sağ qalıb-qalmayacağından gedir.
Məsələ ondadır ki, sülh gündəliyinin iflasa uğraması qaçılmaz olaraq Ermənistanda hakimiyyətin onun ideoloji rəqiblərinin əlinə keçməsinə gətirib çıxaracaq. Hakimiyyətə gəldikdən sonra onlar bütün ittihamları – “Qarabağın təslim edilməsi”, “torpaqların verilməsi”, Azərbaycana güzəştlər və bu gün müxalifətin ritorikasının əsasını təşkil edən digər məsələləri Nikol Paşinyanın üzərinə yükləyəcəklər.
Paşinyanın cinayət təqibinə məruz qalması və ağır cəzalandırılması ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, müxalifətin rəhbərliyində təmsil olunan şəxslər tərəfindən hətta fiziki cəzalandırmaya qədər gedib çıxan birbaşa təhdidlər də səsləndirilib.
Deməli, Paşinyan üçün bu məsələ son dərəcə kəskindir: söhbət onun sağ qalmasından gedir. Eyni zamanda, bu, bütövlükdə Ermənistan Respublikasının yaşaması və suverenliyi məsələsidir”, – ekspert hesab edir.
Onun sözlərinə görə, Nikol Paşinyanın istinad etdiyi hökumət saatını diqqətlə izləyib, lakin etiraf etməlidir ki, müxalifət tərəfindən baş nazirin bu cür qənaətlərə gəlməsinə səbəb ola biləcək hər hansı siqnal görməyib.
“Bəlkə də Nikol Paşinyan özü üçün kənar müşahidəçiyə hələ aydın olmayan müəyyən nəticələr çıxarıb.
Hər halda, o, planını açıqlamasa da, niyyətlərini kifayət qədər inamla ifadə edib. Bu isə belə düşünməyə əsas verir ki, baş nazirin gələcəkdə həyata keçirmək niyyətində olduğu müəyyən strategiyası var.
Ümumilikdə, Nikol Paşinyan müxalifətin müqaviməti ilə üzləşəcəyi təqdirdə konstitusiya islahatını irəli aparmaq üçün artıq iki mümkün ssenari açıqlayıb. Birincisi, hələlik açıqlamadığı və müxalifətə ictimai təzyiq göstərilməsini nəzərdə tutan mexanizmdir. İkincisi isə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
Düşünürəm ki, indiki mərhələdə hadisələrin inkişafını izləmək və baş nazirin planını nə vaxt konkretləşdirəcəyini, irəli sürdüyü ssenarilərin nə dərəcədə real olduğunu gözləməkdən başqa çarəmiz yoxdur.
Ermənistanın ədliyyə nazirinin yeni Konstitusiya layihəsinin uzun müddət ictimai müzakirəyə çıxarılacağı barədə bəyanatları, ilk növbədə, yeni sənədin məzmunu və ifadə tərzi ilə bağlıdır. Söhbət Konstitusiyanın qəbulundan deyil, layihənin təkmilləşdirilməsi prosesindən gedir. Buna görə də həmin bəyanatları təbliğat kampaniyasının bir hissəsi kimi qiymətləndirməzdim. Hazırda sənədin ictimai müzakirəyə hazırlanmasından söhbət gedir.
Nikol Paşinyanın özünəinamı, ehtimal ki, ilk növbədə, cəmiyyətdə əhəmiyyətli dəstəyə malik olduğuna inamı ilə bağlıdır. İnformasiya məkanındakı bütün səs-küyə və tənqidlərə baxmayaraq, bu dəstək, görünür, baş nazirin mühüm siyasi resursu olaraq qalır.
Bundan əlavə, Paşinyan Konstitusiya layihəsini vətəndaşlara izah etmək prosesində şəxsən iştirak etmək niyyətində olduğunu bildirib. Yəqin ki, o, bu prosesdə ünsiyyət bacarıqlarına, o cümlədən natiqlik məharətinə də güvənir. Bu məharət isə həqiqətən də var.
Hər halda, bizi maraqlı və siyasi hadisələrlə zəngin bir dövr gözləyir”, – deyə Verdyan proqnozlaşdırır.
Rauf Orucov