Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moldovada böyük məlumat sızması: Prezident Təhlükəsizlik Şurasını iclasa çağırdı

Moldova prezidenti Maya Sandu hökumətin informasiya sistemlərinə edilən irimiqyaslı kiberhücumdan bir neçə gün sonra Ali Təhlükəsizlik Şurasının (CNS) iclasını çağırıb.

Süni intellektin köməyi ilə gerçəkləşdirildiyi ehtimal olunan hücum nəticəsində təxminən 750 min Moldova vətəndaşının şəxsi məlumatları ələ keçirilib.

Sandunun ofisi oktyabrın 29-da bəyanat yayaraq, hücumu qiymətləndirmək və müvafiq cavab tədbirlərini müəyyənləşdirmək üçün yaxın günlərdə iclasın keçiriləcəyini açıqlayıb.

Ölkənin Kibertəhlükəsizlik Agentliyinin rəhbəri Mixay Lupaşku AzadlıqRadiosuna müsahibəsində bu hadisəni indiyədək qeydə alınmış ən böyük və ən ciddi kiberhücum adlandırıb. Onun sözlərinə görə, son dərəcə mürəkkəb olan bu əməliyyat yüksək səviyyədə hazırlanıb və bir neçə dalğada həyata keçirilib.

Baş nazir Vasili Tofan isə daha əvvəl hökumət üzvlərinə bildirib ki, bu insidentdə xarici dövlət subyektlərinin iştirakı ilə reallaşdırılan daha geniş bir kampaniyanın əlamətləri görünür və müstəntiqlər hazırda onların bu hadisədəki rolunu araşdırırlar.

Bununla belə, baş nazir şübhəli ölkələrin adlarını açıqlamayıb.

Bir sıra Avropa ölkələrinin rəsmiləri aylardır ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda hibrid fəaliyyət kampaniyasının genişləndiyini vurğulayırlar. Bura açıq müharibə həddinə çatmayan, amma düşmənçilik xarakteri daşıyan kiberhücumlar, təxribatlar və miqrasiyadan təzyiq vasitəsi kimi istifadə edilməsi daxildir.

Qərbdən NATO üzvü olan Rumıniya, şərqdən isə müharibənin davam etdiyi Ukrayna ilə həmsərhəd olan Moldova özünü Rusiyanın irimiqyaslı işğalının fəsadlarından qorumağa çalışır.

Moldovanın Elektron Hökumət Agentliyinin (AGE) məlumatına görə, hücum ölkə əhalisinin təxminən yarısını — bir milyona yaxın insanı hədəf alıb. Belə ki, oktyabrın 19-dan 23-dək vətəndaşların şəxsi identifikasiya nömrələri (IDNP) ilə bağlı məlumatların ələ keçirilməsinə cəhdlər edilib.

Agentlik bəyan edib ki, sistemlərə icazəsiz girişin qarşısını almaq məqsədilə 82 rəqəmsal dövlət xidmətinin fəaliyyəti dayandırılıb, 30-dan çox informasiya sistemi isə şəbəkədən ayrılıb.