Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəncani barəsində çıxarılmış ölüm hökmü dəyişdirilib

İranın tanınmış iş adamı, milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəz edilib.

“Tasnim” agentliyi xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Asqar Cahangir bildirib.

Xatırladaq ki, 2016-cı il martın 6-da İran İnqilab Məhkəməsi əvvəllər neft satışı ilə bağlı korrupsiya ittihami üzrə həbs olunan Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib. Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin "israf edilməsi"ndə təqsirli bilinir. B.Zəncani 2012-ci ildə İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-nin "qara siyahısı"na daxil edilib. O, 2013-cü ilin dekabrında həbs olunub.

Qeyd edək ki, İran prezidentinin ovaxtkı müavini İshaq Cahangiri B.Zəncaninin adını çəkmədən bildirmişdi: "Neft gəlirinin 2,7 milyard dollardan artığının bir gəncin ixtiyarına verilməsinə təəccüb edirik. Əgər həmin maliyyə vəsaiti təkrar maliyyə sistemimizə qayıtmazsa, bu, İran üçün qara bir ləkə olacaq. İctimaiyyət bu pulların geri dönəcəyini səbirsizliklə gözləyir".