Əliyevin Ankaraya getməməsi ilə bağlı deyilənlər və deyilməyənlər
31 Oktyabr 2026
Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı keçirilib. Azərbaycanı bu tədbirdə prezident İlham Əliyev deyil, xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. Halbuki oktyabrın 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng vuraraq onu bu toplantıya şəxsən çağırmışdı.
Bəzi analitiklərin fikrincə, bu telefon danışığına marağı artıran əsas məqam son aylarda strateji müttəfiq olan bu iki ölkə arasında həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə fikir ayrılıqlarının, tənqidlərin və hətta ittihamların ortaya çıxması idi. Xüsusilə, sentyabrda BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri çıxış edərkən, bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi və Azərbaycan məktəblərində vahid geyim forması ilə bağlı dəyişikliklər tərəflər arasında qarşılıqlı iddialara yol açmışdı.
Türkiyədəki bəzi dairələr Azərbaycanı İsraillə əməkdaşlıqda və şagirdlərin məktəbə hicabla daxil olmasına mane olmaqda günahlandırırdı. Türkiyə prezidentinin baş müşaviri Oktay Saral da "X" platformasında etdiyi paylaşımda təhsil hüququnun ideoloji müdaxilələrə qurban verilməməli olduğunu bildirmişdi: "Gənclərin gələcəyinə əngəl törətmək yox, onların yolunu açmaq lazımdır".
Prezident Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) isə ona belə cavab vermişdi: "Baş örtüyü kimi həssas mövzulardan siyasi manipulyasiya və bölücülük aləti kimi istifadə olunması nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir".
Azərbaycan rəsmiləri bəyan edirlər ki, İsrail-Fələstin münaqişəsində BMT-nin "iki dövlət" konsepsiyasını dəstəkləyirlər.
Təhlilçilərin fikrincə, bu ərəfədə tərəflər arasında gərginliyin artmasında oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə yaşanan bəzi hadisələr də az rol oynamayıb. Türkiyə mediasında yer alan məlumatlara görə, İsrail dövlət başçısının tədbirdəki çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan zalı tərk edib və bəzi ölkələrin təmsilçiləri də ona qoşulublar.
Bu məlumatlarla bağlı Azərbaycanda hər hansı rəsmi açıqlama olmasa da, rəsmi Bakının deyilən məsələdən qəti narazı qaldığını çoxları təxmin edirdi.
Bütün bunlarla belə oktyabrın 21-də Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, liderlərin telefon söhbətində "Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini vurğulayıb". Əliyev də öz növbəsində "Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdi".
Bu zəngin ardınca hicaba görə tənqidi status yazan baş müşavir O.Saral vəzifəsindən azad edildi. Həmçinin bəzi çıxışlarına görə Azərbaycan hakimiyyətini zorla dəyişdirməkdə günahlandırılaraq Bakıda "arzuolunmaz şəxslər" siyahısına salınan bəzi şəxslərin Türkiyədə saxlanılması barədə məlumatlar yayıldı. Amma bütün bunlara baxmayaraq, Əliyevin TDT-nin Ankaradakı toplantısına qatılmaması Azərbaycan-Türkiyə gərginliyi ilə bağlı müzakirələri yenidən qızışdırdı.
Ankaradan gecikmiş addım
Azərbaycan prezidentinin TDT toplantısına qatılmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcədən planlaşdırılmış proqrama uyğun olaraq, oktyabrın 30-da Azərbaycanda keçirilən FIFA U-15 dünya çempionatının bağlanış və mükafatlandırma mərasiminə qatılacaq. Bununla belə, yazıda o da qeyd edilirdi ki, rəsmi protokol səbəbi ilə yanaşı, Prezident Əliyevin Türkiyəyə səfər etməməsi ətrafında daha geniş müzakirə açmaq mümkündür. Müəllif hesab edir ki, artıq bir aydır Türkiyədə Azərbaycana, onun liderinə, xalqına və dövlətinə qarşı əsassız, çirkin bir kampaniya aparılır: "Əslində, bu kampaniya son bir ayda intensivləşsə də, proses daha əvvəl başlayıb... Əsas mövzu isə Azərbaycan-İsrail əməkdaşlığıdır".
Müəllifə görə, bu kampaniyanı idarə edənlər Azərbaycanın öz xarici siyasi və iqtisadi əlaqələrini mütləq Türkiyənin istəyinə uyğun qurmalı olduğunu düşünürlər. Yazıda rəsmi Ankaranın bu prosesə çox gec müdaxilə etdiyi və müəyyən addımlar atmağa çalışdığı vurğulanır: "Əgər Ankara bu addımları vaxtında atsaydı, qızışdırıcılıq bir yana, seyrçi mövqe tutmasaydı, vəziyyət bu yerə gəlib çıxmazdı".
"Bu, Türkiyənin veto hüququnu tanımamaqdır"
"Xəzər" Tədqiqat və Analiz Mərkəzinin rəhbəri Elman Fəttah da Əliyevin TDT toplantısına qatılmamasını Azərbaycan-İsrail münasibətləri kontekstində şərh edib. O hesab edir ki, Əliyevin həmin sammitə getməməsi "qardaş ölkə" ilə münasibətlərdə görünməmiş bir mərhələdir: "Əliyev Ankara-Bakı arasındakı gizli gərginliyi planlaşdırılmış bir qərarla dini müstəviyə daşıyır. O, özünün İsrail seçimini "dünyəvi dövlət modelini Ankaranın dini-siyasi təsirindən qorumaq" kimi cəlbedici bir narrativə bükür. Bakı Ankaranın ən güclü rıçaqını işə salmayacağına əmindir. Azərbaycan nefti müharibə dövründə belə Türkiyə üzərindən İsrailə fasiləsiz axıb. Bu, onu göstərir ki, Türkiyə Azərbaycanla münasibətləri riskə atmağa hazır deyil. Bakı bu asimmetriyanı düzgün oxuyur və Ankaranın sonsuza qədər dözəcəyinə mərc edir".
Onun fikrincə, bu, heç də Türkiyədən imtina etmək demək deyil: "Bu, Türkiyənin veto hüququnu tanımamaqdır".
Rusiya-İran-Çin üçlüyü ilə münasibətlər
Amma bu məsələni Azərbaycanda heç də hamı sırf İsrail amili ilə izah etmir. Bəzi siyasi şərhçilərin qənaətinə görə, Avropa İttifaqı-NATO xətti ilə yaxınlaşmaqdan rəsmən imtina edən Azərbaycan hakimiyyəti son qərarı ilə artıq Türkiyədən də tədricən məsafə saxlamağa başlayır.
Onların sözlərinə görə, Azərbaycan hakimiyyəti açıqca görür ki, yeni bölgüdə Cənubi Qafqaz və Mərkəzi Asiya Çin ilə Rusiyanın təsir coğrafiyası kimi saxlanacaq. NATO və Avropa İttifaqının regiona ənənəvi üsul və vasitələrlə giriş layihələri isə ləğv ediləcək.
"Ailə fotosunda ayrılığa yer yoxdur"
TDT toplantısını işıqlandıran Türkiyə media orqanları da Azərbaycan prezidentinin Ankaraya gəlməməsini xatırlatmağı unutmayıblar. Hətta onlar sammitdə Türkiyə prezidenti Ərdoğanın işlətdiyi "ailə fotosunda ayrılığa yer yoxdur" ifadəsinin Əliyevə üstüörtülü bir mesaj olub-olmaması sualına cavab axtarmağa çalışırlar.
Türkiyənin "Sözçü" qəzeti yazır ki, iki ölkə arasında hicab mövzusunda başlayan mübahisə suverenlik və daxili işlərə müdaxilə kontekstində müzakirələrə yol açıb. Yazıda o da vurğulanır ki, bugünlərdə BMT baş katibinin seçilməsində tərəflərin fərqli mövqe sərgiləməsi də iki ölkə arasındakı münasibətləri gərginləşdirə bilər.
Söhbət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehdən gedir. Azərbycan Xarici İşlər Nazirliyi onun BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsini alqışlayıb. Nazir isə X hesabında bu dəstəyi qiymətləndirdiyini yazıb.
BƏƏ naziri indiyədək BMT-nin baş katibi postuna namizədliyi irəli sürülmüş 10 siyasətçidən biridir. Onlardan üçünün namizədliyi geri götürülüb.