'Ödənişlər bitib, arayış vermirlər' - Natamam binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
31 Oktyabr 2026
“Hissə-hissə ödənişlər çoxdan bitib. Şirkət borcun olmaması barədə maliyyə arayışı verməlidir ki, mənzil sahibi sonrakı addımlarını ata bilsin”.
7-8 il öncə paytaxtın Yeni Günəşli qəsəbəsində qiymət nisbətən ucuz olsun deyə, tikinti gedə-gedə mənzil almaq istəyən sakinlər illərdir müxtəlif problemlər məngənəsindədir. Öncə məlum oldu ki, binada eyni mənzillər bir neçə nəfərə satılıb, bu üzdən inşaat şirkətinin rəhbərliyi haqqında cinayət işi başlanıb, tikinti yarımçıq qalıb. Uzun müddət prokurorluq, məhkəmə yollarında qalan mənzil sahibləri indi də başqa bir problemlə üzləşiblər – evlərinin pulunu tam şəkildə ödəsələr də, bunu təsdiqləyən arayışı ala bilmirlər.
Sakinlərdən birinin AzadlıqRadiosuna bildirdiyinə görə, indi də problemin həllinə çalışırlar. Bu məqsədlə məhkəməyə müraciət olunub:
“Hissə-hissə ödənişlər çoxdan bitib. Şirkət borcun olmaması barədə maliyyə arayışı verməlidir ki, mənzil sahibi sonrakı addımlarını ata bilsin”.
Şirkət sahibinə şərti cəza kəsilib
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivindəki hündürmərtəbəli yaşayış binasını “Sahil-S İnşaat” Mənzil-Tikinti Kooperativi inşa edib. 2018-2019-cu illərdə sakinlər orada kvadrat metri 800-900 manatdan mənzil alıblar. 2022-ci ilin aprelində “Sahil-S İnşaat” MTK-nın sədri Taley Alaverdiyev və “GG Company” MMC-nin direktoru Pənah Kərimov Yeni Günəşlidəki binada eyni mənzilləri bir neçə nəfərə satmaqda ittiham edilərək həbs olunub. Onların işi üzrə istintaq və məhkəmə prosesi 4 ildən çox çəkib və 2026-cı ilin mayında hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə T.Alaverdiyev azadlıqdan məhrum edilib, P.Kərimova isə şərti cəza kəsilib.
Bu işin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İstintaq dövründə müxtəlif qurumlara sorğular, məktublar göndərilib. Yarımçıq qalmış tikilidən mənzil alan vətəndaşlara kömək məqsədilə qərara alınıb ki, qalıq borclar toplansın, tikinti tamamlansın.
Binanın tikintisinə məsul şəxslər tikintini dayandırdıqlarından, mənzil alanlar öz vəsaitləri hesabına bu işləri başa çatdırıblar. Bunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Mehman Hümbətov sakinlərdən birinin şikayəti üzrə Suraxanı rayon Məhkəməsində gedən araşdırma zamanı sorğuya cavabında yazıb. Vətəndaşların yenidən aldadılmaması üçün tikinti prosesinin davam etdirilməsi prosesini Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nəzarətdə saxlayıb.
Ayrı-ayrı sakinlərin şikayətləri əsasında Suraxanı, Nərimanov rayon məhkəmələrində aparılan araşdırmalar zamanı məlum olub ki, binanın tikintisinə kredit borcu olanlardan əlavə, ümumi sakinlərdən yığılan vəsait də xərclənib.
“Xərc çək, vəkil tut, məhkəmə yollarında qal”
AzadlıqRadiosuna danışan sakin deyir ki, oktyabrın 15-də Nərimanov Rayon Məhkəməsində borcun olmaması haqda maliyyə arayışının verilməsi barədə daha bir qərarın çıxarılmasına nail olublar: “Təbii ki, yaxşı qərardır, iddia təmin olunub. Amma ən adi məsələyə görə sakinlər niyə məhkəmə yollarında qalmalıdır? Xərc çək, vəkil tut, məhkəmə yollarında qal... İllərlə davam edən əzab-əziyyət”.
Tikintisi davam edən binalardan mənzil almaq istərkən dələduzluqla üzləşənlərin sayının artmasını nəzərə alan Baş Prokurorluq bir müddət öncə bu məsələ ilə əlaqədar vətəndaşlara müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, hələ 2023-cü ildə tikinti şirkətlərinin 100-dən artıq vəzifəlisi eyni mənzilin bir neçə adama satılması, tikintinin yarımçıq saxlanması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib. Buna baxmayaraq, belə hallar davam edir.
Baş Prokurorluq tövsiyə edib ki, belə binalarda mənzil almamışdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlasınlar, alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etsinlər və sairə.
Yeni Günəşli qəsəbəsində sözügedən binanın sakinlərinə qarşı dələduzluq 2025-ci ildə siyasi fəal Tofiq Yaqublunun məhkəməsi gedən ərəfədə də gündəmə gəlmişdi. Çünki Pənah Kərimovu ev dustaqlığına buraxmış hakim Elnur Nuriyev T.Yaqublunun məhkəməsində bu haqda çoxsaylı vəsatətləri rədd edirdi. Yaqublu dələduzluq ittihamıyla 9 il həbs cəzası aldı. Özü şərləndiyini deyir. Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.