Zelenski Trampın "Patriot" raket istehsalı vədinə inanmır
13 Avqust 2026
Donald Trampın Ukraynaya "Patriot" sistemləri üçün raketlərin sərbəst istehsalına icazə verilməsi ilə bağlı vədinin necə həyata keçiriləcəyinə dair hələ də şübhələr var.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.
V.Zelenski qeyd edib ki, "Patriot" komplekslərinin istehsalçıları bu məsələni müzakirə etmək üçün artıq öz nümayəndələrini Kiyevə göndəriblər, lakin hələlik konkret nəticə yoxdur.
"Ümid edirəm ki, buna nail olacağam. Məndə hazırda ("Patriot" raketlərinin lazımi miqdarının) heç 5%-i belə yoxdur. Bu, mənim üçün böyük çağırışdır, bu müharibənin əvvəlindən bəri qarşılaşdığım ən böyük çağırışlardan biridir", - V.Zelenski bildirib.
O bildirib ki, Ukrayna Rusiyanın ballistik hücumlarına qarşı mübarizə aparmaq üçün lazım olan zenit-raket komplekslərinin yalnız onda birinə malikdir.
"Bu il bizim 2025-ci illə müqayisədə 2,5 dəfə az, Rusiyanın isə ayda əvvəlkindən iki dəfə çox ballistik raketi var. Hər gecə hücumlar olur və ayda dörd və ya beş dəfə bizə kütləvi hücumlar baş verir. Əgər ABŞ bizə 5 % satsa, qışı keçirəcək və insanların həyatını xilas edəcəyik. Əgər onlar bizə 10 % sata bilsələr, Rusiyanın bütün ballistik raketlərini məhv edəcəyik. Məndə isə 1 % var", - Ukrayna Prezidenti deyib.
Daha əvvəl Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində bildirmişdi ki, Ukraynaya "Patriot" raketlərinin sərbəst istehsalı üçün lisenziya almağa icazə verəcək. Lakin bir neçə gün sonra ABŞ Prezidenti bu ideyanın məqsədəuyğunluğuna şübhə etdiyini deyib.