Ermənistanda müxalif mer namizədi həbs edildi
22 Oktyabr 2026
Ermənistanın “Güclü Ermənistan” partiyasından Stepanavan şəhər merliyinə namizəd Arsen Gevorqyan 2 ay müddətinə həbs edilib.
TASS xəbər verir ki, bu barədə parlamentdəki müxalif partiya fraksiyasının katibi Tiqran Abramyan məlumat verib.
“Güclü Ermənistan” partiyasından Stepanavan merliyinə namizəd Arsen Gevorqyan iki ay müddətinə həbs olunub, onun daha iki tərəfdaşı isə məhkəmənin qərarı ilə iki aylıq ev həbsinə məhkum edilib”, – deyə Abramyan bildirib.
Oktyabrın 21-də “Güclü Ermənistan” partiyası tərəfdarlarının saxlanılması və evlərində axtarış aparılması barədə məlumat yayıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada isə rüşvət vermə və alma, habelə seçicilərin ələ alınmasına köməklik göstərilməsi maddələri ilə qaldırılmış cinayət işi çərçivəsində 14 nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, avqustun 1-də Narek Karapetyan “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri seçilib.
Məlumat üçün bildirək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası 49,7% səs toplayaraq qalib gəlib və hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb. Ölkənin ən varlı şəxslərindən olan Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 23,2% səs toplayaraq ikinci yeri tutub.