Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski təsdiqlədi: "Rosatom"un konteyner gəmisi batırılıb, iri neft emalı zavodu vurulub

Qara dənizdə "Rosatom" Dövlət Korporasiyasına məxsus konteyner gəmisi Ukraynanın dəniz pilotsuz aparatlarının hücumuna məruz qalıb.

Bu barədə “Sputnik” "Rosatom"un Baş direktoru Aleksey Lixaçova istinadən məlumat yayıb.

"Bu, beynəlxalq sularda hərəkət edən və dondurulmuş ərzaq məhsullarından tutmuş tikinti və üzlük materiallarınadək mülki yüklər daşıyan adi mülki konteyner gəmisi idi", – deyə "Rosatom"un rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, hücum nəticəsində konteyner gəmisi batıb.

Lixaçov bildirib ki, gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib, onların vəziyyəti qənaətbəxşdir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan "Yanina" konteyner gəmisi vurularaq batırılıb.

Zelenski əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Başqırdıstanda yerləşən üç Rusiya neft emalı zavodunun infrastrukturunu da hədəfə alıb.

"Hədəflər təxminən 1600 kilometr məsafədə yerləşirdi. Bunlar ildə milyonlarla ton neft emal edən zavodlardır. Dəqiq zərbələrə görə təşəkkür edirəm", – deyə Ukrayna Prezidenti vurğulayıb.

Prezident Ukrayna hərbçilərinə təşəkkür edərək bildirib ki, zərbələr yalnız Rusiyanın müharibəni təmin edən obyektlərinə endirilir və uzaqmənzilli zərbələr planı mərhələli şəkildə həyata keçirilir.