Zelenski: "Silah-sürsatımız yoxdur, Rusiya ilə danışıqlara hazıram"
16 Aprel 2024
Ukrayna Rusiya ilə danışıqlara hazırdır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour”
telekanalına müsahibəsində deyib.
O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara
hazırdır:
“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva
müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.
V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh
Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit
Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.
Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də
müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan
gəlməlidir”.
V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa
düşürlər:
“Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi
tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa
düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar
bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər”.
Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:
“Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar”.
V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ
bilməyəcək:
“Açığını deyim ki, Konqresin yardımı olmadan bizim
qalib gəlmək şansımız olmayacaq. Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur.
Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək.Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan
daha üstündür".
O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə
zərbələr endirir.