Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski iki yol göstərdi: “Ya bizə yardım verilməlidir, ya da Rusiya ilə NATO arasında müharibə olacaq”

Ukrayna Prezidenti Vladimir Zelenski İsveç və Finlandiyanın NATO-ya inteqrasiyasını dəstəklədiyini bəyan edib.

Bu barədə Ukrayna lideri NATO-nun Madrid Sammitində videoformatda çıxışında deyib.

“İsveç və Finlandiyanın NATO-ya üzv ola bilməsi vacibdir ki, təşkilatınız onları müdafiə edə bilsin”, - o bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, sülh naminə NATO-nun şərq sərhədləri ilə bağlı yanaşma dəyişməlidir: “Alyansın şərqdəki bütün üzvlərinin, bütün qonşularımızın Ukraynanın NATO-ya üzvlüyünə tərəfdar olması təsadüfdürmü? Xeyr, bu təsadüf deyil. Bu, məntiqli yanaşmadır. Çünki onlar bizmi regionumuz barədə, buradakı həyat barədə məlumatlıdırlar. Ukrayna kifayət qədər bədəl ödəməyibmi? Həm Avropanın, həm də bütövlükdə sivilizasiyanın qorunub saxlanmasına verdiyimiz töhfə kifayət deyilmi? Yəni başqa nə lazımdır? Bizə lazım olanı deyə bilərəm: bizə təhlükəsizlik zəmanəti lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Alyansın iki yolu var: “Ya Ukraynaya qələbə üçün kifayət qədər təcili yardım verməlidir, ya da Rusiya ilə NATO arasında təxirə salınmış müharibə olacaq”.

Ukrayna Prezidenti bildirib ki, Rusiya Avropanı alçaltmağa çalışır: “Aclıq Avropada miqrasiya dalğaları yaratmaq üçün bir alətdir, təzyiq vasitəsidir. Eyni şey enerjiyə də aiddir. Rusiya bunu sizi alçaltmaq, tamamilə asılı vəziyyətə salmaq, azadlığınızdan imtina etmək üçün edir”.

Zelenski bildirib ki, Ukrayna və NATO eyni məqsədləri bölüşür: “Bizim də sizinlə eyni məqsədlərimiz var: Avropada və dünyada sabitlik. Buna görə də bu hücuma ləyaqətlə cavab vermək üçün bizə köməklə bağlı sizdən dəstək istəyirik. Bütün Atlantik cəmiyyəti vahid cəbhə yaratmalıdır.

Bu, Ukraynaya qarşı müharibə deyil. Bu, Avropada yeni qaydalar yaratmaq və yeni dünya nizamını təmin etmək üçün aparılan müharibədir”.

Ukrayna Prezidenti qeyd edib ki, dinc sakinləri Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün Ukraynanın müasir raketlərə və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var: “Onları bizə verməklə, siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhalini qorxutmaq taktikasını tamamilə poza bilərsiniz. Bu, əsas məqamdır. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə edilən raketlərin məsafəsindən azdır. Tərəfdaşların köməyi olmadan dövlət belə bir təhlükəyə necə cavab verə bilər? Siz bu yardımı bizə edə bilərsiniz. Bizim, həmçinin daha çox artilleriyaya ehtiyacımız var”.

Zelenski Ukraynanı təkcə silahla deyil, həm də Rusiyaya qarşı maliyyə və sanksiyalarla dəstəkləməyə çağırıb.