Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
26 Oktyabr 2026
Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün yenidən qurulması üçün tender prosesi başa çatdırılıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir bildirib ki, Qars vilayətində yerləşən tarixi körpünün bərpası üçün sentyabrın 16-da tender keçirilib, sentyabrın 28-də isə müvafiq müqavilə imzalanıb.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında mayın 4-də İrəvanda imzalanmış protokola əsasən, bərpa işləri iki ölkənin birgə komissiyasının koordinasiyası ilə həyata keçiriləcək.
Uraloğlu qeyd edib ki, X əsrdə İpək Yolu üzərində inşa edilmiş körpünün hazırda yalnız dayaq qalıqları mövcuddur. Uzunluğu 80, eni isə 8 metr olan tarixi tikilinin 31 metrlik tağ hissəsi 1807-ci ildə dağılıb.
Nazir vurğulayıb ki, layihənin əsas məqsədi İpək Yolunun mühüm tarixi abidələrindən birini bərpa edərək gələcək nəsillərə ötürməkdir.